“Ermənistanın Türkiyə və İranla sərhədlərini Rusiya qoruyur” Siyasət

“Ermənistanın Türkiyə və İranla sərhədlərini Rusiya qoruyur”

Elxan Şahinoğlu: "Fabrik və zavodlar da Rusiyanın əlindədir"

"Erməni siyasətçiləri, başda prezident olmaqla, mətbuatın Rusiyanın Azərbaycana silah satmasına görə rəsmi Moskvaya irad tutmasının heç bir məntiqi əsası yoxdur. Əgər Rusiya Azərbaycana silah verib, Ermənistana verməsəydi onda haray-həşir qaldırmaq üçün ermənilərin əlində əsas ola bilərdi". Bu dikirləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib: "Rusiya Ermənistana silahı nəinki satır, pulsuz peşkəş verir. Rusiyanın da məntiqi odur ki, sənə silah verirəm, üstəgəl 200 milyon dollarlıq kredit də verirəm, özünə silah al. Buna görə də, mənim haqqımdır ki, istənilən ölkəyə, hətta səninlə düşmən olan ölkəyə silah satım. Ermənistanın bu tələbləri məntiqsizdir. Ancaq hər dəfə bunu gündəmə gətirməyə çalışırlar. Rusiya isə Ermənistanın ağzından elə vurur ki, səsləri də çıxmır. Rusiyanın hərbi bazaları Ermənistandadır, Ermənistanın Türkiyə və İranla sərhədlərini Rusiya qoruyur, fabrik və zavodlar da Rusiyanın əlindədir. Faktiki olaraq Ermənistan Rusiyanın quberniyasıdır. Quberniya, "for post" olan ölkə isə ağasına dil uzadanda onu kəsərlər. Necə ki, Rusiya Ermənistanın zaman-zaman dilini kəsir. Ona görə də, Rusiyanın siyasətinin dəyişəcəyini gözləmirəm. O başqa məsələdir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil, bu mənada münaqişənin həllini sürətləndirmir, bu isə Azərbaycanda haqlı narazılıqlara səbəb olur". Azərbaycan müdafiə naziri Zakir Həsənovun İsrailə səfəri ilə bağlı isə politoloq bunları dedi: "Zakir Həsənovun səfəri çox uğurlu alındı. Çünki bu vaxta qədər İsrail rəsmiləri - prezidenti, baş naziri, xarici işlər naziri daim Azərbaycana gəlirdilər. Azərbaycan isə cənub qonşusunu qıcıqlandırmamaq üçün İsrailə rəsmi səfərlər reallaşdırmazdı. Ancaq İsraillə Azərbaycan arasında əməkdaşlıq o səviyyədədir ki, hər halda belə bir rəsmi səfər həyata keçirilməlidir".
Bu səfərin müdafiə naziri səviyyəsində olmasına gəldikdə isə Elxan Şahinoğlu bildirdi ki, münasibətlərdə iki ölkə arasında hərbi əməkdaşlıq daha ağırdır:
"Bu istiqamətdə Azərbaycan İsraildən 5 milyard dollar civarında silah alıb. Ona görə də, Zakir Həsənovun İsrailə getməsi obyektiv zərurətdən yaranmışdı".
İranın bu səfərdə diqqətə alınması məsələsinə gəldikdə isə, politoloq qeyd etdi ki, dövlət başçısı İlham Əliyev Astanada İran prezidenti Həsən Ruhani ilə görüşüb və Ruhaninin Azərbaycana edəcəyi səfərinin müzakirəsi gedən gün Azərbaycan prezidenti müdafiə nazirini İsrailə səfərə göndərdi:"Bu o deməkdir ki, rəsmi Bakı elan etdiyi balanslaşdırılmış xarici siyasəti həyata keçirir. Azərbaycan istəyir ki, İranla da, İsraillə də münasibətləri yaxşı olsun. İranla münasiblərimiz İsrailə qarşı deyil, İsraillə olan münasibətlərimiz də İrana qarşı deyil. Bunu İranın anlaması lazımdır. Azərbaycan İsraildən aldığı silahları işğalçıya təzyiqi artırmaq üçün istifadə edir. Bunu İranda başa düşməlidirlər. Ötən ilin aprel ayındakı müharibədə İsrail silahları Azərbaycanın işinə çox yaradı.
Bundan başqa, erməni lobbisi Azərbaycan-İsrail münasibətlərini pozmaq üçün İsrail mətbuatına dezinformasiya ötürməklə məşğuldur. Guya israilli mütəxəssisləri Azərbaycanda məcbur ediblər ki, həmin silahlardan Qarabağda istifadə etsinlər. Bunlar hamısı dezinformasiyadır. Bu dezinformasiyaların qarşısını almaq üçün mütləq Zakir Həsənovun İsrailə səfəri reallaşmalı idi və bu səfər çox uğurlu oldu. Yaxın gələcəkdə İsraildən modern silahlar alacağıq".