“Anti-Azərbaycan qüvvələrinin ölkəmizin daxili işlərinə qarışmaq cəhdi hər zaman olub” Siyasət

“Anti-Azərbaycan qüvvələrinin ölkəmizin daxili işlərinə qarışmaq cəhdi hər zaman olub”

Məlahət İbrahimqızı: "Azərbaycana qarşı imperialist maraqların olduğunu görmək mümkündür"

"Anti-Azərbaycan qüvvələrinin ölkəmizin daxili işlərinə qarışmaq cəhdi hər zaman olub. Həmin qüvvələr tək bu gün deyil, tarix boyu Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarını mənimsəmək, talan etmək ambisiyası güdüblər. Tarixə baxsaq, istənilən dövrdə Azərbaycana qarşı sümürgəçi imperialist maraqların olduğunu görmək mümkündür". Bu fikirləri deputat Məlahət İbrahimqızı deyib. Deputatın sözlərinə görə, vaxtilə Azərbaycan xalqı ölkəmizə qarşı edilən təzyiq cəhdlərinin ağır bədəlini ödəsə də, hazırda yeni texnologiyalar əsrinin mövcudluğu sayəsində insanlarımız dünyada baş verən bütün hadisələrdən xəbərdardır və bu cür hadisələrin qarşısını anında ala bilir: "Artıq vətəndaşlarımız ölkəmizə qarşı olan qüvvələrin niyyətlərini, münasibətlərini anında hiss edir. Azərbaycan müstəqillik qazandıqdan sonra , xüsusilə də 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin, 2003-cü ildə isə Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra bizi sevməyən qüvvələrin layihələri darmadağın oldu və onlar niyyətlərinə çata bilmədilər. Ölkə başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan güclü dövlətdir, ölkəmizdə xalq-hakimiyyət birliyi var. Belə olan halda, ölkəmizin inkişafını gözü götürməyən qüvvələrin istəkləri hər zaman iflasa uğrayacaq və onlar istəklərinə nail ola bilməyəcəklər".
M. İbrahimqızı qeyd edib ki, bir sıra hallarda həmin qüvvələrin ölkəmizə qarşı hər hansı kampaniyanı məhz Azərbaycanın daxilində olan anti-milli qüvvələrin vasitəsilə həyata keçirmək istəyi təəssüfedici haldır: "Lakin Azərbaycanda elə qüvvələrə yer yoxdur. Bu gün insanlarımız Misir, İraq, Suriya və digər müsəlman ölkələrində nələrin baş verdiyini çox yaxşı görür və onların uçurumda olduğunu anlayır. Həmin xalqlar məhz dağıdıcı qüvvələrin sayəsində tarix boyu yaşadıqları vətənlərində ağır tale yaşayır, fəlakətlərlə üz-üzə qalırlar. Günahsız qadın və uşaqlar Aralıq dənizində sulara qərq olurlar. Ona görə də, bu gün Azərbaycan insanı ayıq-sayıqdır. Xalqımız bu acıları, Xocalı, 20 Yanvar faciələrində yaşayıb. Azərbaycan xalqı bilir ki, dünyadakı qlobal təhlükələr fonunda dövləti kim idarə edə bilər. Bu gün dünyanın taleyi liderlərin əlindədir. Bu gün Ukraynanın güclü lideri olsaydı, əlbəttə həmin ölkə dağılmaz, iki yerə bölünməz və vətəndaş müharibəsi olmazdı. Bu mənada anti-Azərbaycan qüvvələrinin ölkəmizlə bağlı müxtəlif layihələri davam edir və onlar müxtəlif ölkələrin vasitəsilə ölkəmizə təzyiq etməyə cəhd edir, xaos yaratmaq istəyirlər. Ölkəmizin güclü lideri sayəsində onlar heç zaman istəklərinə çata bilmir və bundan sonra da niyyətlərini həyata keçirə bilməyəcəklər. Azərbaycan prezidenti güclü, cəsarətli iradəyə sahibdir və Dövlət başçısı hər zaman qeyd edir ki, Azərbaycanın ərazi bütövlüyü toxunulmaz, əbədi və müstəqildir".