“Əli Kərimli hansı mənəviyyatdan danışır?” Siyasət

“Əli Kərimli hansı mənəviyyatdan danışır?”

Əflan İbrahimov: "Onun fəaliyyəti büsbütün xəyanətdən ibarətdir"

AXCP sədri Əli Kərimlinin barəsində həbs qətimkan tədbiri seçilmiş jurnalist Xədicə İsmayılın həbsini siyasiləşdirmək cəhdi etiraz doğurub.
Ə.Kərimlinin "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılın həbsi barəsində özünün "Facebook" səhifəsində paylaşdığı və daha sonra "Azadlıq" qəzetində dərc olunmuş statusda adıçəkilən jurnalistin istintaqa cəlb olunmasına cəmiyyətin "kəskin təpki göstərdiyini və bu addımın mənəviyyatdan uzaq olduğunu" yazıb.
Partiya sədrinin bu fikirlərini Gün.Az-a şərh edən Xalq Hərəkatı Partiyasının (XHP) sədri Əflan İbrahimov bildirib ki, Ə.Kərimlinin jurnalist X.İsmayılı müdafiə etməsinin səbəbi aydın olsa da, onun mənəviyyatdan danışmağa haqqı yoxdur:
"Mən əvvəl də demişdim ki, Leyla Yunus kimi Xədicə İsmayılın da fəaliyyəti Azərbaycanın dövlət maraqlarına qarşı yönəlib. Bu baxımdan, onun da bu fəaliyyətinə görə tez-gec cavab verməli olduğunu demişdim.
Amma iş elə gətirdi ki, Xədicə İsmayıl fərqli bir məsələ ilə bağlı məsuliyyətə cəlb olunub. Hər halda, bununla əlaqədar istintaq bütün məqamlara aydınlıq gətirəcək.
Xarici çevrələrin bu jurnalisti dəstəkləmələrinin də səbəbi aydındır. Yəni indiyə kimi Xədicə İsmayıl onların xidmətində idi, indi isə həbsdə olduğundan xaricilər onun qulluğunda dayanıblar.
Əli Kərimlinin canfəşanlığına gəldikdə isə bu da təəccüblü deyil. Hamıya məlumdur ki, Xədicə İsmayılın jurnalist fəaliyyəti həm də Kərimlinin təbliğinə həsr olunub.
Amma bu adamın indi durub mənəviyyatdan danışması yumşaq desək, gülməli görünür. Onu tanıyan adam kimi deyirəm ki, bütün fəaliyyəti xəyanətdən ibarət olan Kərimlinin mənəviyyatdan danışmağa haqqı yoxdur.
Hamının tanıdığı, fəaliyyəti xəyanətdən ibarət olan Kərimli hansı mənəviyyatdan danışır?"