
"ABŞ Minsk qrupunun üzvü olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını daim diqqətdə saxlayır. Biz tərəfləri bir araya gətirərək, həlli uzanmış bu məsələnin tez bir zamanda həlinə çalışırıq".
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Həmsədrlərin fəallaşmasından danışan səfir bildirib ki, ABŞ daim məsələnin həlli ilə bağlı irəliləyişə imkan verən yol tapılmasına çalışır: "ABŞ nizamlanma prosesinə daim sadiq olub".
"ABŞ-ın Azərbaycanla bağlı siyasəti güclü, çiçəklənən, müstəqil dövlət olmaqda Azərbaycana kömək etməkdir"-deyən səfir bildirib ki, ABŞ-ın Azərbaycanla ümumi fəaliyyəti iqtisadiyyat, təhlükəsizlik, qanunun aliliyi, insan haqları və demokratiya sahələrini əhatə edir.
Diplomat qeyd edib ki, ABŞ ötən əsrin 90-cı illərinin əvvəlindən Azərbaycanda məcburi köçkünlərə 125 milyon dollardan artıq maddi yardım göstərib .
Azərbaycanda aprelin 11-i keçiriləcək prezident seçkilərinə toxunan R. Sekuta vurğulayıb ki, ABŞ üçün vətəndaşların seçkidə azad iştirakı, seçkilərin ədalətli keçirilməsi vacibdir.