“Ermənistanın havadarları işğal altındakı Azərbaycan ərazilərinə qanunsuz səfərlər edir” Siyasət

“Ermənistanın havadarları işğal altındakı Azərbaycan ərazilərinə qanunsuz səfərlər edir”

"Eleni Teoxarusun erməni diaspor təşkilatlarının sifarişi əsasında fəaliyyət göstərməsi artıq sirr deyil, demək olar, faş olmuş məsələdir. Bildiyiniz kimi onun adı respublikamıza girişi arzu olunmayan şəxslərin siyahısına daxil edilib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin uyğun maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək barəsində beynəlxalq axtarış elan olunması üçün İnterpola sorğu göndərilib". Bunu Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.
Onun sözlərinə görə, Avropa Parlamentinin qanlı separatçılıq və etnik təmizləməni təşviq edən bu üzvü artıq neçənci dəfədir, Ermənistanın havadarlarının ciddi hərbi-siyasi dəstəyi ilə işğal altında saxladığı Azərbaycan ərazilərinə qanunsuz səfərlər edir: "Deməli, İnterpola müraciətdən savayı da, silsilə addımlar atmaq zorundayıq. Məsələn, Avropa Parlamentinin rəhbərliyinə yaxud bütün üzvlərinə çoxsaylı müraciətlər edilməsi, xarici mediada Eleni Teoxarusun qanlı separatçılıq və etnik təmizləməni təşviq etməsinə dair faktların ictimailəşdirilməsi, respublikamızdakı diplomatik korpusun bir avroparlamentariyə yaraşmayan bu hərəkətlər barədə bilgiləndirilməsi, habelə bizim diplomatların da müvafiq addımlar atması təqdirəlayiq olardı. Əlbəttə, Eleninin həmkarlarının dili ilə deyiləcək haqlı fikirlər də çox müsbət hal sayılardı. Bütün bu və bənzər addımlarla yanaşı, Azərbaycanın dostlarının sayının daha da artırılması, bədxahlarımızın gördüyü haqsız işlərin qarşısına haqlı və daha böyük işlərlə çıxmaq özlüyündə ən tutarlı cavablardan olacaq.
Təsəvvür edin, hələ 1990-cı illərdən həkimlik fəaliyyəti çərçivəsində Ermənistan xüsusi xidmət və erməni lobbi torunun alətinə çevrilən Kıprısın yunan kəsiminə aid olan bu deputat, Ermənistanın işğalı altındakı Azərbaycan torpaqlarında guya "humanitar missiya" adı ilə cərrahiyyə əməliyyatları həyata keçirib, bu xidmətlərinə görə qondarma rejim tərəfindən təltif olunub. – Bilirsiz, bizlər haqlı olaraq, Kıprıs adasındakı türk qardaş-bacılarımızı, onların hüquqlarını, onların məruz qaldığı itkiləri saya salmadan hərəkət edən yarımrejimi ədalətli saya bilmərik və kimlərsə hesab edirsə ki, Eleni kimilərin qanunsuz əməlləri ilə haqq-ədalətə göz yummağımız mümkündür, bu alınmayacaq. Kıprısda türk varlığının qarşılaşdıqları başqa məslədir, Ermənistanın Azərbaycanın beynəxalq birlik tərəfindən tanınmış ərazisini işğal altda saxlaması tamam başqa məsələ. Hər iki halda haqsızlığa uğrayanlarla işğalçılıq edənləri düzgün ayırd etmək lazımdır. Bütün parametrlər üzrə, Ermənistan da, Kıprıs adasının yunan kəsimi də haqsız tərəfdir və onların bəzi sinxron hərəkətləri haqsızlıqlarını ört-basdır etmək, hansısa "əyintili paralellər" aparmağa xidmət edir. Bizlər də, Eleninin tez-tez suçlamağa çalışdığı qardaş Türkiyəni təmsil edən diplomatlar, ictimai fikir adamları, jurnalistlər də haqlı işimiz uğrunda birgə çalışmalı, bizimlə eyni qədəri bölüşən yaxud haqqı müdafiədən çəkinməyən nüfuzlu şəxslərlə, qurum və quruluşlarla sıx işbirliyi içində olmalıyıq, deyə düşünürəm".