Tonoyanın bu açıqlaması müharibə deməkdir Video Siyasət

Tonoyanın bu açıqlaması müharibə deməkdir Video

ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri ərəfəsində mayor Aqil Ömərovun qətlə yetirilməsi, ötən gün isə Dağlıq Qarabağdakı Ermənistan silahlı birləşmələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Elşən Xəlilovun şəhid olması bir daha sübut edir ki, Ermənistan atəşkəs rejiminin qorunub saxlanmasını, sülh danışıqlarının davam etdirilməsini istəmir. Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli Ermənistan Baş naziri Nikol Paşinyanın və Müdafiə naziri David Tonoyanın cəbhədəki son olaylar barədə açıqlamalarına münasibət bildirərkən deyib. O, son dövrlər Ermənistan ordusunun təxribatları nəticəsində ordumuzun iki hərbçisinin şəhid edilməsinin XİN rəhbərlərinin görüşü ərəfəsində qarışıqlıq yaratmaq məqsədi daşıdığını söyləyib: "Paşinyanın və Tonoyanın hərəsinin bir söz deməsi şəhidlərimizi geri qaytarmayacaq. Qarabağ məsələsində düşmənlərimiz birdirlər və bizə itki verdirməkdə davam edirlər. Ermənistanın Müdafiə naziri David Tonoyan təsdiq edib ki, Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verib. Paşinyan isə bununla bağlı təkzib verib. Bu isə göstərir ki, ya baş nazir ölkəni idarə edə bilmir, ya da bütün bunlar yalandır və sülh danışıqlarının imitasiyasıdır. İstənilən halda Ermənistan artıq öz yalanları ilə həmsədrləri, beynəlxalq ictimaiyyəti aldada bilmir". Politoloqun sözlərinə görə, erməni iqtidarı ya bilərəkdən, ya da bilməyərəkdən hər şeyi edir ki, Azərbaycan müharibəyə başlasın: "Tonoyanın növbəti açıqlamasından sonra Azərbaycana yalnız bir şey etmək qalır: düşmənə qanla cavab verib, torpaqları azad etmək". Qeyd edək ki, ötən gün Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu 2000-ci il təvəllüdlü Xəlilov Elşən Vüqar oğlu şəhid olub.