“Müsavatda sultanlıq sistemi yaradıblar...” Siyasət

“Müsavatda sultanlıq sistemi yaradıblar...”

Səxavət Əlisoy: "Bu partiyada mövcud vəziyyət düzəlməyəcək"

"Onlar nə zamana qədər ki Müsavatda sultanlıq sistemi yaradıblar və yalanlar söyləməkdə davam edəcəklər, bu partiyada mövcud vəziyyət düzəlməyəcək". Bu fikirləri Müsavat Partiyası başqanının keçmiş müşaviri, hazırda Qubad İbadoğlunun təsis etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təşkilat komitəsinin üzvü olan Səxavət Əlisoy Müsavatda olan yeni təyinatlara münasibətini bildirərkən deyib. Eks-müsavatçı bu partiyada demokratik mühitin, ümumiyyətlə olmadığını bir daha deyib: "Yalnız ağlında problemi olan insanlar deyə bilər ki, Müsavatda bütün proseslər demokratik yolla həyata keçirilir. Qurultayda baş verən saxtakarlıq və ondan sonra davam edən fəaliyyətlər sosial şəbəkələrdə böyük təpkiylə qarşılandı. Partiyanın Səbail rayon təşkilatının konfransını keçirdilər daha sonra isə böyük səhv etdiklərini anlayıb konfransın nəticələri ləğv etdilər. İkram İsrafilin oğlu üçün saxtakar, partiyanın başını yerə soxacaq qədər səviyyəsiz bəyanat imzaladılar, alternativsiz sədr seçkisi keçirdilər, partiya sıralarından uzaqlaşdırılan Qubadlı rayon təşkilatına üzv olan bir müsavatçını partiyaya bərpa edib, daha sonra yenidən çıxardılar. Bütün bunlar əlbəttə ki, oyunbazlıqlarından xəbər verir. Guya bunlar demokratiya carçılarıdır, digərlərinin demokratiyadan anlayışı yoxdur və s".
Səxavət Əlisoy başqan müavini Gülağa Aslanlının başqan Arif Hacılının daha öncəki postuna rəhbər seçilməsinə də münasibətini açıqlayıb. Onun fikrincə, Mərkəzi İcra Aparatının sədri postu Nizamnamədən kənar vəzifədir: "Əgər Arif Hacılının başında zərrə qədər demokratiya anlayışı olsaydı, bu anti-demokratik qurumu ləğv edərdi. Bu vəzifə partiya rəhbərinin köməkçisindən fərqli vəzifə deyil".
ADR hərəkatının funksioneri bildirib ki, Müsavat Partiyasını Arif Hacılı tək idarə etmir: "Bu gün partiyada özgür fikri olan bir nəfər belə, Arif Hacılının yanında dayana bilməz. Onu dərhal uzaqlaşdırarlar və yaxud da şantaj edərlər. Arif Hacılının özü də etiraf edib ki, qərar qəbul edərkən İsa Qəmbərlə məsləhətləşmələr aparır. Bu hansı anlama gələ bilər ki? Bunun bir anlamı var - Müsavat partiyası şərikli idarə olunur. Onlar bilməlidirlər ki, bu, uşaq bağçasının idarə olunması deyil, bu siyasi partiyanın idarə olunmasıdır".
ADR-in partiyaya çevrilə biləcəyi ehtimalına da münasibət bildirən Səxavət Əlisoy qeyd edib ki, bu barədə danışmaq hələ ki, tezdir. Çünki hazırda hərəkatın təşkilatlanması prosesi aparılır: "Qubad İbadoğlu ilə bir sıra müzakirələr aparmışıq və siyasi xəttimizin fərqli olacağını düşünürük. Artıq Azərbaycanın iki rayonunda təşkilat yaranıb. Çox ciddi işlər gedir".
Səxavət Əlisoy hərəkatın radikal, populist, küçə təfəkkürü ilə idarə olunmayacağını bildirib və deyib ki, əsas olaraq nəzərdə tutulub ki, ADR intellektə söykənən bir qurum kimi fəaliyyət göstərsin: "Populist fikirlərdən uzaq, intellektə söykənən bir xətt seçmişik. Qarşıya qoyduğumuz əsas məqsəd siyasi arenada ciddi siyasi islahatlara getməkdir. Biz öz yolumuzu, məhz bu istiqamətdə davam etdirməyi düşünürük".
Onu da bildirək ki, KXCP üzvlərinin də ADR-ə qoşulması barədə məlumatlar yayılıb. Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu narazı müsavatçı, partiya başqanlığına namizəd olmuş Qubad İbadoğlunun təsis etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatına (ADR) KXCP üzvlərinin də qoşulmasına münasibət bildirərkən deyib ki, yeni yaradılan siyasi partiya və təşkilatlara uğurlar diləyirik: "Lakin konkret olaraq verilən bu kimi suallara zamanında münasibət bildirmişik, indi də həmin sözləri təkrarlamaq istərdim". Xəzər Teyyublu bildirib ki, bu gün özlərini KXCP üzvü adlandıranların bu partiyaya heç bir aidiyyatı yoxdur: "Artıq bəllidir ki, hərəkat deyilən bir qurumun təsis təşkilat komitəsi yaradılıb və təşkilatın tədbirlərindən biri də KXCP-nin Salyan rayon təşkilatında keçirilib. Lakin onu da vurğulamaq istərdim ki, bu gün özlərini KXCP-nin siyasi həyatında hiss edən bir sıra şəxsin ADR-də təmsil olunmaları qeyri-mümkündür. Çünki ADR-ə qoşulanlar vaxtilə KXCP daxilində fraksiya yaradaraq, bu partiyanın işinə xələl gətirməyə çalışan tərəflərdirlər. Yəni hal-hazırda KXCP-də Fraksiya yaradan bir qrup şəxs əslində, KXCP-nin işində iştirak etmir".
Partiya rəsmisi deyib ki, əgər kimlərsə hansısa hərəkatda təmsil olunmağı nəzərdə tuturlarsa, buyursunlar. Gələcəkdə narazı elektrotatı, demokratik düşüncəli insanları bir yerə toplayan hərəkat yaradılacaqsa, ola bilsin ki, mövcud siyasi partiyanın üzvləri orada qismən iştirak etsin. Yəni yeni fikir, ideya ortaya qoyan hərəkat yaradırsansa, bu, başadüşüləndir. Amma mövcud siyasi partiyaların narazı insanlarını yığıb hansısa hərəkat yaradırsansa hər şey dəyişməz qalacaq. Oturuşmuş insanları bir araya gətirməyin heç bir adı yoxdur. Bu haqqda narazılığımı bildirmişəm. Əgər nə isə yaradırlarsa KXCP-dən, onun üzvlərindən yan keçsinlər. Müsavata, KXCP-yə və digərlərinə əl uzadıb, kimlərisə öz hərəkatlarına cəlb etmək, sıralarını genişləndirmək şüursuz addımdır. Bunun adekvat cavabı özlərinə qayıdacaq. Bir daha bəyan edirəm ki, oraya qoşulanlar KXCP üzvləri deyillər".

Əli