Xələf Xələfov Xəzərin statusundan danışdı Siyasət

Xələf Xələfov Xəzərin statusundan danışdı

"Bakıda işçi qrupunun növbəti görüşünün keçirilməsi təxirə salınıb"

"2015-ci ildə Gürcüstan-Azərbaycan dövlət sərhədinin razılaşdırılmamış hissələrinin də dövlət komissiyası tərəfindən razılaşdırılması vacibdir". "Trend"in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
Nazir müavini qeyd edib ki, hazırda Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiyası prosesi həyata keçirilir. İndiyədək dövlət sərhəd xəttinin böyük hissəsi komissiyalar tərəfindən razılaşdırılıb. Sərhədlərin təxminən 1/3-i razılaşdırılmayan hissə kimi qalıb. 2015-ci ilin əvvəllərində bu istiqamətdə məsləhətləşmələr davam etdiriləcək.
X.Xələfov deyib ki, Rusiya ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələsi ilə bağlı dövlətlətlərarası müqavilə imzalanıb. Müqavilənin tələblərinə uyğun olaraq, dövlət sərhədlərin demarkasiyası prosesi aparılır, dövlət komissiyaları fəaliyyət göstərir:
"Biz artıq bir neçə görüşlər keçirmişik, nomativ sənədləri qəbul etmişik və bu sənədlər Milli Məclis tərəfindən təsdiq olunub. Normativ proses başa çatandan sonra demarkasiyanın həyata keçirilməsi üçün sərhədboyu işarələrin qoyulması və bu kimi digər işlərin görülməsi üçün bu fəaliyyəti davam etdirəcəyik. Bu, uzunmüddətli fəaliyyətdir. Rusiya Azərbaycan sərhədlərinin uzunluğuna görə bu istiqamətdə fəaliyyət bir neçə il davam edəcək. Bu illər çərçivəsində dövlət komissiyası daim fəaliyyət göstərəcək. Dövlət komissiyalarının nəzdində olan işçi qrupları da bu fəaliyyətin əlaqələndirilməsini və ardıcıllığını təmin edəcəklər".
Xəzərin statusu barədə də danışan X.Xələfov bildirib ki, dekabrda Bakıda işçi qrupunun növbəti görüşünün keçirilməsi planlaşdırılsa da, görüşdə iştirak edəcək heyətlərin iş cədvəllərində müəyyən dəyişikliklər olduğu üçün təxirə salınıb: "Biz bu tarixi 2015-ci ilin əvvələrində dəqiqləşdirib tədbiri keçirəcəyik. Həştərxan sammitində dövlət başçılarının yekdil qərarı ilə nəzərdə tutulub ki, iki ildən sonra Qazaxıstanda sammit keçirilsin. Bütün Xəzəryanı ölkələr bu tədbirlər çərçivəsində fəaliyyətlərini davam etdirəcəklər".