“Erməni qapazı”ndan qorxanlar... Siyasət

“Erməni qapazı”ndan qorxanlar...

Əcəb işə düşmüşük. Bilmirik ermənilərin təxribatlarına cavab verək, yoxsa “beşinci kolon”un xaricə - Azərbaycana düşmən kəsilmiş dairələrin iti bucağına sığınmış, bucağı da, qucağı da tərs düşən tör-töküntülərinə...
İndi də azərbaycanlıların dünyanın müxtəlif ölkələrində, o cümlədən onların oturduqları... yerlərdə Ermənistanın təcavüzkar siyasətinə etiraz əlaməti olaraq keçirdikləri aksiyalar bu adamları möhkəm əndişələndirib. “Quyruq”larını qısıb sosial şəbəkələr üzərindən Azərbaycana tərəf donquldanırlar...
Daşnakların və digər erməni radikal təşkilatlarının, terror qruplarının həmvətənlərimizə qarşı güc tətbiq etmələri, onlara ağır bədən xəsarəti yetirmələri, diplomatik nümayəndəliklərimizə hücum çəkmələri, kəsəsi soydaşlarımızın, səfirlik və konsulluqlarımızın təhlükəsizliyi bu kölgəsindən qorxan sosial şəbəkə “qəhrəman”larını narahat etsəydi, bəlkə də durumu anlamaq olardı. Amma, yox... Nə Vətən, nə də həmvətən belələrinin umurunda deyil. Onları narahat edən qara sentə dəyməyən canları və sentsiz qalmaq ehtimalıdır. İttihamları da ənənəvi olaraq, dinc azərbaycanlı nümayişçilərə qarşı ağır cinayətlər törədən, yaşadıqları ölkələrin qanunlarını pozaraq insanların sərbəst toplaşmaq azadlığına zor tətbiq etməklə məhdudiyyət yaratmağa çalışan azğınılaşmış ermənilərə yönəlməyib. Hədəflərində işğala, hərbi cinayətlərə, yüminlərlə insanın fundamental hüquqlarının pozulmasına etiraz edən azərbaycanlılar və önların tarixi Vətənləri Azərbaycandır. Sevinc Osmanqızı, Cəmil Həsənli, Qənimət Zahid, Tural Sadıqlı və bu zümrə, yaxud fəsilədən olan digərləri aksiyalara və baş verən təxribatlara, ermənilərin cinayət xarakterli əməllərinə görə Azərbaycan hakimiyyətini və diaspor təşkilatlarını günahlandırırlar. YouTube və digər sosial şəbəkələr üzərindən yayımladıqları videogörüntülərdə özlərinə əl qatan, səsləri ilə üzlərini “cıran” bu şivənçilərin ermənilərin ünvanına bircə kəlmə sərt ifadə səsləndirməyə belə nələrisə çatmır. Olsun cəsarətləri... Çatmır, vəssalam!
Azərbaycan hakimiyyətini, indiki halda Azərbaycan xalqını ittiham etməklə isə baş verənlərin bütün suçunu öz vətənlərinin və həmvətənlərinin üzərinə yükləməyə, ermənilə isə “baxın, biz onları ittiham edirik, biz onlardan deyilik” mesajını verməyə çalışırlar. Birdən yaşadıqları ölkələrdəki ermənilər onları da azərbaycanlı bilib başlarına bir qapaz vura, yaxud qrantlarının krantını bağlaya bilərlər. Aman Allah, elə bil bir neçə gün öncə Azərbaycanı Ermənistana qarşı genişmiqyaslı müharibəyə, ölüm-dirim savaşına səsləyən, ermənilərin hərbi təxribatlarının müqabilində hərbi müdaxilədən dəm vuran və ictimai rəyə bu bağlamda nifaq, etimadsızlıq toxumu səpmək istəyənlər bunlar deyildi... Bu rəzil xəyanət dağarcıqlarını başqalarının şəhid olması, yaralanması, uşaqların, qadınların yaşlıların hədəfə alınması, qətlə yetirilməsi, evlərinin darmadağın edilməsi zərrə qədər də narahat etmir, amma başlarına dəyə biləcəyi ehtimal olunan bir erməni qapazından o qədər qorxurlar ki, altlarını virtual, yaxud real olaraq islatdıqlarını belə hiss etdirirlər.
Ustad Nəsimi demişkən, (Sevincin, Cəmilin, Qənimət Zahidin “...bir barmağın kəssən dönüb haqdan qaçar”...
İndi bunların barmağını kimsə kəsməyib. Buna ehyam da vurmayıbar. Heç başlarına da qapaz dəyməyib. Amma necə qorxublarsa beyinlərini də, dillərini də podaqra tutub...
Bu onların gerçək simalarıdır, maskasız-filansız. Tülkü kimi özgə qapılarında sülənib quyruq bulamaqla gün keçirir, sonra da demokratiyadan, söz azadlığından dəm vururlar.
Demokrat olmaq ilk növbədə öz xalqının və onun qurduğu dövlətin maraqlarının keşiyində dayanmaqdır. Söz azadlığının keşiyində dayanmaq isə, indiki halda dünyanın müxtəlif ölkələrində Azərbaycan xalqının haq səsini susdurmağa çalışan azğın ermənilərə qarşı getmək cəsarətidir. Düşmənin yanında yer almağın isə bir adı var – XƏYANƏT!

Elçin Mirzəbəyli