“Zakir Həsənovun Çinə səfəri bir çox aspektdən Azərbaycan üçün vacibdir” Siyasət

“Zakir Həsənovun Çinə səfəri bir çox aspektdən Azərbaycan üçün vacibdir”

Elxan Şahinoğlu: "Bu dövlətin hərbi qüdrəti də hər keçən gün artır"

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası (ÇXR) Qərb zona komandanı general-polkovnik Çao Conçi ilə görüşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik Ç.Conçi Azərbyacan nümayəndə heyəti ilə keçirilən görüşdən məmnunluğunu ifadə edərək ikitərəfli hərbi əlaqələrin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. O, "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində ölkələrimizin əməkdaşlığı üçün yeni imkanların yarandığını və Azərbaycanın da bu strategiyaya verdiyi böyük dəstəyi məmnunluqla qeyd edib.
Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-polkovnik Z.Həsənov Azərbaycan ilə Çin arasında dostluq münasibətlərinin dərin köklərə malik olduğunu vurğulayıb.
Azərbaycanın Müdafiə naziri Çinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə Çin tərəfinə təşəkkürünü bildirib. General-polkovnik Z.Həsənov xüsusi qeyd edib ki, Azərbaycan da Çin Xalq Respublikasının "Vahid Çin" siyasətinə hörmətlə yanaşır, bu konsepsiyanı dəstəkləyir və beynəlxalq aləmdə ÇXR-i təmsil edən təşkilatları tanıyır.
Dostluq və qarşılıqlı etimad şəraitində keçirilən görüşdə tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə də əməkdaşlığın inkişaf perspektivlərini ətraflı müzakirə ediblər.
Çinə səfər çərçivəsində Zakir Həsənov bu ölkənin hərbi sənaye kompleksinə daxil olan "Poly Technologies" şirkətində olub.Şirkətin rəhbərliyi ilə görüşdə Z.Həsənova bu müdafiə sənayesi müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Sonra müdafiə naziri müəssisənin istehsal etdiyi müasir döyüş texnikası və digər hərbi təyinatlı məhsullar ilə tanış olub.
Müdafiə nazirinin Çinə səfərini şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Zakir Həsənovun Çinə səfəri bir çox aspektdən Azərbaycan üçün vacibdir: "Birincisi, Çin dünyanın aparıcı dövlətlərindən biridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Doğrudur, Çin dünyada daha çox iqtisadi gücü ilə tanınıb. Ancaq bu dövlətin hərbi qüdrəti də hər keçən gün artır. Çinin güclü hərbi-sənaye kompleksi var, müxtəlif növ silah və hərbi texnika istehsal edir. Bu baxımdan, Azərbaycanın Çinin hərbi-sənaye kompleksinə artan marağı normaldır. Biz bu ölkədən müxtəlif növ silahlar ala bilərik".
O, qeyd edib ki, müdafiə naziri Zakir Həsənovun Çinə səfərinin əhəmiyyətli hissəsinə bu ölkədəki hərbi sənaye kompleksinə aid müəssisələrin ziyarətinin daxil olması təsadüfi deyil: "İkincisi, biz Rusiyadan çox silah aldıq. Rusiyadan silah və hərbi texnika asılılığımızı azaltmalıyıq. Həm də Rusiyanın bizə göndərdiyi silah və hərbi texnikanın keyfiyyətindəki qüsurlar barədə də müxtəlif xəbərlər var. Necə ki, enerji resurslarımızın dünya bazarlarına çatdırılmasını şaxələndirmişik və bir dövlətdən asılı deyilik, eləcə də silah və hərbi texnika alışında bir dövlətdən asılı olmamalıyıq. Ona görə də Çinin silah bazarı bizi cəlb edir. Həm də biz Çindən silah alsaq Rusiya buna etiraz edə bilməyəcək. Çünki Çin hansısa Qərb ölkəsi deyil. Çin sözdə Rusiyanın strateji tərəfdaşıdır və strateji müttəfiqinin Azərbaycana silah satışına etiraz edə bilməz".
E. Şahinoğlu onu da qeyd edib ki, eyni məntiqlə Rusiya Azərbaycanın Belarusdan raket komplekslərinin alışına da etiraz edə bilməz, etməməlidir. Çünki Belarus da sözdə Rusiyanın strateji tərəfdaşıdır: "Üçüncüsü, Zakir Həsənovun Çinə səfərinin bir başqa əhəmiyyəti də var. Ermənistanda xaosdur, hakimiyyət boşluğudur. Ən çox qorxduqları da Azərbaycan ordusunun bundan istifadə edərək işğal edilən torpaqları azad etmək məqsədilə hücum əməliyyatına başlamasıdır. Qoy daima bu psixoloji təzyiq altında olsunlar və belə bir məqamda Zakir Həsənovun Çinə səfəri və bu ölkədən hərbi texnikanın alışı ilə bağlı fikir mübadiləsini aparması Ermənistan cəmiyyətinə növbəti mesajımızdır ki, biz müharibə hazırlıqlarımızı davam etdiririk, bundan gərəkli nəticə çıxarın".