“Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası”nın Məşvərət Şurası Prezident İlham Əliyevə məktub göndərib Siyasət

“Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası”nın Məşvərət Şurası Prezident İlham Əliyevə məktub göndərib

“Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası”nın Məşvərət Şurası Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir: "Hörmətli cənab Prezident. 2020-ci il 10 noyabr Azərbaycan tarixinə Böyük Qələbə günü kimi daxil oldu. Rusiya Federasiyasının bütün regionlarında yaşayan azərbaycanlılar bu şanlı Qələbəni və əzəli, tarixi Azərbaycan torpaqlarının işğaldan azad olunmasını bayram edirlər.

Bu şanlı Qələbəyə dahi ümummilli liderimiz Heydər Əliyevin layiqli varisi kimi Sizin müdrik, uzaqgörən siyasətiniz, böyük zəhmətiniz, iradə və qətiyyətiniz sayəsində nail olundu.

Ötən 30 il ərzində münaqişənin sülh yolu ilə nizama salınması üzrə danışıqlar prosesində iştirak etməyimiz bizim sülh tərəfdarı olduğumuzun əyani sübutudur. Zəbt edilmiş bütün Azərbaycan ərazilərindən işğalçıların dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistan 27 il məhəl qoymamışdı. Lakin Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı şanlı və rəşadətli Ordumuzu məcbur etdi ki, işğal olunmuş torpaqlarımızı öz qüvvəmizlə, hərbi yolla azad etsin. Sizin komandanlığınız altında Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində Dağlıq Qarabağa bitişik bir çox əraziləri, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa şəhərini azad etdi.

“Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası”nın Məşvərət Şurası adından parlaq Qələbəyə görə, həmçinin Azərbaycanın Prezidenti vəzifəsində apardığınız xarici siyasətə görə Sizə səmimi minnətdarlığımızı bildiririk.

Biz hamımız tarixi Azərbaycan torpaqlarını işğaldan fədakarlıqla azad etmiş igid oğullarımız və şəhidlərimiz qarşısında baş əyirik. Şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayacaqlar. Biz onların igidliyini heç zaman unutmayacağıq!

Bu müharibə Azərbaycan xalqının iradəsini və öz Ali Baş Komandanı ətrafında sıx birləşdiyini nümayiş etdirdi. Tarixi ədalət zəfər çaldı və Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıtdı.

Yaşasın Azərbaycan!"