“Amerikanın yaxın tarixində çox səhvləri olub” Siyasət

“Amerikanın yaxın tarixində çox səhvləri olub”

Elxan Şahinoğlu: "Ancaq indi etdiklərinin nəticəsi daha ağır olacaq"

ABŞ səfirliyinin Qüdsə köçürülməsindən sonra gözlənildiyi kimi, fələstinlilər etiraz aksiyasına başladılar. Qarşıdurmalar nəticəsində isə fələstinlilər arasında çoxsaylı ölən və yaralananlar var. Yenə ənənəvi olaraq ilk etiraz səsini ucaldan Türkiyə oldu. Türkiyə ABŞ və İsrail səfirlərini geri çağırdı. Eyni zamanda, prezident Rəcəb Tayyib Ərdoğan bütün dünya liderlərinə məktub yazdı. ABŞ-ın bu addımı Azərbaycanda da etirazla qarşılandı.
Qarabağ Azadıq Təşkilatı (QAT) fələstinlilərin kütləvi şəkildə qətlə yetirilməsinə qarşı bəyanat verib. Bəyanatda deyilir: "Qarabağ Azadlıq Təşkilatı (QAT) İsrail hakimiyyətinin fələstinlilərin dinc etiraz aksiyasına qarşı silahlı güc tətbiq etməsini, mülki əhalinin, o cümlədən uşaqların kütləvi şəkildə qətlə yetirməsini qətiyyətlə pisləyir, bu hərəkətləri insanlığa qarşı cinayət kimi dəyərləndirir. İsrail rəhbərliyi tərəfindən törədilən qətliam nəticəsində 60-a qədər fələstinli öldürülüb, 3 minə qədər insan yaralanıb. Bu dəhşətli cinayətə görə İsrail və ABŞ rəhbərliyi birlikdə məsuliyyət daşıyır. ABŞ rəhbərliyi Fələstin xalqının qanuni haqlarını, beynəlxalq hüququ kobud şəkildə pozaraq səfirliyini Qüdsə köçürməklə təxribat törədib, bu qırğınların baş verməsinə şərait yaradıb. ABŞ rəhbərliyinin həyasızlığı o həddə çatıb ki, İsrailin dinc əhalini qətlə yetirməsini özünü müdafyiə kimi təqdim edir. Biz bir daha ABŞ və İsrailin antibəşəri hərəkətlərini ittiham edir, kütləvi qırğın törədənləri lənətləyirik. Biz hesab edirik ki, Fələstin xalqının Qüdsə, digər ərazilərə haqqı bütün dünya tərəfindən tanınmalı, Fələstin xalqının öz qanuni torpaqlarında öz dövlətini yaratmasına heç bir maneçilik törədilməməlidir. Birləşmiş Millətlər Təşkilatı, digər beynəlxalq və regional qurumlar İsrail hakimiyyətinin törətdiyi kütləvi qətliama obyektiv qiymət verməli, ABŞ və İsrail dünya birliyi tərəfindən qınanmalı, törətdikləri cinayətlərə görə cavab verməlidirlər. Biz xüsusi olaraq, İslam dünyasını Fələstin məsələsi ilə bağlı, son qanlı hadisələrlə əlaqədar vahid mövqe nümayiş etdirməyə, birlikdə təsirli addımlar atmağa çağırırıq. Bu cinayət bütün İslam dünyasına qarşı törədilmişdir. Ona görə də İslam dünyası işğala, təcavüzə, qətliama qarşı birlikdə cavab verməlidir. Biz hesab edirik ki, bütün mütərəqqi bəşəriyyət İsrail və ABŞ-ın cinayətləri qarşısında susmamalı, haqqın və həqiqətin yanında olmalıdırlar. Hər bir dövlət, vətəndaş, ictimai, siyasi qurum, beynəlxalq və regional təşkilat bəşəriyyətin qlobal fəlakətdən, qarşıdurmadan qurtulması üçün bütün imkanlarından istifadə etməlidir. ABŞ və İsrailin, bəzi digər dövlətlərin, o cümlədən, alət rolunda çıxış edən Ermənistanın, onun arxasında dayanan Rusiyanın yeritdiyi siyasət dünyanı fəlakətə doğru sürükləyir. Bu təhlükəli gedişata "dur" deməyin vaxtı artıq çoxdan çatib".
Millət vəkili Elman Nəsirov isə diqqətə çatdırıb ki, ABŞ səfirliyinin Qüdsə köçürülməsi ərəb dünyasında ciddi narazılıq doğurub: "Fələstinin bu prosesə mane olmaq istəməsi gərginliyin daha da artmasına səbəb olub və ssenari arzuolunmaz şəkildə inkişaf edib. 50-dən artıq fələstinlinin öldürülməsi, bundan dəfələrlə çox sayda insanın yaralanması səbəbi ilə Fələstin və Türkiyədə matəm elan olunub. Görünən odur ki, onsuz da labirintə düşmüş proses daha bir ciddi zərbə alıb". Millət vəkili bu məsələ ilə bağlı Azərbaycanın mövqeyindən də danışıb: "Azərbaycan Fələstinin mövqeyini o baxımdan dəstəkləyir ki, bu problem dinc yolla həllini tapmalıdır və Qüdsün İsrailin paytaxtı elan olunması kimi məsələlər beynəlxalq hüquq çərçivəsində və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qərarlar əsasında həllini tapmalıdır. Yəni bu kimi məsələlər zor yolu ilə deyil, dinc danışıqlar yolu və indiyə qədər hüquqi müstəvidə qəbul edilmiş qərarlar çərçivəsində həll olmalıdır. Dövlətimiz son hadisələrdən narahatlığını ifadə edir. Bu sayda insanın həlak olmasından, yaralanmasından narahatlığımızı ifadə edirik. Bir daha qeyd edirəm ki, bütövlükdə ölkəmizin mövqeyi budur ki, məsələnin hüquqi müstəvidə həllinə tərəfdarıq".
Politoloq Elxan Şahinoğlu deyib ki, ABŞ prezidenti Donald Tramp prezident seçkisindən əvvəl verdiyi bütün vədləri addım-addım yerinə yetirir, adətən prezident seçilməyənə qədər çox vəd verən olub, ancaq Ağ Evə köçdükdən sonra soyuq başla hərəkət edərək ehtiyatlı qərarlar qəbul ediblər. Onun sözlərinə görə, Tramp onlardan deyil, dediyini edir, ancaq onun qorxunc vədlərini yerinə yetirməsi beynəlxalq aləmə baha başa gəlir: "Demişdi ki, İranla nüvə anlaşmasından çıxacaq, çıxdı, demişdi ki, Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq və Amerika səfirliyini bu şəhərə köçürəcək, tanıdı və köçürdü. Bu gün Qəzza bölgəsində ölənlərin sayı getdikcə artıb. Amerikanın yaxın tarixində çox səhvləri olub, ancaq indi etdiklərinin nəticəsi daha ağır olacaq. Buna baxmayaraq, Donald Tramp ölkə daxilində reytinqini artırıb. Demək, Amerika cəmiyyəti okeanın o tərəfindən bu tərəfinə baxarkən özü üçün təhlükə görmür".