“Düşmənlə eyni mövqedən çıxış edənlər layiqli cəzalarını almalıdırlar” Siyasət

“Düşmənlə eyni mövqedən çıxış edənlər layiqli cəzalarını almalıdırlar”

Elçin Mirzəbəyli: “Dövlətə, dövlətçiliyə qarşı savaş açan, ictimai sabitliyi pozmağa çalışan, təhlükəsizliyimizə zərbə vurmağa cəhd göstərən heç bir qüvvəyə qarşı yumşaq davranmaq olmaz”

İşğalçı Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi təxribatlara əl atması, Ordumuzun işğalçıya verdiyi tutarlı cavab, vətəndaşlarımızın dövlətimizin və ordumuzun yanında olduğunu nümayiş etdirməsi bir sıra mühüm məqamlara bir daha aydınlıq gətirilməsinə zəmin yaratdı. Bunu Trend-ə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.
Elçin Mirzəbəyli bildirib ki, bəlli oldu ki, Azərbaycan xalqının öz Prezidentinə, dövlətinə, Ordusuna olan inamını heç bir qüvvə sarsıda bilməz:
“Həmçinin bir daha aydın oldu ki, 1990-cı illərin dumanlı havasında, xaosun, sistemsiz idarəçiliyin dalğasında siyasi hakimiyyətin ön cərgəsinə atılanların və onların uzun illərdən bəri düşüncələrini zəhərlədikləri tərəfdarlarının təfəkküründə, siyasi dünyagörüşündə heç bir dəyişiklik baş verməyib. Bu insanlar ötən 30 il ərzində belə dövlət və dövlətçiliklə bağlı düşüncələrində heç bir dəyişiklik etməyiblər, nəinki öz siyasi maraqları, hətta məhdud dünyagörüşlərindən qaynaqlanan, məişət səviyyəli iddiaları üçün belə ərazi bütövlüyümüzü, müstəqilliyimizi, cəmiyyətdəki sabitliyi, təhlükəsizliyimizi zərbə altına qoymağa hazırdılar.
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində deyildiyi kimi, heç bir halda anti-Azərbaycan qüvvələrin meydan oxumasına, Azərbaycana çirkab yaxmasına imkan vermək olmaz və buna imkan verilməyəcək də. Cənab Prezidentin də qeyd etdiyi kimi, tarix unudulmamalı və iyulun 15-də törədilən təxribat hamı üçün bir siqnal olmalıdır. Əks təqdirdə biz bunun açı nəticələrini görə bilərik və uzun illərdən bəri, çox böyük zəhmət bahasına enerji və nəqliyyat sektorunda əldə etdiyimiz, dövlətimizə geoiqtisadi proseslərə təsir etmək imkanı qazandıran nəticələr, ölkəmizin iqtisadi və sosial inkişafının perspektivləri, milli hədəflərimiz təhlükə qarşısında qoyula bilər.
Təbii ki, buna imkan verilməyəcək, amma cəmiyyət də ayıq-sayıq olmalı, bizi milli hədəflərimizdən yayındıran bütün neqativ əməllərə qarşı fəal mövqe sərgiləməlidir. İyulun 14-dən 15-nə keçən gecə bəzi müxalif qurumların, o cümlədən, klassik nüfuz müvəkkili Əli Kərimlinin “Azərbaycan Xalq Cəbhəsi Partiyası” adlanan yedək təşkilatının nümayəndələri kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar.
Təsəvvür edin, bu adamlar o qədər mənəviyyatsızdırlar və öz dövlətlərinə o qədər qənim kəsiliblər ki, Ordumuzun düşmənlə üz-üzə ölüm-dirim savaşında olduğu, mülki vətəndaşlarımızın, onların evlərinin, təsərrüfatlarının ağır artilleriyadan atəşə tutulduğu bir zamanda, vətəndaşların orduya və dövlətə dəstək aksiyasından belə öz iyrənc məqsədləri üçün istifadə etməyə cəhd göstəriblər. Bu, Vətənə xəyanətdir və heç bir halda bağışlanıla bilməz. Prezident İlham Əliyevin də öz nitqində qeyd etdiyi kimi, bu milli məsələdir! Bu baxımdan, heç nəyə, heç bir xarici təşkilatın mövqeyinə baxılmayacaq. Belələri ermənidən, qarşımızda olan və düşmənçiliyini açıq şəkildə büruzə verən işğalçıdan daha təhlükəlidirlər.
Çünki düşmənlə qarşı-qarşı qaldığımız, açıq savaşda olduğumuz bir vaxtda cəmiyyəti parçalamağa, təşvişə salmağa, müqavimətimizi azaltmağa, dövləti əsas hədəfdən yayındırmağa çalışırlar. Bunlar ölkənin daxildə oturub xaricdən pul, təlimat alır, mühiti zəhərləyirlər və belə məqamlarda hər zaman olduğu kimi dövlətin yanında yox, düşmənin yanında yer alırlar. Biz vaxtilə parlamentin qarşısında keçirilən aksiyaların, ölkəni xaosa sürükləmək, hakimiyyət böhranı yaratmaq cəhdlərinin acı nəticələrini görmüşük.
Bunun nəticəsində torpaqlarımız işğal olunub, həmvətənlərimiz məcburi köçkün düşüblər, soyqırıma, etnik təmizləməyə məruz qalmışıq, günahsız insanlar, uşaqlar, qadınlar, yaşlı insanlar qətlə yetirilib, əsir və girov götürülüblər. Xaos, özbaşınalıq, xarici düşmənlə əlbir fəaliyyət, Azərbaycanda marağı olan dairələrin təlimatlarının yerinə yetirilməsi nəticəsində müqavimət imkanlarımız zəifləyib, etnik və regional separatizm baş qaldırıb, dövlətimiz parçalanmaq, məhv olmaq təhlükəsi qarşısında qalıb. Biz bütün bunları yaşamışıq və bu hadisələr uzaq keçmişdə yox, 1990-cı illərin əvvəllərində baş verib.
Məhz bu səbəbdən, dövlətə, dövlətçiliyə qarşı savaş açan, ictimai sabitliyi pozmağa çalışan, təhlükəsizliyimizə zərbə vurmağa cəhd göstərən heç bir qüvvəyə qarşı yumşaq davranmaq olmaz. Azərbaycan dövləti milli məsələlərdə hər zaman olduğu kimi özünün ən sərt üzünü göstərməlidir və hesab edirəm ki, vətəndaşlarımızın mütləq əksəriyyəti də, məhz bunu istəyir. Heç şübhə etmirəm ki, döyüşlər getdiyi vaxtda orduya şər atanlara, yalan uyduranlara, insanları təşvişə salmaq niyyəti güdənlərə layiqli dərs veriləcək. Prezidentin də qeyd etdiyi kimi, indi mitinq zamanı deyil. Kütləvi aksiyalar təkcə dövlətin diqqətini Ermənistanın təxrinatlarından yayındırmır, həm də pandemiya ilə mübarizəyə ciddi zərbə vurur, vətəndaşların həyatını təhlükəyə atır. Bu proses özünü real həyatla yanaşı, virtual platformada, sosial şəbəkələrdə də göstərir. Bu səbəbdən sosial şəbəkələr vasitəsilə təxribata əl atanlar, yalan, böhtan xarakterli məlumatlar yayanlar, düşmənlə eyni mövqedən çıxış edənlər də aşkarlanmalı və layiqli cəzalarını almalıdırlar. Prezident İlham Əliyevin dediyi kimi, “beşinci kolon”la iş bitirilməlidir. Buna nöqtə qoymağın zamanıdır”.