“Konfransda Dağlıq Qarabağ münaqişəsilə bağlı məsələ də qaldırılacaq” Siyasət

“Konfransda Dağlıq Qarabağ münaqişəsilə bağlı məsələ də qaldırılacaq”

Sentyabrın 22-də Bakıda "Avronest" Parlament Assamleyasının iclası keçiriləcək. Tədbirdə Avropa Parlamentinin və "Avronest" Parlament Assamleyasına üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun Parlamentlərarası İttifaqının təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər. Azərbaycanın "Avronest" PA-dakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov toplantı barədə açıqlama verib. Fuad Muradov bildirib ki, tədbir iştirakçılarının siyahısında Ermənistanın "Avronest" PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyanın da adı var. "Amma onların iclasda iştirak edib-etməyəcəyi ilə bağlı məlumatım yoxdur. Konfransda 100-dən çox qonağın iştirakı gözlənilir".
Fuad Muradov iclasın Bakıda Milli Məclisin "Avronest" PA-dakı nümayəndə heyətinin təşəbbüsü ilə keçiriləcəyini qeyd edib. "3 və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq Tərəfdaşlığı Ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu" adlı toplantı Azərbaycan Milli Məclisi, "Avronest" PA-nın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsi, BMT-nin Bakı Ofisi və Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq". Nümayəndə heyətinin rəhbəri deyib ki, konfransda Dağlıq Qarabağ münaqişəsilə bağlı məsələ də qaldırılacaq.