“Rusiya ilə Türkiyə qonşu dövlətlər sayılırlar” Siyasət

“Rusiya ilə Türkiyə qonşu dövlətlər sayılırlar”

Tofiq Abbasov: "Bu münasibətlər isə hər iki dövlət üçün önəmlidir"

Fazil Mustafa: "Ən azından gərginlikdə qalmayacağıq"

"Əslində ölkə başçıları, liderlər hər zaman qarşılıqlı əməkdaşlıq xətlərinin qurulmasını təmin etmək, münasibətləri inkişaf etdirmək üçün görüşürlər. Əlbəttə ki, Rusiya ilə Türkiyə qonşu dövlətlər sayılırlar. Onlar Qara dənizdə həmsərhəddirlər. Bu münasibətlər isə hər iki dövlət üçün önəmlidir". Bu fikirləri politoloq Tofiq Abbasov Rusiya və Türkiyə prezidentlərinin görüşünü şərh edərkən deyib. Əgər dövlətlər arasında illər uzunu qurulan münasibətlər zədələnirsə, o zaman onları yenidən formalaşdırmağa, itirilmiş imkanları yenidən bərpa etməyə ehytiyac var. Putin və Ərdoğan arasındakı görüşdə də çox güman ki, münasibətlərin yaxşılaşdırılması istiqamətində konkret addımların atılmasına diqqət yetiriləcək. Onlar çalışacaqlar ki, münasibətlərin inkişafı yolunda yeni zirvələr qət etsinlər.
Düşünürəm ki, bu görüşdən səmərə gözləməyə dəyər. Çünki hər iki ölkənin bir-birində marağı böyükdür. Əminəm ki, bu görüş və orada qəbul ediləcək qərarlar bütünlükdə dünyada gərginliyin azaldılmasına xidmət edəcək".
Millət vəkili Fazil Mustafa isə bildirib ki, belə bir yaxınlaşma ölkəmiz üçün də faydalıdır: "Türkiyə və Rusiyanın yaxınlaşması o deməkdir ki, ən azından biz gərginlikdə qalmayacağıq. Türkiyə-Rusiya yaxınlaşması bizim də maraqlarımızın müəyyən qədər Rusiyanın diqqətinə çatdırılması baxımından önəmlidir. Biz Türkiyə və Rusiya arasında əlaqələrin intensivləşməsini istəyirik. Çünki Avropanın Türkiyəyə qarşı tutumu arzuedilməzdir və Türkiyəyə zərbə vurmağa hesablanıb. Türkiyənin daha yaxın müttəfiqə ehtiyacı var. Belə bir müttəfiq isə Rusiyadır".