“Şimali Koreya ABŞ-a raket zərbəsi endirərsə...” Siyasət

“Şimali Koreya ABŞ-a raket zərbəsi endirərsə...”

Mübariz Əhmədoğlu: "Bu zaman dünya üçün təhlükəli vəziyyət yaranar"

"Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsi Cənub - Şərqi Asiya regionu dövlətləri üçün kifayət qədər ciddi təhlükədir. O nüvə silahına sahib olan dövlətdir və proqnozlaşdırılmayan siyasət aparır. Həmçinin Şimali Koreyanın heç bir dövlətlə münasibəti yoxdur". Bu fikirləri politoloq Mübariz Əhmədoğlu deyib.
O hesab edir ki, Şimali Koreya dünya üçün yox, qonşu dövlətlər və ABŞ üçün təhlükə yaradır: "Əgər Şimali Koreya ABŞ-a raket zərbəsi endirərsə, bu zaman dünya üçün təhlükəli vəziyyət yaranar. Çünki belə hadisə baş verəcəyi halda, ABŞ onu yer üzündən siləcəyini deyib. Son dövrlərdə ABŞ hərbçilərinin davranışı göstərir ki, onların peşəkarlığında kifayət qədər ciddi qüsur var. Ehtimal olunur ki, ABŞ-ın Şimali Koreyaya qarşı keçirdiyi əməliyyatdan Cənubi Koreya da, Yaponiya da əziyyət çəkə bilər. ABŞ hərbçilərinin atdığı raketlər adıçəkilən iki qonşu dövlətin ərazisinə düşə bilər. Əgər ABŞ hərbçiləri Çinin yaxınlığında ciddi səhv etsə, Çin ABŞ-a qarşı müharibəyə qoşula bilər".
Politoloq deyib ki, beynəlxalq birlik Şimali Koreyaya qarşı mübarizə aparmır və aparmaq fikri yoxdur. Çünki ABŞ-ın o regionda apardığı siyasət Rusiya və Çini kifayət qədər ehtiyatlı mövqe tutmağa vadar edir: "Hazırda Çin və Rusiya ABŞ-ın Şimali Koreya üzrə siyasətini dəstəkləmir. ABŞ sanksiya variantını təklif edib reallaşdırır, əgər Rusiya bu sanksiyaları dəstəkləsə, deməli, Rusiya ABŞ-ın onun özünə qarşı sanksiyalarının legitimliyini tanıyır. Çinin isə başqa məqsədi var. Çin hesab edir ki, ABŞ-a qarşı müəyyən hədə olmalıdır. Rusiya da ABŞ-ın təhlükə hiss eləməli olduğunu düşünür". M.Əhmədoğlu bildirib ki, beynəlxalq birliyin Şimali Koreyaya qarşı mübarizəsi yoxdur, ABŞ-ın bu istiqamətdə siyasəti dəstək qazanmayıb: "ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın dövlət rəhbəri Kim Çen İnin gah lehinə, gah əleyhinə bəyanat verir. Bəzən ABŞ Rusiya və Çinlə bu məsələdə tamam ziddiyyətli siyasət aparır. Ona görə də ABŞ Şimali Koreyaya qarşı koalisiya yarada bilmədi".