Ukrayna Ali Radasında görüş Siyasət

Ukrayna Ali Radasında görüş

Dünən Ukrayna Ali Radasında Avropadakı Azərbaycan diaspor təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.
Avropa Azərbaycanlıları Konqresi (AAK) ilə Ukrayna-Azərbaycan parlamentlərarası İşçi qrupu arasında keçirilən görüşdə Niderland, Almaniya, Belçika, İsveç, Finlandiya, Macarıstan, Estoniya və digər ölkələrdəki Azərbaycan icma rəhbərləri iştirak ediblər.
Görüş zamanı Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy Azərbaycan diasporunun fəaliyyətindən danışaraq bildirib ki, azərbaycanlıların Ukraynanın ictimai-siyasi həyatındakı fəaliyyətini yüksək qiymətləndirir: "Dünyada 20 milyondan çox ukraynalı bizim diasporumuzu təmsil edir. Biz diasporumuzu yeni qururuq və 20 ildən çoxdur dünyada formalaşan Azərbaycan diasporunun dəstəyinə ehtiyacımız var".
O bildirib ki, Ukrayna ilə Azərbaycan arasında sənaye, iqtisadi və siyasi mənada əlaqələr yüksələn xətt üzrə inkişaf edir və burada Azərbaycan diasporunun rolu danılmazdır: "Həm Ukrayna , həm də Azərbaycan işğaldan əziyyət çəkir. Bizim problemlərimiz ortaqdır. Ukrayna kimi Azərbaycanın da ərazisi işğal olunub. Demək olar ki, düşmənlərimiz eynidir. Ölkələrimiz separatizmdən əziyyət çəkir".

İki ölkənin bir birinə dəstəyindən danışan Maksim Kuryaçiy bildirib ki, bu ilin sonuna kimi Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfəri gözlənilir: "Biz bu səfəri səbirsizliklə gözləyirik. Bu səfər çərçivəsində ölkələrimiz üçün ciddi sənədlər imzalanacaq, hazırda onların üzərində işlənilir".
AAK prezidenti Sahil Qasımov isə çıxış edərək Ukraynada yaşayan yarım milyona qədər azərbaycanlının Avropada böyük güc olduğunu, qitədə yaşayan azərbaycanlıların vahid güc ətrafında birləşməsi prosesində bu faktorun önəmli olduğunu qeyd edib: "Biz hər zaman Avropada ukraynalılarla qarşılıqlı dəstək nümayiş etdirmişik. Ukraynanın son illər yaşadığı problemlərə Avropada yaşayan azərbaycanlılar tərəfindən biganə qalınmır, əksinə həssaslıqla yanaşırıq. Eynilə Azərbaycanın maraqları üçün də ukraynalılardan, Ukrayna rəsmilərindən eyni həssaslığı gözləyirik".
Sahil Qasımov çıxışında Azərbaycan və Ukrayna diasporunun Avropada gələcək birgə fəaliyyəti ilə bağlı təkliflərindən danışıb.
AAK-ın vitse-prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev çıxış edərək diasporun fəaliyyəti barədə, azərbaycanlıların Ukraynanın şərqində baş verən döyüşlərdə xəsarət alanlara humanitar yardım göstərilməsində aktivliyindən danışıb. Rövşən Tağıyev eyni zamanda ölkədəki azərbaycanlılar adından Ali Rada ilə bağlı tələblərini də bildirib: "Son vaxtlar bizim vətənimiz Azərbaycana qarşı Avropada bəzi dairələr tərəfindən qarayaxmalar həyata keçirilir. Təbii ki, bunlar erməni lobbisinin dəstəyindən qaynaqlanır. Avropa təşkilatlarında təmsil olunan ukraynalı deputatlar Azərbaycana qarşı qarayaxma kampaniyasına görə mövqelərini ortaya qoymalıdırlar. Bu bizim gözləntimizdir".