
Fransada tələbələrin sosial tələbləri ilə başlayaraq ölkə miqyasında kütləvi iğtişaşlara çevrilən etiraz aksiyaları Emmanuel Makron hakimiyyətini dərin siyasi və sosial böhranla üz-üzə qoyub. Paris və digər böyük şəhərlərdə minlərlə etirazçının həbsi, polisin nümayişçilərə qarşı tətbiq etdiyi sərt və zorakı üsullar Fransanın illərdir dünyaya təqdim etməyə çalışdığı “demokratiya və insan hüquqlarının müdafiəçisi” imicini tamamilə darmadağın edib.
Eyni zamanda, başqa ölkələrdəki hər hansı kiçik hadisəyə dərhal reaksiya verən beynəlxalq təşkilatların və Qərb dövlətlərinin Fransadakı polis zorakılığı qarşısında susması növbəti dəfə ikili standartlar reallığını gözlər önünə sərir. Daxili siyasətdəki uğursuzluqlar, sosial problemlər və idarəetmə böhranı qarşıdan gələn 2027-ci il prezident seçkiləri ərəfəsində Fransada siyasi güclər balansını kökündən dəyişməkdədir.
“Xalq Cəbhəsi” Fransada baş verən son kütləvi etirazların pərdəarxası məqamları, Makron hakimiyyətinə dəyən ağır siyasi zərbə və geosiyasi nəticələrini siyasi ekspertlərlə müzakirə edib.
Makrona siyasi zərbə
Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən Milli Məclisin deputatı Elşad Musayev bildirib ki, Fransada nümayişlərin oktyabrın 17-19-20-si arasında daha çox vüsət aldığını qeyd etmək lazımdır: “Bu nümayişlərin baş verməsində əsas rolu tələbələr oynayır. Verilən məlumata görə məktəblərdə müəllim çatışmazlığı, təhsildə problemlər və s. məsələlər tələbələri ayağa qaldırıb. Bundan sonra isə təbii ki, digər narazı qruplar - pensiyasının azlığından şikayət edən, əməkhaqqısından narazı olanlar, sosial problemləri olan qruplar da bu tələbələrin nümayişinə dəstək veriblər”.
Deputat söyləyib ki, Parisdə və digər böyük şəhərlərdə çox ciddi nümayişlər vüsət alıb və ciddi qarşıdurmaya səbəb olub: “Etirazçıların və həm də polislərin içində xeyli yaralananlar var. 500 nəfərdən çox polisin yaralandığı deyilir və çox sayda da etiraz aksiyasına çıxanların yaralandığı, xəstəxanalara yerləşdirildiyi bildirilir. Təqribən 2500 nəfərə yaxın etirazçının, nümayişçinin həbs olunduğu qeyd olunur. Polis ən səhv üsullarla nümayişi yatırmaq istəyir, amma etirazçılar da öz etirazlarından geri qalmaq istəmirlər”.
E.Musayevin fikirlərinə görə, bu, Makron hakimiyyətinə sərf etmir: “Makron tərəfdarları, onu müdafiə edən siyasi qüvvə qarşıdan gələn 2027-ci ildə keçiriləcək prezident seçkiləri üçün çox böyük zərbə almış olurlar. Yəni bu işin siyasi nəticəsini götürsək və burada da sağçı partiyaların, Marin Le Penin partiyasının bu vəziyyətdən yararlanacağı açıq-aşkar görünür. Nəzərə alaq ki, Fransa indinin özündə də müstəmləkə siyasətini davam etdirən ölkədir və digər dövlətlərin işlərinə qarışmaqla ad çıxarıb. Həmçinin Fransa Azərbaycan-Ermənistan məsələsində, Azərbaycanın daxili işlərinə müdaxilə məsələsində burun soxmaqdan geri çəkilməyib. Görünür, bu da bir İlahi təcəllidir ki, Fransa öz xalqı tərəfindən cəzalanır”.
Fransanın imici
Politoloq Zeynal Əmrəliyev söyləyib ki, Fransada tələbələrin sosial tələblərlə keçirdiyi etiraz aksiyaları polis müdaxiləsinin sərtliyi və aksiyaların siyasi müstəviyə keçməsi ilə diqqət çəkir: “Baş verənlər ölkədə insan hüquqlarının qorunması və hakimiyyətin demokratik dəyərlərə münasibəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib”.
Onun sözlərinə görə, Fransada bu cür etiraz aksiyaları tez-tez baş versə də, əsas diqqət çəkən məqam polisin nümayişçilərə sərt müdaxiləsidir: “Fransada etiraz aksiyalarının əsas səbəbi tələbə hüquqları ilə bağlıdır. Tələbələr təhsil haqqının və xərclərinin azaldılmasını tələb edirdilər. Ümumilikdə, Fransada bu cür aksiyalar tez-tez olur. Əsas məsələ burada Fransa polisinin aksiyalara çox sərt müdaxilə etməsidir. Makron görünür ki, aksiyaları var gücü ilə dağıtmaq istəyir.
Burada əsasən sosial tələblər irəli sürülür ki, bu da 2027-ci ildə keçiriləcək növbəti prezident seçkilərində solçuların mövqeyinin güclənməsinə gətirib çıxara bilər. Artıq solçuların əsas lideri hesab olunan Jean-Luc Mélenchon aksiyalara dəstək verdiyini bəyan edib. Ümumilikdə, solçu təbəqədən gələn çıxışları gördükdə anlayırıq ki, aksiyaların siyasiləşməsi məsələsi gündəmdədir”.
Politoloq qeyd edib ki, polisin kobud müdaxiləsi və sərt tədbirləri Fransada vəziyyətin heç də ürəkaçan olmadığını göstərir: “Bu hadisələr Fransanın beynəlxalq müstəvidə formalaşdırmağa çalışdığı insan hüquqları müdafiəçisi imici ilə bağlı suallar yaradır. Bu, əlbəttə ki, polisin kobud müdaxiləsi, sərt tədbirlər görməsi ümumilikdə Fransada vəziyyətin heç də ürəkaçan olmadığını konkret şəkildə göstərir. Bu onu göstərir ki, özünü dünyada insan hüquqlarının müdafiəçisi elan etmiş dövlət heç də bu dəyərlərə riayət etmir. Yəni sözü ilə əməli arasında çox böyük fərq var. Bu da istər-istəməz Fransanın imicinə mənfi təsir göstərəcək hadisədir”.
Z.Əmrəliyev hesab edir ki, Fransada baş verən etiraz dalğası qarşıdakı prezident seçkiləri ərəfəsində siyasi qüvvələrin mövqelərinə təsir göstərə bilər: “Aksiyalar solçu qüvvələrin siyasi fəallığının və ictimai dəstəyinin artmasına zəmin yaradır. Fransadakı baş verən bu etiraz dalğası düşünürəm ki, növbəti prezident seçkilərinin də taleyinə təsir göstərə bilər. Artıq bu proses solçuların mövqeyinin kəskin şəkildə güclənməsinə gətirib çıxarıb”.
Qərbin ikili standartları
Politoloq Şakir Ağayev diqqətə çatdırıb ki, Fransada son illər baş verən iğtişaşlar, etiraz aksiyaları və siyasi böhran Emmanuel Makron hakimiyyətinin yürütdüyü siyasətin nəticəsidir: “Ölkədə demokratiya, insan hüquqları və sosial təminatlarla bağlı problemlər Makronun daxili siyasətinə ciddi narazılıq yaradır. Makron hakimiyyəti dövründə Fransada dəfələrlə etiraz aksiyaları baş verib, hökumət böhranları yaşanıb, nazirlər kabineti istefaya gedib, baş nazirlər və nazirlər dəyişdirilib. Bunlar hamısı, təbii ki, Makronun yürütdüyü sərt siyasətin nəticəsidir.Makron demək olar ki, Fransa xalqının təmsilçiliyindən çıxıb, daha çox öz maraqları baxımından və başqa dövlətlərə müdaxilə baxımından daha çox işlər görüb. Makronun hakimiyyətinin axırıncı dövrlərində də gördük ki, neçə dəfə Nazirlər Kabineti istefaya verilib, neçə dəfə nazirlər, baş nazir dəyişilib, hətta büdcə parlamentdə qəbul olunub.Yəni bütün bunların hamısı göstərir ki, adı orada və dəyərlər orada qeyd edilsə də, çox vaxt elə olur ki, başqalarına təqdim etdiyi dəyərləri Makron öz ölkəsində qorumur. Demokratiya, insan hüquqları, sosial təminatlar Makron üçün maraqlı olmadığına görə məhz bu hadisələr baş verir”.
Politoloq vurğulayıb ki, Makron Fransanın ən uğursuz daxili siyasət həyata keçirən prezidenti kimi tarixə düşür: “Ölkədəki son hadisələr və hakimiyyətin üzləşdiyi çətinliklər Fransa prezidentinin nüfuzunun zəiflədiyini göstərir”.
Ş.Ağayev beynəlxalq təşkilatların Fransada baş verən hadisələrə münasibətinin də ikili standartların növbəti təzahürü olduğunu bildirib: “Bu məsələlərə görə gözləyirsiniz, gördüyünüz gözləyə bilərikmi Fransaya qarşı bu ikili standartlar baxımından kimsə Fransada demokratiyanın pozulması, iğtişaşlara zorakı müdaxilə haqqında fikirlər yürüdür? Xeyr, bu gözlənilmir. Çünki biz Avropanın və dünyanın ikili standartlarının həmişə şahidi olmuşuq, görmüşük.
Mən gözləmirəm o beynəlxalq təşkilatların Makronun davam etməsinə münasibət bildirməsini, çünki onların bütün dövlətlərə qarşı münasibəti həmişə ikili standartlardan çıxış edib. Amerika prezidenti Trampdan başqa heç kim çıxış etməyib. Tramp Fransa hakimiyyətini tənqid edib, o da insan hüquqlarına görə yox, əksinə, qapıları bağlamamasına, sərhədləri bağlamamasına və sairə görə.
Gözləmirəm ki, bu ikili standartlar Fransadakı mitinqlərə, iğtişaşlara münasibətdə özünü göstərməsin. Yenə də ikili standartlar tətbiq olunacaq. Başqa kiçik ölkələr olsaydı, bu gün bilirik ki, hansısa bir hadisəyə görə böyük bir fırtına qaldırardılar, amma görürsünüz, hamısı susub, hamısı danışmır. Bu da gözlənilən bir hal idi.
Çünki Avropa dövlətlərini Makron, Merz və başqaları, Avropa Birliyinin rəhbərləri idarə etdikcə, onların maraqları çərçivəsində bu ikili standartlar daimi olacaq”.
Günel Elxan