Gülarə Verdiyeva: Ulu Öndər qadınların sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib hesab edirdi Siyasət

Gülarə Verdiyeva: Ulu Öndər qadınların sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib hesab edirdi

Ölkəmizdə qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olması danılmaz tarixi faktdır. Ulu Öndər qadınların idarəetmədə, qərarqəbuletmədə, sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib hesab edirdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi Rayon Qadınlar Şurasının sədri Gülarə Verdiyeva bildirib.
O qeyd edib ki, Azərbaycanda qadın hüquqlarının qorunması, təbliği, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Ümummilli Liderimizin siyasətinin ayrılmaz tərkib hissələrindən olub. Ulu Öndərin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təmin edilməsi istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olub.
“Heydər Əliyev hər zaman vurğulayırdı ki, dövlət quruculuğunun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün bu gün də var-qüvvələrini sərf edirlər. Azərbaycanda lider qadınlar, sahibkar qadınlar yetişir. İqtisadiyyatda, siyasətdə, elmdə, təhsildə, bir sözlə, bunu hər sahədə görmək olar”, - deyə Gülarə Verdiyeva bildirib.
YAP Nəsimi Rayon Qadınlar Şurasının sədri deyib ki, Ulu Öndərin siyasətinin davam olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoyub. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı qabaqcıl dövlətlər sırasına çıxarıb. Hazırda Birinci vitse-prezident Mehriban xanım Əliyeva genişmiqyaslı fəaliyyəti ilə Azərbaycan qadınının beynəlxalq aləmdə nüfuzunu daha da yüksəklərə qaldırır.