Sülh prosesi: İrəvanın bəyanatları və real mənzərə Siyasət

Sülh prosesi: İrəvanın bəyanatları və real mənzərə

Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra qarşıda duran əsas məsələlərdən biri Ermənistanla sülh sazişinin imzalanması idi. Ötən zaman ərzində sülh prosesində müəyyən irəliləyişlər əldə edilsə də, lakin hələ də yekun sülh sazişi imzalanmayıb.
Ermənistan isə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək hər dəfə bir bəhanə ilə prosesi uzatmağa çalışır.
Bu dəfə isə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Azərbaycanla sülh prosesi ilə bağlı açıqlama verib. O bildirib ki, Ermənistanın qarşıdakı dövrdə əsas vəzifələri Azərbaycanla sülh sazişini imzalamaq və ratifikasiya etmək, həmçinin sərhədlərin delimitasiyası və demarkasiya prosesini tamamlamaqdır.
Bu açıqlamadan sonra belə bir sual yaranır: Bəs Ermənistanın sülh sazişini imzalamaqla bağlı açıqlaması nə dərəcədə səmimidir?
“Xalq Cəbhəsi” mövzunu millət vəkilləri və politoloqlarla müzakirə edib.
Milli Məclisin deputatı Razi Nurullayev qeyd edib ki, Ermənistan rəsmilərinin Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyası ilə bağlı son açıqlamaları diqqətəlayiqdir: “Bu, sülh prosesinin Ermənistan hökumətinin gündəliyində yer aldığını göstərir. Ancaq burada əsas məsələ bəyanatların nə dərəcədə inandırıcı səslənməsi deyil, onların konkret siyasi addımlarla təsdiqlənməsidir. Azərbaycan sülhün əldə olunmasında maraqlı olduğunu dəfələrlə nümayiş etdirib. İndi əsas məsələ bu prosesin hüquqi baxımdan tamamlanması, tərəflərin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi və regionda davamlı təhlükəsizlik mühitinin yaradılmasıdır. Ermənistanın niyyətlərini yalnız ayrı-ayrı rəsmilərin açıqlamalarına əsasən qiymətləndirmək düzgün olmazdı. Digər tərəfdən, bu bəyanatları avtomatik olaraq səmimi qəbul etmək də üçüncü tərəflərdən asılı olmayan konkret nəticələr tələb edən bir prosesə uyğun gəlmir. Sülh sazişinin imzalanması və ratifikasiyası istiqamətində real irəliləyiş, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə işlərin davam etdirilməsi, eləcə də regional kommunikasiyaların açılması ilə bağlı razılaşmaların icrası niyyətlərin praktik göstəriciləridir”.
“Hüquqi öhdəliklərin icrasına keçid vacibdir”
Deputat vurğulayıb ki, unutmaq olmaz ki, sülh sazişinin paraflanması ilə onun imzalanması və qüvvəyə minməsi eyni şey deyil: “Paraflanmış sənəd danışıqların mühüm mərhələsinin başa çatdığını göstərir, lakin davamlı sülh üçün hüquqi prosedurların tamamlanması və qarşılıqlı öhdəliklərin icrası vacibdir. Azərbaycanın mövqeyi aydındır: ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə hörmət, qarşılıqlı ərazi iddialarının olmaması, sərhədlərin beynəlxalq hüquq əsasında müəyyənləşdirilməsi və regional əməkdaşlığın inkişafı dayanıqlı sülhün əsasını təşkil edir. Ermənistanın bəyanatlarının real nəticəyə çevrilməsi də məhz bu prinsiplərə əməl olunmasından asılıdır. İnanıram ki, regionun gələcəyi qarşıdurmanın davamında deyil, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasındadır. Bunun üçün isə siyasi bəyanatlardan konkret qərarlara və hüquqi öhdəliklərin icrasına keçid vacibdir”.
“Ermənistanın bəyanatları hərəkətləri ilə uyğunlaşmır”
Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib ki, Azərbaycan-Ermənistan arasında sülh sazişini imzalamaq, ratifikasiya etmək məsələləri, eyni zamanda, demarkasiya və delimitasiya işləri gündəmdədir: “Azərbaycan onsuz da sülh müqaviləsinin layihəsini hazırlayan tərəf kimi Ermənistana sülh müqaviləsinin imzalanmasını və onun keçən il Vaşinqtonda paraflanmasını təklif edən tərəf kimi sülh təşəbbüsü ilə çıxış edib. Ermənistanın iqtisadiyyat nazirinin sonuncu bəyanatında bildirilir ki, Ermənistanın da gələcəkdə əsas vəzifəsi bu məsələlərə fokuslanmaqdır. Təbii ki, Ermənistanın bu bəyanatları onun sonuncu hərəkətləri ilə, sonuncu həyata keçirdiyi siyasətlə, ümumiyyətlə, uyğunlaşmır”.
Paşinyan nə planlaşdırır?
T.Gəncəliyev diqqətə çatdırıb ki, Paşinyan son açıqlamasında sülh müqaviləsinin 2026-2031-ci illər arasında imzalana biləcəyini deməklə çox qeyri-müəyyən bir dövr kəsiyi elan etdi və bu dövr kəsiyində sanki 2031-ci ilə qədər bu məsələnin uzadıla biləcəyi mesajını verdi: “Həmçinin hesab edirəm ki, sanki Paşinyan artıq sülh prosesini, sülh müqaviləsinin imzalanmasını öz hakimiyyətinin qorunması və mövcudluğu konteksti ilə əlaqələndirir. Yəni Ermənistan cəmiyyətinə, Ermənistanın həm daxilində, həm xaricdə olan, həm Paşinyan tərəfdarlarına, həm də anti-Paşinyan tərəfdarlarına sanki bir mesaj göndərir ki, yəni bu sülh prosesi, sülh müqaviləsinin imzalanması yalnız Paşinyan hakimiyyətdə olduğu dövrdə davam edə bilər. Buna görə 2026-2031-ci illəri özü üçün bir zaman kəsiyi müəyyənləşdirir. Sözümün canı budur ki, Paşinyan 5 illik qeyri-müəyyən müddəti irəli sürməklə həm də sanki demarkasiya və delimitasiya işlərinin uzadıla biləcəyinə eyhan vurur”.
“Ermənistan konstruktiv mövqedə görünmür”
Deputatın sözlərinə görə, Ermənistan son zamanlar konstruktiv bir mövqedə görünmür: “Ermənistanın konstitusiyasında dəyişiklik, referendumun keçirilməsi məsələləri var ki, Ermənistan Azərbaycan ərazilərinə iddiasından əl çəksin. Eyni zamanda, Ermənistanın demarkasiya, delimitasiya prosesi ilə bağlı fikirləri də qeyri-müəyyən şəkildə müxtəlif siyasi və ümumiyyətlə regional, qlobal məsələlərlə əlaqələndirilib uzadıla bilər. Ermənistan həm də bir tərəfdən də silahlanır. Onun müttəfiqləri olan Hindistan, Yunanıstan, Fransa, Yunan Kipri Ermənistana çox böyük dəstək ifadə edirlər, silah verirlər. Ermənistana heç kim qarantiya vermir ki, 2026-2031 zaman müddətini bəyan etməklə, həm o vaxta qədər silahlanıb daha da ordusunu militarizasiya etmək fikrində ola bilər və daha da silahlandıqdan sonra daha qeyri-konstruktiv və aqressiv mövqəyə keçə bilər. Yəni heç kim bunun qarantiyasını verməyib”.
“Ermənitanın bəyanatları və əməlləri üst-üstə düşmür”
O həmçinin deyib ki, Paşinyan Qarabağda, Şuşada yallı oynayıb, Qarabağın Ermənistan olduğunu bəyan edən həmin adamdır: “Ona görə də bu kimi məsələlər göstərir ki, Ermənistan rəsmilərinin bu tipli bəyanatları daha çox heç bir konkretliyə işarə verməyən, ümumi bəyanatlardır, guya Ermənistan da sülh tərəfdarıdır, sülh prosesinin getməsini istəyir. Ancaq biz müəyyən məsələlərdə görürük ki, Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri heç yerinə yetirmək fikrində deyil. Bu baxımdan Ermənistan rəsmilərinin qeyri-müəyyən sözlərlə ifadə edilmiş bəyanatlarını da diqqətlə izləmək, onları analiz etmək lazımdır. Ermənitanın bəyanatları və əməlləri təəssüflər olsun heç də həmişə üst-üstə düşmür”.
Sülhün gerçəkləşməsi...
Politoloq Tural İsmayılov deyib ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyasını, eləcə də sərhədlərin tam delimitasiyası və demarkasiyasını ölkənin qarşıdakı əsas vəzifələri sırasında göstərməsi Cənubi Qafqazda sülh gündəliyinin siyasi və iqtisadi tərəflərini yenidən müzakirəyə çıxarır: “Burada əsas məsələ yalnız İrəvanın sülh haqqında danışması deyil, bu bəyanatın konkret siyasi qərarlara, hüquqi öhdəliklərə və praktiki addımlara nə dərəcədə çevriləcəyidir. Ermənistanın sülh niyyətinin səmimiliyini qiymətləndirərkən bəyanatların özündən daha çox ölkənin faktiki davranışına, danışıqlar prosesində tutduğu mövqeyə və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə diqqət yetirmək lazımdır. Diplomatiyada sülh haqqında danışmaq vacibdir, lakin sülhün gerçəkləşməsi siyasi iradə, ardıcıl qərarlar və hüquqi təminatlar tələb edir. Burada mühüm məqamlardan biri sülh sazişinin mətninin razılaşdırılması ilə onun imzalanması və qüvvəyə minməsinin fərqli mərhələlər olmasıdır. Sənədin paraflanması danışıqlarda əldə edilmiş razılaşmaları nümayiş etdirsə də, tərəflər arasında davamlı və tam hüquqi münasibətlərin formalaşması üçün əlavə addımlar tələb olunur. Bu səbəbdən Ermənistanın sülh gündəliyinə münasibəti yalnız siyasi bəyanatlarla deyil, yekun sazişin imzalanması və ratifikasiyası istiqamətində atılan addımlarla ölçülməlidir”.
“Əldə edilən hər bir razılaşma əhəmiyyətlidir”
Politoloqun fikirlərinə görə, Azərbaycanın mövqeyində xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri Ermənistanın konstitusion-hüquqi çərçivəsi ilə bağlıdır: “Azərbaycanın yanaşmasına görə, Ermənistanın konstitusiyasında və hüquqi sənədlərində ölkəmizin ərazi bütövlüyünə qarşı iddialara hüquqi zəmin yarada biləcək müddəalar aradan qaldırılmalıdır. İrəvan bu məsələyə daxili siyasi proses kimi yanaşa bilər, lakin daxili prosedurların mövcudluğu regional təhlükəsizlik və qarşılıqlı etimad baxımından problemin əhəmiyyətini azaltmır. Əgər Ermənistan Azərbaycanla uzunmüddətli sülh münasibətləri qurmaq istəyirsə, bu niyyətin hüquqi əsaslarla da möhkəmləndirilməsi vacibdir. Sərhədlərin delimitasiyası və demarkasiyası da sülh prosesinin əsas istiqamətlərindəndir. Dövlət sərhədinin hüquqi və praktiki baxımdan müəyyənləşdirilməsi tərəflər arasında mümkün mübahisələrin qarşısının alınmasına, suverenliyin dəqiq sərhədlər daxilində tanınmasına və təhlükəsizlik risklərinin azalmasına xidmət edir. Bu sahədə əldə edilən hər bir razılaşma əhəmiyyətlidir. Lakin prosesin davamlılığı, razılaşdırılmış qərarların icrası və sərhəd məsələlərinin ardıcıl şəkildə həlli xüsusi önəm daşıyır”.
Ermənistanın daxili siyasi mühiti
T.İsmayılov əlavə edib ki, Gevorq Papoyanın açıqlamasında iqtisadi amilin ön plana çıxması da təsadüfi deyil: “Regional kommunikasiyaların açılması, ticarət əlaqələrinin genişlənməsi və nəqliyyat marşrutlarının bərpası Ermənistan üçün yeni iqtisadi imkanlar yarada bilər. Uzun illər davam edən qarşıdurmanın yaratdığı məhdudiyyətlər fonunda regional əməkdaşlığa qoşulmaq İrəvanın iqtisadi maraqlarına uyğundur. Bununla belə, iqtisadi fayda əldə etmək istəyi ilə davamlı siyasi sülhə hazır olmaq eyni məna daşımır. Əsas məsələ Ermənistanın iqtisadi imkanlardan yararlanmaqla yanaşı, bunun üçün zəruri olan siyasi və hüquqi öhdəlikləri də yerinə yetirməsidir. Digər mühüm məqam Ermənistanın daxili siyasi mühitidir. Sülh prosesi yalnız hökumətin bəyanatlarından asılı deyil. Cəmiyyətdəki münasibət, siyasi qüvvələrin mövqeyi və hakimiyyətin qəbul etdiyi qərarları həyata keçirmək imkanları da bu prosesə təsir göstərir. Buna görə də sülhün gələcəyini bir nazirin açıqlaması əsasında qiymətləndirmək düzgün olmaz. Hökumətin bəyanatları konkret qərarlarla müşayiət edilməli, qəbul olunan öhdəliklər isə siyasi konyunkturadan asılı olmayaraq davamlı hüquqi əsaslara söykənməlidir”.
“Niyyətin real məzmunu konkret addımlarla aydınlaşacaq”
“Ermənistanın sülh sazişinin imzalanmasını prioritet kimi təqdim etməsi müəyyən siyasi və iqtisadi məntiqə əsaslanır. Ancaq bu niyyətin real məzmunu yalnız konkret addımlarla aydınlaşacaq. Sazişin imzalanması, ratifikasiya prosesi, sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də qarşılıqlı ərazi bütövlüyünə hörmət prinsiplərinin praktikada təmin olunması əsas meyarlar olaraq qalır. Azərbaycan üçün əsas məsələ sülh barədə səslənən ifadələrin sayını deyil, onların hansı nəticələrə gətirib çıxardığını qiymətləndirməkdir. Ermənistanın sülh niyyətinin səmimiliyi də məhz bu kontekstdə müəyyənləşəcək. Cənubi Qafqazda davamlı sülh yalnız müharibənin olmaması deyil, dövlətlərarası münasibətlərin suverenlik, ərazi bütövlüyü və qarşılıqlı hüquqi öhdəliklər əsasında qurulması deməkdir” – deyə o söyləyib.

Röya İsrafilova