“Azərbaycanın 2019-cu ilə qədər bütün bu sahələrdə artıq nəzərə çarpan uğurları var” Siyasət

“Azərbaycanın 2019-cu ilə qədər bütün bu sahələrdə artıq nəzərə çarpan uğurları var”

Aydın Mirzəzadə: "Azərbaycan cəmiyyəti hər bir kəsin həyatına müsbət təsir göstərəcək yeniliklərin olmasında maraqlıdır"

"2019-cu il Azərbaycanda bizim üçün xarakterik olan siyasi sabitlik, inkişaf tendensiyası, demokratik hüquqların daha da dərinləşməsi, iqtisadi sahədə yeni uğurların qazanılması, ölkəmizin beynəlxalq birlikdə nüfuzunun artması ili olacaq. Azərbaycanın 2019-cu ilə qədər bütün bu sahələrdə artıq nəzərə çarpan uğurları var". Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O bildirib ki, Azərbaycan cəmiyyəti bu gün inkişafa, hər bir kəsin həyatına müsbət təsir göstərəcək yeniliklərin olmasında maraqlıdır və bunun sosial sifarişçisidir: "Cənab prezident İlham Əliyevin apardığı siyasət milli maraqlara cavab verir. Onun apardığı siyasət hər kəsin həyatında öz təsirini göstərir. Ümumən götürdükdə 2019-cu ildə Azərbaycan tarixində şərəflə yazılacaq hadisələr çox olacaq".
Millət vəkili əlavə edib ki, eyni zamanda bu il bələdiyyə seçkiləri keçiriləcək: "Baxmayaraq ki, ilin sonunda baş tutacaq, amma siyasi partiyalar indidən buna ciddi, böyük hazırlıqlar aparırlar. Üzvü olduğum Yeni Azərbaycan Partiyası da bələdiyyələrdə çoxluq qazanmaq əzmindədir və bələdiyyələrə ən yaxşı üzvlərinin seçilməyinə çalışacaqdır. Seçkilərə zəmanət verən ən ciddi təchizat qanuna uyğun, demokratik tərəfləri gözləməklə keçirilməsi olacaq".