“Mmediada ictimai tənzimləmələrin ən çevik mexanizmi Mətbuat Şurasına aiddir” Siyasət

“Mmediada ictimai tənzimləmələrin ən çevik mexanizmi Mətbuat Şurasına aiddir”

"Mətbuat Şurası Azərbaycanda medianı tənzimləyici əsas qurumdur. Bu günə qədər göstərdiyi fəaliyyətlə öz funksiyasının əhəmiyyətini sübuta yetirə bilib".
Bu fikirləri Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.
O bildirib ki, mediada ictimai tənzimləmələrin ən çevik mexanizmi məhz Mətbuat Şurasına aiddir: "Eyni zamanda burda fəaliyyət göstərən insanlar çoxillik təcrübə qazanıblar. Bu həm ölkə, həm də xarici təcrübəyə əsaslanır. Şuranın sədri, millət vəkili Əflatun Amaşov Milli Məclisdə qaldırdığı məsələlər zamanı MŞ ilə bağlı məqamlara toxunub. İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı, dinamikanın sürətinin artması MŞ-nı bu proseslərə daha çevik şəkildə müdaxilə etməsini zəruri edir. Bütün sadalanan amilləri nəzərə alaraq düşünürük ki, bu müstəvidə hüquqi mexanizmlərin yaradılması üçün Şuranın statusuna müvafiq əlavə dəyişikliklər edilməlidir".
Baş redaktor hesab edir ki, çevik müdaxilə üçün MŞ-ya imkan yaradılmalıdır: "Çevik müdaxilə təkcə "reket jurnalistika" ilə bağlı olan məsələ deyil. Çoxsaylı pozuntular baş verir və bunların bir hissəsi də ölkənin informasiya təhlükəsizliyinə təhdid yaradan amillərdir. Bununla yanaşı peşə etikasının pozulması ilə də bağlı çoxsaylı faktorlar var ki, bu istiqamətdə də MŞ-nın daha aktiv iştirakına yol açan müvafiq qanuni tənzimləmələr olmalıdır. Bu aspektdən ötən gün təşkil olunan toplantında aparılan müzakirələrin mahiyyətində bu faktorlar dayanıb. Bu problemlər çözülərsə MŞ-nın sadaladığım istiqamətlərdə fəaliyyətinin daha da genişləndirilməsinə imkan yarana bilər".