“Ermənistanda narazı kütlə daha da böyüyəcək” Siyasət

“Ermənistanda narazı kütlə daha da böyüyəcək”

"Nikol Paşinyan Ermənistanda hakimiyyətə gələrkən xalqın içərisində müəyyən vədlər vermişdi. O hakimiyyətdə olduğu müddətdə isə o vədlərin heç birini icra etmədi və təbii ki, bu da xalqın yenidən narazılığına gətirib çıxardı. Yəni aydın olur ki, Paşinyan ancaq bir görüntü yaratmaq məqsədilə öz oğlunu əsgərliyə göndərib və deyir ki, mənim oğlumun da yeməyi azlıq təşkil edir". Bunu millət vəkili Azər Badamov deyib. Deputatın sözlərinə görə, Paşinyanın bu cür biabırçı söhbətlərini artıq hər kəs bilir: "Bütün bunlar sadəcə erməni xalqının başını aldatmağa yönəlib. Düşünürəm ki, narazı kütlə daha da böyüyəcək və Paşinyanı dekbarda keçiriləcək parlament seçkilərində hakimiyyətdən uzaqlaşdıracaq. Çünki Paşinyan bu müddət ərzində xalqın heç bir ümidini, etimadını doğrultmayıb. Bu gün Ermənistanın heç bir maddi bazası yoxdur ki, hansısa bir vəd verib və həmin vədi icra etsin. Bu gün işğalçı ölkəni düşdüyü vəziyyətdən heç bir lider qurtara bilməz. O vəziyyətdən qurtulmağın yeganə yolu Azərbaycanla mehriban qonşuluq münasibətinə girmək və iqtisadi inkişafın təməllərini yaratmaqdır. Təbii ki, bu iqtisadi inkişafın təməlləri də ancaq Azərbaycanla sərhədləri açmaqdan və ölkəmizlə dil tapmaqdan keçir. Mən burada ayrı bir yol görmürəm".