Yaponiyanın “YouTube” kanalında Ermənistanın Naxçıvana raket hücumunu pisləyən veriliş yayımlanıb Siyasət

Yaponiyanın “YouTube” kanalında Ermənistanın Naxçıvana raket hücumunu pisləyən veriliş yayımlanıb

Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında Ermənistanın Azərbaycanın şəhərlərinə, o cümlədən Naxçıvan Muxtar Respublikasına raket hücumunu pisləyən veriliş yayımlanıb.

AZƏRTAC xəbər verir ki, verilişin aparıcılar Kazuyasu İşida və Yasuhiro İşibaşi yapon tamaşaçılara Azərbaycan, onun coğrafi mövqeyi, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası barədə məlumat veriblər. Qeyd ediblər ki, qədim və zəngin tarixə malik olan Naxçıvanın adı bəşəriyyəti böyük daşqından xilas edən Nuh peyğəmbərin quruya çıxdığı yer kimi izah edilir. Çox zəngin mədəniyyətə malik olan Naxçıvan Azərbaycan tarixində mühüm yer tutmaqla yanaşı, böyük dövlət xadimləri, şair və mütəfəkkirlərin vətəni kimi də tanınır.

Verilişdə son bir ayda Ermənistanla Azərbaycan arasında gərginləşən və bütün dünyanın diqqətini özünə cəlb edən müharibə barədə də məlumat verilib. Qeyd olunub ki, Azərbaycan ordusu 30 ildir ki, Ermənistan tərəfindən işğal edilən Azərbaycan ərazilərinin azad edilməsi məqsədilə əməliyyatlara başlayıb. Azərbaycan ordusunun müzəffər yürüşünün qarşısını almaqda aciz olan Ermənistan bunun cavabında Azərbaycanın şəhərlərini, mülki əhalisini raket atəşinə tutur. Belə hücumlar Naxçıvan ərazisinə də edilib. Verilişin aparıcıları bunu beynəlxalq qanunların və müvafiq konvensiyaların pozulması halı kimi pisləyiblər.

Yaponiyanın Okinava prefekturasının nümayəndə heyətinin Naxçıvana səfərini xatırladan K.İşida bu ərazinin müasir inkişafı, qonaqpərvər və səmimi insanları ilə diqqəti cəlb etdiyini bildirib. Həmin səfər çərçivəsində Naxçıvanın tarixi yerlərini ziyarət etmələri, yerli sənaye müəssisləri, turizm və mədəniyyət obyektləri ilə tanış olmalarını xatırladıb. Naxçıvan şəhər İcra hakimiyyətində Okinava prefekturasının mərkəzi şəhəri Miyakocima ilə Naxçıvan şəhəri arasında qardaşlıq əlaqələrinin qurulması məqsədilə aparılan müzakirələrdən danışıb. Səfər başa çatdıqdan sonra Miyakocima şəhərində Naxçıvana həsr olunan xüsusi foto sərginin təşkil olunduğunu, yerli qəzetlərin bu səfəri çox geniş işıqlandırdığını bildirib. Vurğulayıb ki, Miyakocima ilə Naxçıvan şəhəri arasında əməkdaşlıq əlaqələrinin qurulması həm iki xalqın bir-birini yaxından tanımasına, həm də qarşılıqlı inkişafa mühüm töhfələr verə bilər.

Verilişdə Azərbaycanda müstəqilliyin bərpasından sonra həyata keçirilən nəhəng neft və qaz layihələri nəticəsində əldə edilən sürətli inkişaf barədə də yapon tamaşaçılara geniş məlumat verilib. Azərbaycanın Avrasiya ölkələrinin enerji təminatında mühüm rol oynadığı vurğulanıb.