Deputat: Prezident Ermənistana, onun havadarlarına çox ciddi və açıq mesajlar verdi Siyasət

Deputat: Prezident Ermənistana, onun havadarlarına çox ciddi və açıq mesajlar verdi

Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra yerli televiziyalara müsahibəsi zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistanın yeni müharibəyə hazırlığı və təxribatçı əməlləri ilə bağlı həm Ermənistana, həm də onun havadarlarına çox ciddi və açıq mesajlar verdi.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri bildirib ki, Ermənistan işğalçı dövlətdir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində də birmənalı şəkildə tələb edilir ki, işğalçı qüvvələr dərhal, qeyd-şərtsiz bu ərazilərdən çıxarılmalıdır:

“Amma Minsk Qrupu həmsədrləri yeni “resept”lər axtarışındadır. Onlar BMT TŞ-nin qətnamələrinin icrasını təmin etməlidirlər. Öz yurd-yuvasından didərgin düşmüş yüz minlərlə məcburi köçkün və bütövlükdə Azərbaycan xalqı onlardan 30 ildir bunu gözləyir. Gözləyirlər ki, susmuş vicdanlar nə zaman danışacaqlar?!

Prezident İlham Əliyev xalqın iradəsini beynəlxalq hüquq normaları əsasında belə ifadə edir: “Biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Özümüz-özümüzü, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir. Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur. Bizim bir şərtimiz var, onlar torpaqlarımızdan qeyd-şərtsiz və tam şəkildə çıxmalıdırlar, bu, BMT TŞ-nın qətnamələrində öz əksini tapır”.

B.Əliyev vurğulayıb ki, təcavüzkar Ermənistan Azərbaycanı yeni müharibə, yeni əraziləri işğal edəcəyi ilə hədələyir və durmadan silahlanır:

“Hesab edirik ki, Ermənistanın faşist ideologiyalı yeni rəhbərliyi çox ciddi təhlükədir. Onlar nəinki Azərbaycanı, həm də bütün bölgəni təhdid edirlər. Ona görə də təcavüzkar Ermənistanın növbəti soyqrımlar törətməsinə qətiyyən imkan vermək olmaz. Təcavüzkar Ermənistan BMT TŞ-nin qətnamələrinə uyğun olaraq beynəlxalq ictimaiyyətin dəstəyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən vaxtında susdurulmalı, ərazilərimiz işğaldan tam azad edilməli, bölgədə sülh və tərəqqi təmin edilməlidir.

Ermənistan unutmamalıdır ki, Azərbaycan heç zaman torpaqlarının işğal altında qalması ilə razılaşmayacaq. Azərbaycan mütləq öz ərazi bütövlüyünü bərpa edəcək və işğal edilmiş ərazilərimizi erməni terrorçularından təmizləyəcək. Cənab Prezident İlham Əliyev bununla bağlı çox açıq mesaj verərək bəyan etdi ki, “biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Qədim, tarixi torpaqlarımıza mütləq qayıdacağıq”.

Ermənistan bu mesajdan nəticə çıxarmalıdır, əks halda onu ağır nəticələr gözləyir”.