“İranda baş verən hər hansı iqtisadi, siyasi hadisə...” Siyasət

“İranda baş verən hər hansı iqtisadi, siyasi hadisə...”

Vahid Əhmədov: "Birbaşa olmasa da, dolayısı yolla Azərbaycana mütləq təsir edir"
"İranda vəziyyət stabilləşməsə, bu, Azərbaycanın iqtisadiyyatına müəyyən qədər təsir göstərə bilər". Bu sözləri İranda iqtisadi vəziyyətin ağırlaşması fonunda hökumət əleyhinə etirazlar və bunun Azərbaycana təsirləri haqda danışan Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. "Azərbaycanla İran arasında gediş-gəliş yüksək səviyyədədir, bu ölkə strateji müttəfiqlərimizdən biridir. Azərbaycan İrana, İran isə Azərbaycana investisiya yatırır. İqtisadi, strateji və ticarət əlaqələrimiz çox genişdir, son zamanlar Şimal-Cənub nəqliyyat dəhlizi açılıb, Bakı bunun tərkib hissəsi olan Rəşt-Astara dəmiryol xəttinin çəkilməsinə 500 milyon dollar kredit ayırıb. O üzdən İranda baş verən hər hansı iqtisadi, siyasi hadisə birbaşa olmasa da, dolayısı yolla Azərbaycana mütləq təsir edir. Azərbaycanın maraqları tələb edir ki, İran daxilindəki iqtisadi problemləri tezliklə həll etsin, insanların normal yaşayışı təmin olunsun", - deputat bildirib.
Qeyd edək ki, son günlər ABŞ sanksiyaları və rialın devalvasiyası fonunda İranda iqtisadi vəziyyət ağırlaşıb. Artıq Tehran bazarı bağlanıb və silsilə etirazlar müşahidə olunmaqdadır.