“Azərbaycana qarşı yeni bir plan, hiylə qurulur” Siyasət

“Azərbaycana qarşı yeni bir plan, hiylə qurulur”

Qüdrət Həsənquliyev: "Beş-altı nəfər görə beynəlxalq təşkilatlarla açıq qarşıdurmaya getmək lazım deyil"

Avropa Parlamentinin Azərbaycana qarşı çıxardığı qətnamə Milli Məclisin dünən başlayan payız sessiyasının ilk iclasında əsas müzakirə mövzusu kimi gündəmə gəlib.
Milli Məclisin deputatları Azərbaycana qarşı açıq təzyiq yolu seçən Qərbdəki bəzi dairələrin tutduqları mövqeyə etirazlarını bildiriblər. Xüsusilə ərazi bütövlüyü və insan haqları məsələsində ikili standartlardan çıxış edən bir sıra beynəlxalq təşkilatların mövqeyi sərt tənqid olunub.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev də sözügedən məsələ ilə bağlı çıxış edib.
Öncə həmkarlarını yeni sessiyanın başlanması münasibətilə təbrik edən Qüdrət Həsənquliyev spikerin Avropa Parlamentinə etiraz ifadə etmək barədə təşəbbüsünə qoşulduğunu vurğuladı: "Hesab edirəm ki, biz Avropadakı beynəlxalq təşkilatlara öz kəskin etirazımızı bildirməliyik. Hecə ola bilər ki, istənilən bir xalqın ləyaqət məsələsi olan ərazi bütövlüyü, dövlət suverenliyi məsələsində ədalətli mövqe tutmayan beynəlxalq təşkilatlar, insan haqları ilə bağlı məsələdə ədalətli mövqe tutmuş olsunlar. Belə olmur. Beynəlxalq təşkilatlar ya öz prinsiplərinə sadiq olurlar, ya da olmurlar. Ona görə də mən hesab edirəm ki, bu məsələdə biz öz kəskin etirazımızı bildirməliyik".
Bununla belə millət vəkili Azərbaycanın üzləşdiyi acı reallıqlara da diqqət çəkərək, bir neçə nəfər görə Qərblə açıq qarşıdurmaya getməməyə çağırdı: "Azərbaycana qarşı yeni bir plan, hiylə qurulur, bunu da yəqin ki, hamımız görürük, bilirik. Mən əminəm o həbsdə olanların bir neçəsinə yüksək nüfuzlu mükafatlar təqdim olunacaq və sonra yeni bir kampaniya başlanacaq ki, baxın Azərbaycanda filan mükafatların laureatları həbsdə saxlanılır. Biz belə bir acı reallıqla üz-üzəyik ki, bu gün Ermənistanın hərbi-siyasi müttəfiqi olan Rusiyanı vasitəçi kimi qəbul etmək zorundayıq və qəbul etmişik. Biz bu acı reallığı da qəbul etməliyik ki, dünyada insan haqları ilə bağlı ictimai rəyi böyük dövlətlərin barmağı ilə oturub duranların işarəsi ilə bu və ya digər ölkəyə xüsusi diqqət göstərən həmin o təşkilatlar formalaşdırırlar. Mən düşünürəm ki, biz bu acı reallığı da qəbul etməliyik ki, hətta Azərbaycan xalqına qarşı ən ağır cinayətləri törətmiş olsalar belə - hərçənd ki, bunu məhkəmə sonda müəyyənləşdirəcək ki, bu belədir, ya yox - bir neçə nəfərə görə beynəlxalq təşkilatlarla qarşıdurmaya getmək lazım deyil. Düzdür, biz onları ifşa etməliyik, deməliyik ki, siz qərəzlisiniz. Amma mən düşünmürəm ki, biz beş-altı nəfərə görə, Avropa ilə, Qərblə, beynəlxalq təşkilatlarla açıq qarşıdurmaya getməliyik. Mən hesab edirəm ki, bizim hüquq mühafizə orqanlarının rəhbərləri, ölkənin siyasi rəhbərliyi müvafiq qərar qəbul etməlidir və həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirləri məhkəməyə qədər dəyişdirilməlidir".
Qüdrət Həsənquliyev beynəlxalq təşkilatların tədbirlərin iştirakçısı kimi üzləşdiyi reallıqları diqqətə almağı da vacib saydı: "Hətta HATO-nun sonuncu iclasında mən deyəndə ki, necə olur, siz Rusiyaya sanksiya tətbiq etdiyiniz halda Ukraynanın ərazi bütövlüyünə səs verməyən Ermənistan qurumun tədbirində təmsil olunur, hətta Ukrayna bizi müdafiə etmədi, dəstək vermədi. Biz bu acı reallıqları görürük, amma böyük ölkə deyilik və siyasətimizi düzgün qurmalıyıq".

Cavanşir Həsənli