“Ölkəmiz sübut etdi ki....” Siyasət

“Ölkəmiz sübut etdi ki....”

Politoloq: “Beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atır və vədlərinə əməl edir”

Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. Ekspertlər hesab edirlər ki, 40-a yaxın ölkənin dövlət və hökumət başçısının, xarici işlər nazirlərinin, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdiyi Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Toplantısı bir daha Azərbaycana və dövlət başçısına olan inamın, etibarın və etimadın göstəricisidir.
Politoloq Qabil Hüseynli deyib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü ölkə başçısının yüksək məharətə, proseslərə təsiretmək və onları yönləndirmək qabiliyyətinə necə ustalıqla malik olduğunu göstərdi. O bildirib ki, BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatı nüfuzlu təşkilatdır: “Azərbaycan təşkilatın rəhbəri, Prezident isə sədridir. Ölkə başçısının təşəbbüsü ilə bundan əvvəl də videokonfrans formatında Zirvə görüşü keçirilmişdi. Belə ki, Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü təşkil olunmuşdu. Lakin budəfəki təşəbbüs daha geniş miqyaslı idi. Çünki Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr “COVID-19-a qarşı birlikdəyik” mövzusunda videokonfrans formatlı Zirvə görüşünə qatıldılar”.
Azərbaycan Prezidentinin Zirvə görüşündə ölkəmizdə pandemiyaya qarşı görülən tədbirlər haqqında məlumat verdiyini xatırladan politoloq Azərbaycanın pandemiyaya qarşı gördüyü tədbirlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini qeyd edib: “Ölkə başçısı Zirvə görüşündə Azərbaycanda pandemiyaya qarşı görülən çevik və adekvat tədbirlər nəticəsində koronavirusun nəzarətdə saxlanılması, ona qarşı effektli mübarizə və müalicə üsulları ilə yanaşı, pandemiya nəticəsində yaranan problemlərdən vətəndaşlarımızın az itki ilə çıxması üçün mühüm sosial, iqtisadi addımlar haqqında da məlumat verdi”.
Q. Hüseynli qeyd edib ki, Zirvə görüşündə Prezident İlham Əliyevin təklifi ilə Qoşulmama Hərəkatına daxil olan 120 ölkənin koronavirusla bağlı problemlərinin öyrənilməsi və onların həllinə dair praktiki tövsiyələr hazırlamaq məqsədilə yaradılacaq İşçi Qrupu təşkilata üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcək: “Həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim ediləcək. Bununla yanaşı, dövlət başçısı BMT-nin Baş Assambleyasının sessiyasınının çağırılması və orada koronavirus problemləri, eləcə də Qoşulmama Hərəkatına üzv olan ölkələrə maliyyə, eləcə də digər yardımların göstərilməsi məsələsinin müzakirə edilməsini təklif etdi. Təklif qəbul edildi və bu istiqamətdə addımların atılması mümkündür. Çünki vBMT-nin Baş katibi videomüraciətlə qatılaraq, qeyd olunan problemə yeganə cavabın cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirmişdir. Eyni zamanda, o, Azərbaycan Prezidentinin belə bir görüşü çağırmasına görə təşəkkürünü bildirərək BMT-nin Prezidentimizin səylərini dəstəklədiyini xüsusilə vurğulamışdı”.
Zirvə görüşünə Avropa İttifaqının ali nümayəndəsinin qatılmasını Qoşulmama Hərəkatının tarixində bir ilk olduğunu deyən politoloq vurğulayıb ki, Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması, dövlət başçımıza çoxsaylı təşəkkür bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun əyani göstəriciləridir: “Bununla yanaşı, videokonfransa Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru da qatılaraq bildirdi ki, Azərbaycanın pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırması nəticəsində ən çox yardıma ehtiyacı olan ölkələrə köməklik ediləcək”.
Q.Hüseynli deyib ki, ümumilikdə Zirvə görüşü Azərbaycan Prezidentinin dünyanın ən öndə gedən siyasətçiləri ilə bir sırada olmağa layiq olduğunu göstərdi: “Bu, eyni zamanda, Azərbaycanın beynəlxalq səviyyədə imicinin daha da yüksəlməsi, inkişaf etmiş ölkələr sırasına aid olduğunu ortaya qoydu. Ölkəmiz sübut etdi ki, beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atmaqla yanaşı, həmrəyliyin gücləndirilməsi və qarşılıqlı dəstəyi rəhbər tutaraq vədlərinə qətiyyətlə əməl edir”.
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Qoşulmayan Ölkələrin Təmas qrupunun Pandemiya ilə bağlı Azərbaycanın təşəbbüsü əsasında ilk videokonfransın keçirilməsi əlamətdar beynəlxalq hadisədir: “Azərbaycan öz sədrliyi dövründə bu qurumun tarixində ilk dəfə videokonfrans keçirməklə bir daha sübut etdi ki, üzvü və rəhbəri olduğu bütün beynəlxalq təşkilatların fəaliyyətinə yeniliklər gətirir, beynəlxalq təşkilatların işini və strukturunu təkmilləşdirir, yaradıcı və mütərəqqi yanaşma ortaya qoyur. Əvvəlcə türk dövlətlərinin tarixində ilk videokonfransın keçirilməsi təşəbbüsünün çox uğurlu nəticələr verməsi Azərbaycana növbəti uğurlu addımları atmaq imkanı verdi”.
Onun sözlərinə görə, Qoşulmama hərəkatının videokonfransı Azərbaycanın siyasətinin və Prezidentin təşəbbüslərinin dünya dövlətləri tərəfindən mötəbər qarşılandığına növbəti sübut oldu: “Dünya dövlətləri yaxşı halda öz daxillərində pandemiyanın nəzarət altına alınmasına daha çox səy göstərdikləri halda, Azərbaycan həm də hamının səylərinin birləşdirilməsi üçün çox əhəmiyyətli təşəbbüslər göstərdi və mühüm nəticələr əldə etdi. Bu gün koronovirusla mübarizədə dünyanın imkanlarının birləşdirilməsinə geniş yol açılıb ki, bu perspektivin reallaşmasında Azərbaycanın və prezident İlham Əliyevin böyük payı var. Azərbaycan Prezidentinin videokonfransda etdiyi təkliflər üzrə birgə fəaliyyətlərin göstərilməsi bəşəriyyətin bu bəla ilə səmərəli mübarizəsinin daha təkmil qurulmasına öz müsbət təsirini göstərəcək. Qoşulmayan 120 ölkənin timsalında dünyanın yarıdan çoxu Azərbaycanın uğurlu mübarizə metodları ilə təmas və ondan bəhrələnmək imkanı əldə etdi. Məhz bu qrup ölkələrin ehtiyacları üçün Azərbaycanın ÜST-na əlavə 5 milyon dollar yardım ayırması ölkəmizin beynəlxalq humanitar məsələlərin həllinə əməli dəstək olmaq iradəsini bir daha nümayiş etdirdi”.
Politoloq bildirib ki, Ermənistan kimi ölkələr cürbəcür yalanlar uyduraraq beynəlxalq imkanlardan maddi fayda götürməyə çalışdığı vaxtda Azərbaycan dünya ölkələrinə yardım əli uzadır, sülh və təhlükəsizliyə real töhfələr verir: “Videokonfransda mötəbər beynəlxalq və regional təşkilatların rəhbər və təmsilçilərinin iştirakı və çıxışları Azərbaycan Prezidentinin çağırışlarına həssas yanaşmadan xəbər verir. BMT, Avropa İttifaqı, Afrika Birliyi, ÜST və sair kimi təşkilat rəsmilərinin virtual konfransda iştirakı beynəlxalq əhəmiyyətli faktdır. Bu fakt sübut edir ki, beynəlxalq təşkilatlar Azərbaycanın inteqrasiya və humanitar yardım proseslərində səmimi iştirakına inanırlar”.
Aydın Quliyev vurğulayıb ki, Azərbaycan Prezidentinin pandemiyaya qarşı BMT miqyasında videokonfransın keçirilməsi təklifinin dəstəklənməsi xüsusilə əhəmiyyətlidir: “Dövlətlərin yekdilliklə bu təklifə dəstək verməsi onu təsdiq edir ki, Azərbaycan bəşəriyyətin ümumi mənafeyinə uyğun istənilən məsələ ətrafında qlobal dəstək prosesi qura və onu sona çatdıra bilər. Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilmiş videokonfrans müxtəlif regional və qlobal miqyaslı beynəlxalq təşkilatlar arasında əlaqə və əməkdaşlıq münasibətlərinin gücləndirilməsində də öz təsirini göstərir. Azərbaycanın təşəbbüs etdiyi videokonfranslar dövlətlər və təşkilatlararası inteqrasiyada yeni məzmunlu mərhələ açır”.