Mitinq əvəzinə uğursuz inaqurasiya... Siyasət

Mitinq əvəzinə uğursuz inaqurasiya...

Səxavət Əlisoy: "Təqdimat mərasimi isə çox biabırçı bir vəziyyətdə yəni, 300-400 nəfər insanın ora gəlişi ilə qeyd edildi"

Kamil Xəlilbəyli: "Müsavat Partiyasının Arif Hacılı tərəfindən parçalandığı gerçəyi sübut olundu"

Müsavat Partiyasının gözlənilən mitinqi baş tutdu. İştirakçı sayı beş yüzə çatmayan mitinq barəsində partiyadan çıxarılan üzvlər də öz fikirlərini bildiriblər. Partiya başqanı Arif Hacılını tənqid edən Səxavət Əlisoy mitinq bitər-bitməz bu barədə öz iradlarını kəskin şəkildə bildirib: "Gördünüzmü, adam tarixi bir partiyanı nə günə qoydu. Rəzalət bax budur. 21 ildir partiyanın 3 önəmli postunu işğal etmiş bir zatın kim olduğunu anlamaq bundan sonramı da zor bir işdir? Yaxşı ki, Vurğun Əyyub başda olmaqla, "xəyanətkar" adlandırılan müsavatçıların bir qismi orada idi. Yoxsa "xəyanətkar" Kamil Xəlilbəyli demiş aksiya dəfn mərasimini xatırladacaqdı. Yazıqlar olsun "Müsavat"ı bu günə qoyanlara".
Səxavət Əlisoy edib ki, ümumiyyətlə siyasi aksiya nəyinsə xatirinə keçirilməli deyil: "Əgər ortada hər hansı bir "siyasi məhbus"lar söhbəti varsa, partiya buna çox ciddi hazırlaşıb və tutarlı arqumentlər ortaya qoyaraq həll etməlidir". Keçmiş partiya funksionerinin sözlərinə görə, bu aksiya "siyasi məhbuslar"dan daha çox Arif Hacılının inaqurasiya məsələdi idi: "O saxtakar başqan seçildikdən sonra ilk dəfə olaraq həmin aksiyada özünü cəmiyyətə təqdim edirdi. Təqdimat mərasimi isə çox biabırçı bir vəziyyətdə yəni, 300-400 nəfər insanın ora gəlişi ilə qeyd edildi. Ümumiyyətlə bu aksiyanın "siyasi məhbuslar" üçün heç bir əhəmiyyəti yoxdur. Aksiya yalnız Arif Hacılının özünə hesablanmışdı. Onların "siyasi məhbus" məsələsini 250 nəfərlə hər hansı bir meydanda deyil, dəyirmi masa ətrafında müzakirəsini daha məqsədəuyğun sayardım... Arif Hacılı heç vaxt müxalifətin bir olması üçün addım atmayıb. Artıq Azərbaycan müxalifəti öz zehniyyətində dəyişiklik etməlidir. Ən azı 20 il ərzində 200-300 mitinq keçirərək azsaylı tərəfdarları meydana toplayıb, hər hansı bir qətnamə oxumaqla uğurlu nəticə əldə etmək mümkün deyil. Hesab edirəm ki, bu aksiyalar meydanlardan yığışdırılmalı, müxalifət öz taktiki gedişlərini dəyişdirməlidir. Çox təəssüf ki, müxalifət liderləri hələ də öz işlərini 1990-cı illərin zehniyyəti ilə qururlar. Onlarda irəliyə doğru heç bir gediş yoxdur. Beləcə, bu taktikalar təkəbbür, yekəxanalıq üzərində qurulur ki, bunun da heç bir faydası olmur".
Səxavət Əlisoyun qeyd etdiyi kimi, Kamil Xəlilbəyli də mitinqin bərbad keçirildiyini düşünərək, bunun səbəblərini bildirib: "Mitinqin biabırçı bəhanələri:
1. Hava soyuq idi. 2. Hakimiyyət gec icazə verdi. 3. Kamil Xəlilbəyli kimi "xain"lər mitinqdə deyildi (amma ordaydıq). 4. Hakimiyyətin təqib etməsi qorxusu.
Lakin əsl səbəblər isə aşağıdakı kimi idi: 1. Arif Hacılı və qaragüruhçuları mənəm- mənəmlik edirdi. 2. Təşkilatçılıq olduqca zəif idi (Halbuki, iki həftə öncədən qərar verilmişdi). 3. "Müsavat" bayrağını tutanların çoxu yaşlı nəsil idi. 4. Böyük "Müsavat" bayrağının bir tərəfindən tutan olmadığı üçün yerə sərilmiş və üstünə daşlar qoyulmuşdu. 5. Bu rəhbərliklə bu iş yürüməz.
6. İsa Qəmbər səhv etdiyini anladı. 7. Müsavat Partiyasının Arif Hacılı tərəfindən parçalandığı gerçəyi sübut olundu".
Qeyd edək ki, Müsavat Partiyası 14 dekabr tarixində Məhsul stadionunda mitinq keçirib. Rəsmi açıqlamaya görə, mitinqdə 400 nəfər iştirak edib.
"Əgər mitinqi uğurlu adlandırırlarsa, demək, Müsavat Partiyasının başında duranlar ya uğur sözünün nə demək olduğunu anlamırlar, ya da potensiallarını dəqiq bildiklərindən özləri haqda hər kəsdən daha bədbin fikirdədirlər", - deyən . millət vəkili Sahib Alıyev "onlar yəqin düşünürlərmiş ki, mitinqə toplaşanların sayı heç yüzü də keçməyəcək,- deyə vurğulayıb: " Keçib, demək, uğurdan danışmaq olar. Ancaq bir fakt da unudulmamalıdır ki, orada rəsmi strukturların mülki geyimli təmsilçilərinin sayı da az deyildi, hətta mitinqləməyə gələnlərdən, bəlkə də, çox idi". Millət vəkili aksiyada Leyla Yunusla bağlı fikirlərin səsləndirilməsinə də münasibət açıqlayıb: "İsa Qəmbər deyir ki, mitinq Beynəlxaq İnsan Haqları gününə həsr edilibmiş. Elə isə nədən orada Leyla Yunusun portretini başları üzərində qaldıraraq ona azadlıq tələb etdikləri halda, ən böyük haqsızlıqla üzləşən 750 min qarabağlıdan danışılmadı? O adamlardan ki, 20 ildən artıqdır didərgin düşdükləri yurdlarına qayıda bilmirlər. Qəmbərin mitinqinin qəmbərqulusu bax bu sualın cavabındadır".
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəliki Siyavuş Novruzov deyib isə "Müsavat partiyasının keçirdiyi mitinq bir daha onu göstərdi ki, artıq bunların Azərbaycan cəmiyyətində nəinki dəstəyi, heç hörməti də qalmayıb",- deyə bildirib. S.Novruzov qeyd edib ki, Müsavat partiyasının malik olduğu sosial baza, elektorat bundan ibarətdir: "Uzun mddətdir guya mitinqlərə hazırlıqla bağlı müxtəlif bəyanatlar verirdilər, populyar mövzular axtarırdılar ki, kimləri cəlb edə biləcəklər, xarici təşkilatları bu işlərə cəlb edib onlardan maliyyə alacaqlar, amma nəticə etibarı ilə jurnalistlər, təhlükəsizlik xidmətinin əməkdaşları da daxil olmaqla mitinqdə 400-dən bir az çox adam var idi. Bu bir daha onu göstərir ki, insanlarda bunlara heç bir inam yoxdur".
YAP İcra katibinin müavini əlavə edib ki, bu mitinq həm də onu təsdiq etdi ki, Müsavat partiyasının daxilində çox böyük ziddiyətlər var: "Bütün bunlar həm partiyanın parçalanması, həm ümumiyyətlə cəmiyyətin artıq bu partiyalara etimadının olmaması, sosial bazanın, elektoratının olmaması, partiya daxilində islahatların aparılmaması və cəmiyyət üçün lazım olan hər hansı bir ideyanın, fikirin, yeniliyin gətirəlməməsindən irəli gəlir".

Əli