“Mükəmməl müqavilə üzərində iş gedir” Siyasət

“Mükəmməl müqavilə üzərində iş gedir”

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev mətbuata açıqlamasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq prinsiplərə söykənən mükəmməl müqavilə üzərində iş getdiyini bildirib.
Rövşən Rzayevin sözlərinə görə, müqavilə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar əsasında olacaq: "Dünyada gedən proseslər onu göstərir ki, böyük dövlətlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi addım atmalıdırlar. Onsuz da insanlar böyük konfiliktlərlə üzləşirlər. Ona görə də bu problemləri aradan qaldırmaq lazımıdır. İnsanlar siyasətin qurbanına çevrilməməlidir. Düşünürəm ki, ədalət Azərbaycan tərəfində olduğuna, beynəlxalq hüquq, beynəlxalq hüquqsuzluğa uduzduğuna görə, böyük dövlətlər buna daha dərindən diqqət yetirməlidirlər. Regionda maraqları olan böyük dövlətlər artıq bu məsələyə öz mövqelərini daha ciddi şəkildə ortalığa qoymalıdırlar və bu istiqamətdə mühüm işlər gedir".
Deputat danışıqlar prosesindəki bir çox hallardan xəbərsiz olduğu deyib: "Çünki, danışıqlar ölkə prezidentləri, xarici işlər nazirləri səviyyəsində gedir. Görüdüyümüz odur ki, artıq vaxt tamamlanır. Ya görülən işlər daha böyük münaqişəyə səbəb olacaq, ya da həllini tapacaq. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün ortada bir çox layihə var. Hansılar ki, öz bəhrəsini verə bilər. Ölkə prezidentinin şəxsi nüfuzunun dünya prezidentləri yanında yüksək olduğunu, Azərbaycanın bu məsələdə haqlı olduğunu bilirik. Ona görə də inanıram ki, Azərbaycanın yürütdüyü siyasət öz nəticəsini verməlidir. Dünyada gedən proseslər, Azərbaycanın mövqeyi, dünyaya xoş mesajlar verməsi məni bu əminliyə gətirir ki, qısa zamanda ölkəmiz öz ərazi bütövlüyünü təmin edəcək. Bu da müqavilə çərçivəsində olacaq. Bu müqavilə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar əsasında olacaq. Yəni, br daha qeyd edim ki, beynəlxalq prinsiplərə söykənən mükəmməl müqavilə üzərində iş gedir və nəticəsini yaxın zamanlarda gözləyirik. Bütün hallarda Azərbaycan ərazi bütövlüyünü təmin etməkdə israrlıdır və buna nail olacaq".