“Ağlınız 1990-ların xaos illərinə getməsin” Siyasət

“Ağlınız 1990-ların xaos illərinə getməsin”

Elxan Şahinoğlu: "Bu dəfə müharibə tək Qarabağı əhatə etməyəcək"

"Bu dəfə müharibə tək Qarabağı əhatə etməyəcək".
Xəbər verildiyi kimi Ermənistanın müdafiə naziri David Tonoyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində "Yalnız müdafiə olunan ordu hər zaman uduzur. Biz yalnız müdafiə mövqeyində qalmağa hazırlaşmırıq. Əgər söhbət hərbi fəaliyyətdən gedirsə, biz dayanmayacağıq" sözlərini deyib. Jurnalistin "Bu, erməni ordusunun hücuma keçəcəyi anlamına gələ bilərmi?" sualına isə o, "niyə də yox" cavabını verib.
Politoloq Elxan Şahinoğlu Tonoyanın bu isterik açıqlamasına münasibət bildirib.
Onun sözlərinə görə, Ermənistanın müdafiə naziri Xocalı qurbanlarının anıldığı gün Azərbaycanı hədələyib.
Politoloq Tonoyanın Azərbaycana səsləndirdiyi təhdidlərin cavabsız qalmayacağını deyib: "O, Azərbaycana açıq-aşkar hədə qorxu gəlməklə demək istəyir ki, növbəti toqquşmada işğal etdiymizdən daha artığını işğal edəcəyik. Azərbaycanın ünvanına edilən bu hədə cavabsız qalmamalıdır. Müdafiə nazirimiz Zakir Həsənov Tonoyana anladığı dildə sərt cavab verməlidir. Necə ki, vaxtilə erməni generallardan biri "Mingəçevir su elektrik stansiyasını vura bilərik" hədəsinə qarşı Bakıdan İrəvana "Biz də Metsamor atom elektrik stansiyasını darmadağın edərik" cavabı ünvanlanmışdı. Bununla da Mingəçevir söhbətini bir daha dillərinə gətirmədilər. Doğrusu, bilmirəm cavab nə şəkildə olacaq və ya olacaqmı? Ancaq ən azından rəsmi Bakı Tonoyana xatırlatmalıdır ki, əgər özünün dediyi kimi o, Ermənistanın iqtisadi və demoqrafik imkanlarının Azərbaycandan geri qaldığını etiraf edirsə, müharibənin nəticəsini də bu geriləməyə uyğun hesablamalıdır".
Elxan Şahinoğlu Azərbaycanın Müdafiə Nazirliyinin sərt açıqlamalarına ehtiyac olduğunu vurğulayıb: "Tonoyana deyilməlidir ki, siz 2 milyonsunuzsa, biz 10 milyona yaxınıq və ağlınız Azərbaycanda 1990-ların xaos illərinə getməsin, bu dəfə müharibə tək Qarabağı əhatə etməyəcək, Dağlıq Qarabağdakı döyüşlərin üstünə Naxçıvan, Qazax, Tovuz, Gədəbəy, yəni hardan mümkündürsə, zərbələr endiləcək. Siz hansısa istiqamətdən hücuma keçəcəksinizsə, biz həmin yerdə müdafiə olunub, başqa yerlərdən hücuma keçəcəyik. Total xarakter daşıyacaq bu dəfəki müharibəni işğala son qoyulmayana qədər dayandırmaq da mümkün olmayacaq. Bunları Tonoyanın və erməni cəmiyyətinin diqqətinə çatdırmaq lazımdır. Azərbaycan XİN-in "nazirlərin görüşünə hazırlıq gedir" kimi yumşaq açıqlamalarının (onsuz da status-kvonu uzadan bu görüşlərin nəticəsi yoxdur və qazanan İrəvandır) əvəzinə Azərbaycan Müdafiə Nazirliyinin sərt açıqlamalarına ehtiyac var".
E.Şahinoğlu sözlərinə belə davam edib:
"Tonoyan də anlayır ki, Azərbaycan milyardlarla dollar silahı və hərbi texnikanı anbarlarda saxlamaq üçün almır, onlardan istifadə olunacaq. Bunun qarşılığında əlacsız qalan Toroyan yalnız bunu deyir: "Ermənistan silahların alınmasında miqdara yox, keyfiyyətə üstünlük verəcək". Miqdara üstünlük vermək üçün pulun olmalıdır, o da yoxdur, Ermənistanı qurtaran Rusiyanın peşkəş verdiyi raketlər və qırıcı təyyarələrdir. Təsadüfi deyil ki, Tonoyan Ermənistanın bu yaxınlarda Rusiyadan güzəştli kredit hesabına 4 yeni qırıcı təyyarə alacağını bildirib. Bu ikibaşlı ifadədir. Tonoyan bizə Rusiyanın kimin yanında olduğunu xatırladır".