Yanğınlarda təxribat izi... Siyasət

Yanğınlarda təxribat izi...

Əli Əhmədov: "Hüquq-mühafizə orqanları yataqxanalarda yanğınların qəsdən törədilib-törədilmədiyini araşdırır"

"Bakının Nərimanov rayonunda məcburi köçkünlərin yaşadığı yataqxanada baş vermiş yanğından sonra, məcburi köçkünlərə onların istədiyi formada dəstək göstərildi. Onlara müvəqqəti yaşamaq üçün kompensasiya verildi. Binanın təmiri ilə əlaqədar işlər görülür. Eyni zamanda binada baş verən yanğının səbəbləri ciddi şəkildə araşdırılır".
Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.
"Son bir neçə ayda bir neçə belə yanğının baş verməsi bizi iki mənada narahat edir. Birincisi, bu yanğının nəticəsindən insanlar əziyyət çəkirlər. Axırıncı yanğında iki nəfər həlak oldu. Əlbəttə, bu bizi narahat edir. Bizim bir narahatçılığımız budur. İkincisi isə 4 dəfə yanğının baş verməsi bizi eyni zamanda başqa mənada düşünməyə vadar edir. Araşdırmaq lazımdır ki, burada hər hansı bir yanğın törətmə əməli olub, yoxsa yox. Qısa bir zamanda bir neçə yanğının olması bizdə belə fikirlərin yaranmasına səbəb olur. Ona görə də hüquq-mühafizə orqanları bunun üzərində ciddi işləyirlər ki, hər hansı bir kənar müdaxilə və ya kiminsə tərəfindən bu işin törədilməsi halları olmasın", - Əli Əhmədov bildirib.
Əli Əhmədov ölkəmizdə həyata keçirilən sosial tədbirl barədə də fikirlərini açıqlayıb. Baş nazirinin müvini Azərbaycan hökumətinin vətəndaşlar yaxşı yaşamasını istədiyini bildirib: "Vətəndaşın yaşayışı həmişə dövlətin diqqət mərkəzində olub. Bizim üçün ən böyük dəyər insandır. Azərbaycan vətəndaşı dövlətin ən böyük sərvətidir".
O qeyd edib ki, insana qayğı göstərməkdən ali dəyər yoxdur: "Bir müddət öncə bütün kateqoriyalardan olan insanların rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyev sərəncamlar imzaladı. Dövlət imkanları çərçivəsində vətəndaşların yaxşı yaşaması üçün əlavə tədbirlər görülür. Dövlət başçısının sərəncamları ilə əmək pensiyası, minimum əməkhaqqı, müavinətlər artırıldı. Vətəndaşlara verilən bütün müavinətlər artırılıb. Hökumətin imkanları artdıqca Prezidentimiz tərəfindən bu istiqamətdə addımlar atılacaq. Dövlətin imkanları vətəndaşların rifahının yaxşılaşdırılmasına sərf edilir. Azərbaycan o qədər güclü dövlətdir ki, bu cür cəsarətli addımları atır. Güman edirəm ki, insanlar bunu yüksək qiymətləndirir".
Baş nazirin müavini Prezidentin imzaladığı əfv sərəncamından da danışıb. O qeyd edib ki, bu, Prezidentin böyük humanizmindən xəbər verir: "Müxtəlif qanun pozuntularına yol verdiklərinə görə azadlıqdan məhrum edilən insanları əfv etməklə onların ailələrinə sevinc bəxş etdi. Bu sərəncam ilk deyil, dəfələrlə belə sərəncamlar imzalanıb. Azərbaycan hökumətinin məqsədi insanı cəzalandırmaq deyil, qanunun aliliyini gözləməklə insanı etdiyi səhvdən çəkindirməkdir. Əgər bu adamlar etdiyi səhvi başa düşübülərsə, Prezident humanizmlik göstərir və əfv edir. Əfv edilən şəxslərdən biri də Əli İnsanovdur. Prezident onu əfv etməklə humanizmliyini nümayiş etdirdi".
Əli Əhmədov təəssüf hiss ilə qeyd edib ki, Əli İnsanov azadlığa buraxıldıqdan sonra fərqli açıqlama verib: "Prezidentin humanizmliyi sayəsində azadlığa çıxan insan gərək belə etməyəydi. Görürsünüz ki, azadlığa çıxanlar içərisində fərqli dünya görüşünə malik insanlar var. Onların hamısı əfv sərəncamını yüksək qiymətləndirdi. Ən azından bu insani borcdur. Əgər sənə qarşı yaxşılıq, humanistlik edilibsə, bu, bir insani borcdur ki, ona "sağ ol" deyəsən. Amma biz bunu Əli İnsanovdan görmədik.
Bildiyimə görə, Əli İnsanovun azadlığa buraxılması Prezidentin bilavasitə şəxsi təşəbbüsüdür. Bununla bağlı heç bir tərəfdən nə xahiş, nə də istək olub".
YAP rəsmisi vurğulayıb ki, hər hansı beynəlxalq təşkilat və ya dövlət Əli İnsanovun azadlığa buraxılması ilə bağlı Azərbaycan hökuməti qarşısında nə vəsatət qaldırıb, nə də xahiş edib: "Əli İnsanovun pis bir bəyanat səsləndirməsi, guya, azadlığa çıxmasında hansısa dövlətin xidmətlərinin olması haqqında danışması ona edilən yaxşılığın dərk etməməsi anlamına gəlir. Bu, ən yumşaq şəkildə ifadə ediləndir. Görünür, Əli İnsanov əfv olunmasına baxmayaraq, islah olunmayıb. Buna çox təəssüf edirəm. Hesab edirəm ki, Əli İnsanov səhv addımını başa düşər. Etdiyi səhvlər onun üçün nəticə olmalıdır. O, Prezidentin etdiyi humanizmi qiymətləndirməlidir. Əgər qiymətləndirə bilmirsə, bu, onun hansı keyfiyyətlərə malik olduğunu göstərir".