Səməd Seyidov: "Bu bəyanat Ermənistanın Avropa Parlamentində apardığı siyasətə ciddi zərbə kimi dəyərləndirilməlidir” Siyasət

Səməd Seyidov: "Bu bəyanat Ermənistanın Avropa Parlamentində apardığı siyasətə ciddi zərbə kimi dəyərləndirilməlidir”

“Bu sənədin qəbul olunması həddindən artıq vacib və əhəmiyyətli hadisədir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Parlamentinin Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisinə dair bəyanatına münasibət bildirərkən deyib.
S. Seyidov qeyd edib ki, bu sənəd Avropa Parlamentində Ermənistanın apardığı siyasətə ciddi zərbə kimi dəyərləndirilməlidir: “Bu sənədin qəbul olunması heç də təsadüfi deyil. Bu bəyanatın qəbul olunması Avropa Parlamentində, Avropa Birliyində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul edilmiş sənədlərin məntiqi nəticəsidir”.
O bildirib ki, Avropa Birliyi, eləcə də Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramına dair bir müddət əvvəl qəbul edilmiş sənədlərdə dövlətlərin ərazi bütövlüyü prinsipinin əsas kimi götürüldüyü qeyd olunub: “Biz artıq bu qərardan irəli gələn müsbət nəticələri görməyə başlayırıq. İlk dəfədir ki, Avropa Parlamentinin üç rəsmisi Azərbaycanın ərazi bütövlüyü, torpaqların işğalı və qeyri-qanuni iqtisadi fəaliyyətin işğal olunmuş ərazilərdə aparılması ilə bağlı birlikdə belə ciddi bəyanat verir. Bu bəyanat faktiki olaraq, Prezident İlham Əliyevin apardığı siyasətin və Azərbaycanın qanunun aliliyi ilə bağlı dünya ictimaiyyətinə çatdırdığı mesajların, görülən işlərin məntiqi nəticəsidir. Bu cür sənədlərin davamı gələcək. Hələ qarşıda “Şərq Tərəfdaşlığı” ölkələrinin sammiti, Avropa Parlamentinin yığıncaqları keçiriləcək. Bu tədbirlərdə də ermənilərin uydurma arqumentlərinin tamamilə kənara qoyulmasını gözləyirəm. Ona görə ki, bu sənədin qiyməti və əhəmiyyəti həddindən artıq yüksəkdir”.