BAXCP sədri Vilnüsə gedir Siyasət

BAXCP sədri Vilnüsə gedir

Qüdrət Həsənquliyev Azərbaycan nümayəndə heyəti NATO Parlament Assambleyasının toplantısına qatılacaq

Azərbaycan Milli Məclisindən verilən məlumata görə, NATO PA-da Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə Millət vəkilləri Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Siyavuş Novruzov və Tahir Süleymanov qurumun yaz sessiyada iştirak edəcəklər. Sessiya mayın 29-dan iyunun 2-dək Litvanın paytaxtı Vilnüsdə keçiriləcək. Toplantıda NATO-nun baş katibi və Şimali Atlantika Şurasının sədri Anders Foq Rasmussen çıxış edəcək və iştirakçıları maraqlandıran sualları cavablandıracaq. Assambleyanın təşkilati işlərinə baxıldıqdan sonra plenar iclas işini yekunlaşdıracaq.
Qurumun İqtisadiyyat və təhlükəsizlik, Siyasi, Elm və texnologiya, Təhlükəsizliyin mülki ölçüsü, Müdafiə və təhlükəsizlik, Daimi komitələrində dünyadakı siyasi vəziyyətin ən aktual məsələləri müzakirə olunacaq. Məruzəçilər Avropanın enerji təhlükəsizliyi ilə bağlı Xəzər dənizinin və Şərqi Aralıq dənizinin təbii qaz potensialına xüsusi diqqət yetirəcək, Ukraynadakı vəziyyəti, Gürcüstanın avroatlantik inteqrasiyasını, Suriyadakı vətəndaş müharibəsinin regional və qlobal nəticələrini təhlil edəcəklər.
Sessiyada "NATO tərəfdaşlıqları və alyansın açıq qapı siyasəti", "NATO 2014-cü ildən sonra", "Asiyaya münasibətdə dəyişən ABŞ və Avropa yanaşmasının iqtisadi müstəviləri" və digər mövzularda məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq.