Prezidentlər noyabrda görüşə bilərlər Siyasət

Prezidentlər noyabrda görüşə bilərlər

Fransa səfiri: "Parisdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaq"

"Bu ilin noyabr ayında Fransa prezidenti Fransua Ollandın Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyanla görüşü gözlənilir".
APA-nın verdiyi məlumata görə, bunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib. Onun sözlərinə görə, üçtərəfli görüşün Parisdə baş tutması planlaşdırılır.
Səfir qeyd edib ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və sülh prosesində mövcud problemlər müzakirə olunacaq: "Hesab edirəm ki, sülhün qorunub saxlanılması üçün bu görüşün əhəmiyyəti böyükdür. Fransa ilə Azərbaycan arasında ölkələr, dinlər və mədəniyyətlərarası dialoqu artıq qurmuşuq. Gələcəkdə bu dialoqu yüksəltməyə çalışmaq lazımdır. Hazırda Fransa ilə Azərbaycan arasındakı münasibətlərin səviyyəsini yüksək qiymətləndirirəm".
Səfir Fransa parlamentinin bir qrup üzvünün rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsinə münasibət bildirib. O bildirib ki, senatorların işğal olunmuş torpaqlara səfəri və səsləndirdikləri fikirlər Fransanın mövqeyini əks etdirmir: "Fransa demokratik dövlətdir. Onların hər hansı çıxışı və hərəkəti Fransanın mövqeyi deyil. Bu, onların şəxsi işi və təşəbbüsüdür. Fransa dövlət olaraq buna görə məsuliyyət daşımır. Əvvəllər də dəfələrlə demişəm və bir daha qeyd edirəm ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir".