“Rusiya Azərbaycanla “dil tapmağa” məhkumdur” Siyasət

“Rusiya Azərbaycanla “dil tapmağa” məhkumdur”

Teyyub Qəni: "Nə ABŞ, nə də Avropanın xristian dövlətləri heç vaxt Azərbaycan-Ermənistan münaqişəsində ölkəmizi dəstəkləməyəcəklər"

Verilən məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyun ayının 17-18-də, onun ardınca isə RF baş nazirinin müavini Dmitri Roqozin və Dövlət Dumasının spikeri Sergey Narışkin Bakıya səfər edəcəklər.
Bu səfərlərdə başlıca məqsədin nədən ibarət olduğunu açıqlayan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Teyyub Qənioğlu partiyanın mətbuat xidmətinə bildirib ki, Ukrayna hadisələrindən sonra istər ABŞ başda olmaqla Qərb ölkələrinin, istərsə də Rusiyanın Azərbaycana marağı artıb və hər iki tərəf mühüm strateji mövqedə yerləşən Azərbaycanı öz maraq dairəsində saxlamağa, bizim regionda daha da möhkəmlənməyə can atır: "ABŞ Ukrayna hadisələrindən dərhal sonra amerikalı həmsədr Ceyms Uorlikin dili ilə Dağlıq Qarabağ probleminin guya Azərbaycanın maraqlarına cavab verən həllinə yönəldilmiş altı təkliflə çıxış etdi. Mən əvvəl də bu təkliflərin hamısının Azərbaycanın əleyhinə olduğunu ciddi arqumentlərlə sübut etmişəm. Fransa prezidentinin ölkəmizə heç bir məsələylə yadda qalmayan mənasız səfərini də gördük. Ukrayna hadisələrindən sonra Rusiyanın Qərb dövlətləri ilə münasibətinin xeyli dərəcədə pisləşdiyinin də, Krımın işğalının Ermənistan tərəfindən dəstəkləndiyinə Qərb dövlətlərinin münasibətinin də şahidiyik. Amma baş verən hadisələr istər ABŞ başda olmaqla Qərb dövlətlərinin, istərsə də Rusiyanın Dağlıq Qarabağ probleminin həllinə münasibətini dəyişibmi? Öz aralarında baş verən ciddi soyuqlaşmaya baxmayaraq ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Dağlıq Qarabağ probleminin həllinə eyni mövqedən yanaşırlar və bu mövqe bölgənin Azərbaycandan qoparılmasına yönəlib. Ceyms Uorlikin yenilənmiş Madrid prinsiplərindən heç nə ilə fərqlənməyən və digər həmsədrlər tərəfindən də dəstəklənən təkliflərinə fikir verin. Təklif edirlər ki, Dağlıq Qarabağ ətrafında işğal edilmiş yeddi rayon Azərbaycana qaytarılsın. Dağlıq Qarabağın statusu isə sonradan, ərazi bütövlüyü və öz müqəddaratını həll etmək prinsipləri əsasında referendum yolu ilə həll olunsun. Bundan böyük riyakarlıq olar? Axı Azərbaycan problemin sülh yolu ilə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll ediləcəyi təqdirdə, referendum keçirilmədən də, Dağlıq Qarabağa dünyada mövcud olan ən yüksək muxtariyyət hüququ verməyə hazır olduğunu dəfələrlə bəyan edib. Onda sual olunur, həmsədr dövlətlərin Dağlıq Qarabağın statusunun müəyyən edilməsi üçün referendum keçirilməsində təkidinin məqsədi nədir? Həm də həmsədrlər referendumun bu ərazidə sülhməramlı qüvvələr yerləşdikdən sonra keçirilməsini təklif edirlər. Bu təklifi verənlər başını kola soxub gizləndiyini düşünən dəvəquşuna bənzəyirlər. Guya Azərbaycanda onların bu təklifinin mahiyyətini başa düşmürlər? Sual olunur, özünün ən kəskin, ciddi probleminin həll üçün Azərbaycan nə etməlidir və kiminlə razılaşmalıdır? Biz ABŞ və Qərb dövlətlərinin Azərbaycanın suverenliyinin möhkəmlənməsinə yönəlmiş "dəstəkləklərini" unutmamışıq. Qərb dövlətlərinin enerji daşıyıcılarının Rusiyadan yan keçən marşurutlarına ciddi ehtiyacları var. Və qəti əminəm ki, onların Azərbaycanı "dəstəkləmələrində" əsas məqsədləri də məhz bununla bağlıdır".
Teyyub Qənioğlunun qənaətincə, nə ABŞ, nə də Avropanın xristian dövlətləri heç vaxt Azərbaycan-Ermənistan münaqişəsində ölkəmizi dəstəkləməyəcəklər və hər zaman Dağlıq Qarabağ probleminin ölkəmizin maraqları çərçivəsində həllinə mane olmağa çalışacaqlar: "Qalır Rusiya tərəfi. Ərazimizin ermənilər tərəfindən işğalına Rusiyanın ciddi dəstək verdiyini, indiyədək bu ərazilərin işğal altında qalmasında Rusiyanın verdiyi "töhfəni" bilirik. Amma Ukrayna hadisələrindən sonra Rusiyanın dünyada təcrid vəziyyətinə düşdüyünü görürük. Rusiyanın şimal-qərbində NATO üzvü olan Pribaltika Respublikaları yerləşir, özünün təcavüzkar hərəkətləri ilə qərb sərhədlərində Ukraynanın timsalında ciddi, güclü qərbyönümlü dövlət, cənub-qərbində düşmən mövqeyində olan və NATO-ya meyilli Gürcüstanı "qazanıb". Azərbaycanın da Qərbə "sığınmasının" Rusiya üçün nələri vədd etdiyini məgər ruslar başa düşmür? Ona görə də hazırda Rusiya Azərbaycanla "dil tapmağa" məhkumdur. Bəzi analitiklərdən fərqli olaraq düşünürəm ki, Rusiya indiki məqamda Azərbaycanla təzyiq dilində danışmağın mənasız olduğunun fərqindədir. Azərbaycana şirnikləndirici təkliflər vermək iqtidarında da deyil. Amma Rusiya Dağlıq Qarabağ probleminin ölkəmizin maraqları çərçivəsində həllinə yardımçı olacağı təqdirdə Azərbaycandan çox şey ala bilər. Məsələn, Azərbaycan Rusiyaya sərfəli qiymətlərlə daha çox qaz sata, Rusiya ərazisindən daha çox neft ixrac edə, TAP, TANAP layihələrində Rusiya şirkətlərinə pay verə, Xəzərin enerji qaynaqlarının istismarına Rusiya şirkətlərini daha geniş miqyasda cəlb edə bilər. Eyni zamanda, Rusiya iqtisadiyyatına onun indi möhtac olduğu çoxmilyardlı investisiyalar yatıra və nəhayət, suverenliyinə ziyan gətirməyən şərtlər daxilində Avrasiya İqtisadi İttifaqına daxil ola bilər. Rusiyanın indiki məqamda Azərbaycana verə biləcəyi bir şey varsa o da silahdır. Bu səfərlərin Rusiyanın Dağlıq Qarabağ probleminin həllinə münasibətinin dəyişməsi ilə nəticələnib-nəticələnməməsi isə Azərbaycan rəhbərliyinin dünyada və regionda yaranmış vəziyyətdən nə dərəcədə yararlanacağından asılıdır".
Teyyub Qənioğlu hesab edir ki, Azərbaycan enerji layihələrinin həyata keçirilməsi və genişləndirilməsi üçün Qərb dövlətləri ilə əməkdaşlığı davam etdirməli, Dağlıq Qarabağ probleminin həlli məqsədilə Rusiya ilə razılığa gəlməlidir.