Təmas xəttində gərginlik səngimir Siyasət

Təmas xəttində gərginlik səngimir

XİN: "Ermənistan məqsədyönlü təxribat əməlləri vasitəsilə vəziyyəti gərginləşdirmək siyasəti yürüdür"

Müdafiə Nazirliyi: "Azərbaycan öz ərazilərində istənilən hərbi texnikadan istifadə edə bilər"

"Azərbaycan Silahlı Qüvvələri ölkənin əraziləri daxilində ixtiyarında olan istənilən hərbi texnikadan, o cümlədən pilotsuz uçuş aparatlarından, helikopterlərdən, təyyarələrdən, kosmik peyklərdən və digər vasitələrdən istifadə edə bilər və edir".
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ermənistan mətbuatında Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti üzərində yanvarın 12-də Azərbaycan Silahlı Qüvvələrinə aid pilotsuz uçuş aparatlarının uçuşlarının qeydə alınmasına dair yer alan məlumatlara aydınlıq gətirərkən bildiriblər.
Nazirlik bəyan edir ki, cəbhə xəttində Azərbaycan uçuş aparatlarının uçuşlar həyata keçirməsi heç kim, o cümlədən Azərbaycan ərazilərini işğal etmiş Ermənistan üçün yeni bir şey deyil: "Azərbaycanın öz ərazilərində nədən, hansı texnikadan istifadə edib-etməyəcəyi ilə bağlı nə separatçı-marionet rejimdən, nə də işğalçı Ermənistandan heç nə soruşmaq və ya icazə almaq fikri yoxdur. İşğalçıların hərəkətinə nəzarət etmək üçün Silahlı Qüvvələrimiz silahlanmasında olan istənilən qurğu və vasitələrdən istifadə edib və bundan sonra da istifadə edəcək".
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən həmçinin bildiriblər ki, Ermənistanın Müdafiə Nazirliyi yanvarın 11-də dövlət sərhədi və yanvarın 12-də cəbhəboyu zonadakı vəziyyət barədə növbəti dəfə bir-birindən absurd, heç bir normal düşüncə tərzinə sığmayan, tam erməni xislətinə və məntiqinə uyğun dezinformasiya xarakterli xəbərlər yayıb.
Nazirlik bildirir ki, acı gülüş və təəccüb hissi doğuran bu cür məlumatların adət halını alması Ermənistanın öz uğursuzluğunu qarşı tərəfdə axtarması cəhdindən başqa bir şey deyil: "Düşmən öz xalqına yalanı sırımaqla yanaşı, artıq dünya ictimaiyyətini də yanlış və saxta xəbərlərlə çaşdırmağa çalışır. Ermənistanın Müdafiə Nazirliyi hansısa diversantlarla virtual döyüş aparır, guya beynəlxalq humanitar hüquqa riayət etmək şərtilə "neytral zona"da qalan "cəsəd"in götürülməsinə şərait yaradır, hətta məcburən səngərlərə gətirib yerləşdirdikləri ahıl erməni çobanın da ölümünü Azərbaycan tərəfinin üstünə yıxmağa cəhd göstərir".
Azərbaycan Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri əməliyyat şəraitinə tam nəzarət edir və müdafiənin ön xəttində yerləşən bölmələrimiz sutka ərzində heç bir itki verməyib.
Azərbaycan Xarici İşlər Nazirliyi də cəbhə xəttindəki gərginlikə bağlı bəyanat yayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Ermənistan tərəfindən məqsədyönlü təxribat əməlləri vasitəsilə vəziyyəti gərginləşdirmək, münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirmək və işğal və təcavüz əsasında yaranmış mövcud status-kvonu saxlamaq siyasəti yürüdülür.
H.Hacıyev qeyd edib ki, siyasi, iqtisadi, demoqrafik və sosial böhran şəraitində olan Ermənistan eləcə də bu kimi əməlləri ilə ölkə ictimaiyyətinin diqqətini kəskin ölkədaxili problemlərdən yayındırmaq məqsədini güdür: "Cəbhəyanı zonada gərginliyin, insan tələfatının və digər bu kimi halların baş verməsinin səbəbi Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan Silahlı Qüvvələrinin mövcudluğudur".
O, vurğulayb ki, münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün ilk növbədə Ermənistanın işğalçı qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır: "Ermənistanın destruktiv siyasətinə və məqsədyönlü təxribatçı əməllərinə son qoymaq və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını təmin etmək üçün Ermənistana münasibətdə məcburedici tədbirlərin görülməsi, o cümlədən BMT Nizamnaməsində nəzərdə tutulan sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir".