“Azərbaycan ordusunun cavabı özünü çox gözlətməyəcək” Siyasət

“Azərbaycan ordusunun cavabı özünü çox gözlətməyəcək”

"Helsinki Vətəndaş Assambleyasının Ermənistan bürosununu hesabatından gəlinən iki nəticə var. Birinci nəticə odur ki, həqiqətən cəbhə bölgəsində nisbi sakitlik hökm sürür. Çünki, son aylarda bizim televiziya kanalları da xəbərlərə cəbhə bölgəsindəki atəşkəsin intensiv pozulması məlumatları ilə başlamırlar". Bu fikirləri politoloq Elxan Şahinoğlu deyib: "Görünür, Ermənistanın baş naziri Nikol Paşinyan ordu komandanlığına gizli tapşırıq verib ki, ordu təxribatdan çəkinsin. Atəşkəsə riayət etsin. Məsələn, son aylarda işğal altındakı torpaqlarda hərbi təlimlərdən xəbər yoxdur. Əvvəllər belə təxribatlara çox rast gəlirdik. Ancaq sakitliyin və sükutun uzun müddət çəkəcəyini söyləmək çətindir. Çünki, "Qarabağ klanı" əlindəki imkanlardan istifadə edərək hər an təmas xəttində təxribat planlaşdıra bilər. Azərbaycan ordusunun cavabı özünü çox gözlətməyəcək. Bu isə Paşinyanın mövqelərini zəiflədəcək. "Qarabağ klanına" da elə bu lazımdır". Elxan Şahinoğlunun sözlərinə görə, hesabatdan gəlinən ikinci nəticə budur ki, Ermənistan ordusundakı hərbçilər müharibəsiz də bir-birini qırmaqda davam edir: "2018-ci ildə ümumilikdə 41 hərbçi müxtəlif səbəblərdən ölüb. Bu hələ Helsinkin Vətəndaş Assambelyasına məlum olan rəqəmlərdir. Ermənistanda ordunu təhciz etmək İrəvana başa başa gəlir. Üstəgəl də qeyri-döyüş itkiləri azalmır. Ancaq bütün bunlar bizi arxayın salmamalıdır. Bəli, hələ ki, atəşkəsə riayət edirik. Ancaq Paşinyan yaxın aylarda münaqişənin həllində addım atmasa, atəşkəsə riayət etməyin anlamı qalmayacaq".