“Xarici siyasət kursunda ABŞ-la münasibətlər xüsusi önəm kəsb edir” Siyasət

“Xarici siyasət kursunda ABŞ-la münasibətlər xüsusi önəm kəsb edir”

"Prezident İlham Əliyev balanslaşdırılmış xarici siyasət kursunu geosiyasi reallıqlara adekvat olaraq davam etdirir. Bu siyasət nəticəsində Azərbaycanın tərəfdaşları daha da artır. Xarici siyasət kursunda ABŞ-la münasibətlər xüsusi önəm kəsb edir. Hər iki dövlətin mövqeyi fundamental məsələlərdə üst-üstə düşür. Ona görə də iki dövlət arasındakı münasibətlər strateji hesab olunur". Bu sözləri millət vəkili Elman Nəsirov ABŞ prezidenti Donald Trampın Cümhuriyyətin 100 illiyi ilə bağlı ünvanladığı təbrik məktubu və prezident İlham Əliyevin dünən Cənub Qaz Dəhlizinin açılışı zamanı ABŞ-a təşəkkür etməsi haqda fikirlərini bölüşərkən deyib. Xatırladıb ki, D.Tramp məktubda "Qarşıdakı aylar Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq" fikrini qeyd etmişdi: "Prezident də dünən öz növbəsində ABŞ-a təşəkkür etdi və bundan sonra da ABŞ-la əlaqələrin inkişafında maraqlı olduğunu nümayiş etdirdi. Prezident açılış mərasimində nəzərə çatdırdı ki, beynəlxalq əməkdaşlıq olmadan layihənin reallaşması mümkün olmazdı. Ona görə də ABŞ-ın maddi və mənəvi dəstəyi olduğunu xüsusi nəzərə çatdırdı. Təsadüfi deyil ki, Cənub Qaz Dəhlizinin açılışı mərasimində ABŞ dövlət katibinin köməkçisinin müavini də iştirak edirdi. O, dövləti adından bu layihəyə dəstək verdiklərini bir daha vurğuladı".
E. Nəsirov onu da qeyd edib ki, bütün bu gedişat Azərbaycanla ABŞ arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyini göstərir: "Dediyimiz faktlar bu qənaətə gəlməyə imkan verir ki, hər iki dövlət qarşılıqlı şəkildə bir-birinin maraq dairəsindədir və əlaqələrin bundan sonra da inkişaf etməsi üçün imkan və potensial var".