“Qərb Ermənistandan üz çevirir” Siyasət

“Qərb Ermənistandan üz çevirir”

"Avropa İttifaqının nümayəndələri və ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bir neçə ay əvvəl Ermənistana gəlmişdilər. Çox güman ki, Baş nazir Nikol Paşinyan Qərbdən olan nümayəndə heyəti ilə görüşündə indiki halda Ermənistanın Rusiyanın təsiri altından çıxmaq üçün imkanının olmadığını onların diqqətinə çatdırıb. Böyük ehtimalla Paşinyan həmin görüşlərdə Rusiya ilə yanaşı, İranla da münasibətlərin kəsilməsinin Ermənistan üçün ciddi problemlərə yol açacağını dilə gətirib".
Bu sözləri ekspert Azər Qasımlı deyib.
Ekspert Qərbin tələblərinə baxmayaraq, Ermənistanın Rusiyadan imtina edə bilməməsində digər amillərin də yer aldığını bildirib:
"Üstəgəl, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycan və Türkiyə ilə də sərhədləri bağlıdır. Buna görə də Ermənistan Rusiya və İranla sıx əlaqələr qurmaq məcburiyyətində qalıb. Bir tərəfdən də bölgədə iki türk dövlətinin olmasına görə, Ermənistan Rusiya ilə strateji yaxınlığı davam etdirmək istəyir. Bu baxımdan, Qərb Ermənistanın yerləşdiyi bölgədəki vəziyyətini başa düşsə də bu ölkənin Rusiyanın orbitindən çıxmasını istəyir. Amma bunun tezliklə olmayacağını da anlayırlar. Eyni zamanda, ortada Azərbaycan faktoru da var. Qərb başa düşür ki, birmənalı olaraq Ermənistanı dəstəkləsə, Azərbaycan Qərbdən üz döndərə bilər".
Ermənistanın Rusiyanın dəstəyi ilə Suriyaya hərbi birlik göndərməsinə gəlincə, Azər Qasımlı hesab edir ki, Qərb bunu müsbət qarşılamasa da ciddi şəkildə bunun əleyhinə olmayacaq:
"Amma bütün hallarda bu, Ermənistana xal qazandırmayacaq. Nəticədə Ermənistan Qərblə daha sıx münasibətlər qura bilməyəcək, bu kimi məsələlərə görə Qərbə inteqrasiya edə bilməyəcək.
Yaxın günlərdə Ermənistan parlamentində hökumətin yeni dövlət proqramı müzakirə olundu. Həmin proqramın bir hissəsi xarici siyasətlə bağlıdır.
Bu hissədə də Ermənistanın Rusiyanın strateji partnyoru olması, Ermənistanın Avrasiya İqtisadi Birliyinə və KTMT-yə üzv olmasının bu ölkənin milli maraqlarını əks etdirməsi faktorları yer alıb. Yəni Ermənistanın xarici siyasətinin Rusiyanın orbitində həyata keçirildiyi o sənəddə qeyd olunub. Bu da Paşinyanın xarici siyasətinin Robert Köçəryan və Serj Sərkisyanın siyasətindən o qədər də ciddi fərqlənmədiyini göstərir. Bu da Ermənistan və Qərb arasında münasibətlərin inkişaf etdirilməyəcəyinə və strateji əməkdaşlığın olmayacağına dəlalət edir".