“Azərbaycanın haqq davası bir Lapşin hadisəsinə yönəlik deyil” Siyasət

“Azərbaycanın haqq davası bir Lapşin hadisəsinə yönəlik deyil”

Zahid Oruc: "Yəni konkret bir ölkə vətəndaşını cəzalandırmaqla torpaqlarımızı işğaldan azad etməyə bel bağlamırıq"

"Ölkə başçısının məhbusların əfv edilməsi, yaxud onların işinə daha humanist nöqteyi-nəzərdən baxılmasıyla əlaqədar atdığı addımlar hər bir vətəndaş tərəfindən yüksək qiymətləndirilir, eləcə də bu məsələyə beynəlxalq reaksiyalar da mövcuddur. Azərbaycan prezidenti tərəfindən verilən bu cür humanist qərarlar bunaqədərki dövrdə də dövlətin mühüm bir siyasəti kimi reallaşdırılıb. O, sadəcə hansısa fiziki şəxslərə yönəlik deyil, yaxud da hansısa bir kriteriya ilə yalnız siyasi, seçilmiş tanınmış insanlara tətbiq olunmur, hər kəsin qanun qarşısında bərabərlik prinsipini vurğulayırıqsa, siyasi mənsubiyyətindən və ictimai mənşəyindən asılı olmayaraq, hər kəs belə humanist qaydaların ünvanına çevrilə bilir". Bunu millət vəkili Zahid Oruc deyib. Millət vəkili vurğulayıb ki, son üç gün ərzində ölkə başçısı tərəfindən verilən qərarlar ölkənin ümumi ictimai-siyasi həyatına çox güclü şəkildə təsir göstərməkdədir: "Beynəlxalq təşkilatlar Azərbaycan ətrafında bir sıra hallarda lövbər salıblar, istənilən hadisəni öz mübarizələrinin ideologiyasına çevirməyə cəhd edirlər. Adamda hərdən belə təəssürat yaranır ki, onların bu mübarizələri hədəf olaraq Qarabağa yönəlsəydi, biz çoxdan işğal reallığından xilas olardıq. Lakin hazırkı dünyanın mənzərəsi budur. Qəbul etməliyik ki, plüralizm və demokratiya dalğası tank və toplarla deyil, indiki reallıqda müxtəlif təşkilatların yumşaq güc siyasəti adı ilə informasiya sistemində təbliğata çevirməsilə müşayiət olunur. Belə olan təqdirdə biz bu mübarizənin prinsip və qaydalarını başa düşməliyik və ona adekvat da fəaliyyətimizi qurmalıyıq. Azərbaycan ətrafında çətir quran və bir mübarizə istehkamında hər bir hadisəni ölkəmiz əleyhinə neqativə döndərərək nüfuzumuza xələl gətirmək istəyən, dövlətin siyasi elitasının enejisini, gücünü və diqqətini öz üzərinə yönəltməyə çalışan, ölkəni normal platformadan və inkişaf sistemindən çıxarmağa cəhd edən qüvvələrin planlarını hər zaman pozmaq lazımdır".
O, əlavə edib ki, Azərbaycanın Qarabağ və işğal gerçəkliyi ilə barışmaması və haqq davası bir Lapşin hadisəsinə yönəlik deyil: "Yəni konkret bir ölkə vətəndaşını cəzalandırmaqla torpaqlarımızı işğaldan azad etməyə bel bağlamırıq. Lakin biz çox sadə həqiqətləri dünyaya bəyan etdik. Azərbaycanda son illər viza sistemində ASAN-laşmanın yaratdığı nəticə ondan ibarətdir ki, istənilən əcnəbi 15-20 dəqiqə ərzində internet resursları üzərindən bu ölkəyə girişini rəsmiləşdirə bilər. Elə isə bunu bütün ərazilərimizdə görmək istəyirik. Baxmayaraq ki, torpaqlarımızın bir qismi ermənilər tərəfindən ələ keçirilib, işğalçının həmin əraziləri tutmaları azmış kimi, ora daha çox xarici vətəndaşları cəlb etməklə Qarabağın beynəlxalq hüquq subyektinə çevrildiyini nümayiş etdirmələri yolverilməzdir. Bu siyasətdə iştirak edənlər təbii ki, Azərbaycan əleyhinə siyasi döyüşdə olmuş kimi görünürlər və hesab edirəm ki, Lapşinin cəzalandırılması yaxşı mənada bir sindrom yaratdı. Bu hadisə üzərindən həm sözügedən şəxsin özü, həm də gələcəkdə Dağlıq Qarabağa ziyarətə hazırlaşanlar istiqaməti Bakıya, onun rəsmi hakimiyyət orqanlarına yönəltməyə məcbur olacaqlar. Bu, eləcə də ermənilərin özünə böyük bir zərbə oldu...".