Finlandiya parlamentinin qarşısında Ermənistanın işğalçılıq siyasətinə qarşı etiraz aksiyası keçirilib Siyasət

Finlandiya parlamentinin qarşısında Ermənistanın işğalçılıq siyasətinə qarşı etiraz aksiyası keçirilib

Finlandiyanın paytaxtı Helsinkidə, bu ölkə parlamentinin qarşisında Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə etiraz aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət himninin səsləndirilməsi və şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan aksiyada, Skandinaviya Azərbaycanlilarinin Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarova çıxış edib.

Ü.Cabbarova Finlandiya Parlamentinə ünvanlanan məktubun mətnini soydaşlarımızın nəzərinə çatdırıb.

Sonra aksiya iştirakçıları fin və ingilis dillərində Azərbaycan-Ermənistan sərhədində baş verən son qanlı toqquşmalarla bağlı bəyanatlarını oxuyub.

Bəyanatda bildirilir ki, Ermənistan tərəfi növbəti dəfə planlaşdırılmış əməliyyatlar apararaq, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində hərbi təxribat törədib. Baş verən təxribat nəticəsində Azərbaycan ordusunun generalı, hərbçilər, eyni zamanda, mülki şəxslər həlak olub və hazırda bu istiqamətdə vəziyyət gərgin olaraq qalır. Sənəddə deyilir: “Ermənistan ordusu Tovuz rayonunda yaşayan mülki əhalini və yaşayış məntəqələrini də atəşə tutaraq, beynəlxalq humanitar hüququn bütün prinsip və normalarına zidd olan taktikalara da əl atıb və mülki əhalini məqsədyönlü şəkildə əsas hədəf kimi seçib”.

Tarixə nəzər salındığı bəyanatda, Dağlıq Qarabağ münaqişəsi haqda məlumat verilərək bildirilir ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması qeyd olunsa da, Ermənistanın açıq-aşkar işğalçılıq mövqeyi tutması nəticəsində bu qətnamələr indiyədək yerinə yetirilməyib.

Qeyd olunur ki, Ermənistanın yürütdüyü ideologiya, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü önündə baş verir. Dövlətlərarası xarakterinə görə beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid mənbəyinə çevrilən münaqişə beynəlxalq təşkilatlar çərçivəsində ciddi müzakirələrə səbəb olub, problemlə bağlı bir sıra mühüm sənədlər qəbul olunub. Münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır.

“İyulun 12-də qəsdən Azərbaycan-Ermənistan sərhədində, Azərbaycanın Tovuz rayonu ərazisində baş verən təcavüz aktı ictimai fikri Ermənistandakı ölkədaxili problemlərdən, eləcə də işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf 7 rayondan yayındırmaqla yanaşı, açıq şəkildə işğalçılıq siyasətini davam etdirdiyini nümayiş etdirir”,-deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, aksiya iştirakçıları Finlandiya Parlamentinin qarşısından Helsinkinin mərkəzi “Esplanaadi” parkından məşhur “Tuomio” kilsəsinə qədər yürüş ediblər. Yürüşdə ingilis, fin və Azərbaycan dilində “Qarabağ Azərbaycanındır!”, “Erməni işğalçıları Qarabağı tərk edin!”, “Yaşasın Azərbaycan” və s. şüarlar səsləndirilib.