Təhlükə evimizin içindədir, ondan qorunmalıyıq Siyasət

Təhlükə evimizin içindədir, ondan qorunmalıyıq

Hökumət vaxtında qabaqlayıcı tədbirlər həyata keçirməsəydi, daha böyük təhlükələrlə üzləşə bilərdik.

Bunu Xalq Cəbhəsi.az-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında Azərbaycan Prezidenti İlham Əliyevin pandemiya ilə mübarizədə hökumətin gördüyü tədbirlərlə bağlı fikirlərinə münasibətində deyib.

F.Əliyev bildirib ki, Azərbaycan hökuməti COVİD 19-la mübarizədə effektli üsullardan istifadə edib. Əhalinin sağlamlığının qorunması istiqamətində hökumətin gördüyü tədbirlər müsbət nəticələrini verib: “Lakin karantin rejiminin yumşaldılması əhalinin arxayınlığına səbəb olduğundan və etiraf edək ki, məsuliyyətsizliyimiz üzündən virusa yoluxanların və ölüm sayının artması təhlükənin hələ də üzərimizdə qalması deməkdir. Hökumət təhlükəsizliyimizin qorunması istiqamətində bütün vasitələrdən istifadə edib, amma çoxunun məsuliyyətsizliyi ağır nəticələr verib. Bu da bizim hələ də maariflənməyə böyük ehtiyacımızın olduğunu göstərir”.

ALDP sədri deyib ki, ölkədə modul tipli xəstəxanaların qurulması koronavirusla mübarizə sahəsində effektli qabaqlayıcı tədbirlərin bariz nümunəsidir. İstifadəyə verilən modul tipli xəstəxanalar 200 çarpayılıq, müasir texnologiyalar əsasında quraşdırılan xəstəxanalarıdr: “Artıq ikisi Bakıda, ikisi Sumqayıt və Gəncə şəhərlərində, biri isə Abşeron rayonunda olmaqla 5 xəstəxana istifadəyə verilib. Yaxın həftələrdə digər şəhərlərdə də bu tipli xəstəxanalar istifadəyə veriləcək və onların sayı 10-a çatdırılacaq. Bu xəstəxanaların tikintisi ilə əlaqədar qərarın hələ xəstələrin sayının az olduğu aprel ayında qəbul edilməsi onun nə qədər düzgün olduğunu aydın şəkildə göstərir. Bu da o deməkdir ki, hökumət hələ iki, üç ay öncə bu prosesə hazırlaşıb, qabaqlayıcı tədbirlər görüb. Bunları düzgün qiymətləndirməyimiz vacibdir”

Partiya sədri onu da vurğulayıb ki, ölkədə müasir tələblərə cavab verən xəstəxanalar tikilməsəydi daha böyük təhlükələrlə üzləşə bilərdik: “Bizdən yalnız virusla mübarizədə qəbul edilən qaydalara riayət etməyimiz və həyatımızı qorumaq qalır. Çox təəssüflər olsun ki, çoxumuz buna dərindən əhəmiyyət vermirik. Amma fakt odur ki, təhlükə hələ də mövcuddur, evimizin içindədir, ondan qorunmaq lazımdır. Əhalimiz maariflənməlidir”.
Cavid