“Cənubi Qafqazın sabitliyi NATO-nun əsas məqsədlərindən biridir” Siyasət

“Cənubi Qafqazın sabitliyi NATO-nun əsas məqsədlərindən biridir”

NATO Parlament Assambleyasının sədri Paolo Alli Tiflisdə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ilə görüşüb.
NATO Parlament Assambleyasının yaz sessiya çərçivəsində keçirilən görüşdə Paolo Alli Gürcüstanın Avropa və Avroatlantik məkana tam inteqrasiyasını dəstəklədiyini bildirib. O qeyd edib ki, regionda sabitliyin bərqərar olması NATO-nun əsas məqsədlərindən biridir. Paola Alli Gürcüstanın nəinki regional, həm də qlobal təhlükəsizlik məsələlərində böyük rol oynadığını bildirib.
Görüşdən sonra keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandıran İrakli Kobaxidze bildirib ki, Avroatlantik strukturlara inteqrasiya Gürcüstanın əsas prioritetlərindən biridir. O qeyd edib ki, NATO PA-nın yaz sessiyasının Tiflisdə keçirilməsi bu prosesi daha da sürətləndirəcək. P. Alli isə NATO PA-da müzakirə olunacaq məsələlərin əhəmiyyətini önə çəkərək qəbul olunacaq sənədin və tövsiyələrin bütün ölkələr üçün vacib olduğunu bildirib.
Qeyd edək ki, NATO PA-nın yaz sessiyasında Azərbaycan nümayəndə heyəti də iştirak edir. Ölkəmizi Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılıq etdiyi deputat qrupu təmsil edir.