“Qarabağda mütləq müharibə baş verəcək” Siyasət

“Qarabağda mütləq müharibə baş verəcək”

"Los Angeles Times": "Dünya birliyi gözlənilməz müharibə ilə qarşılaşa bilər"

Ukrayna münaqişəsi keçmiş Sovet İttifaqı ərazisində sonuncu dondurulmuş münaqişə ola bilər.
Amerikanın "Los Angeles Times" qəzeti Dağlıq Qarabağ münaqişəsi və post-sovet məkanında həll olunmayan digər münaqişələrdən yazıb.
Nəşr son həftələr Ukrayna cəbhələrində hərəkətin tamamilə dayandığını bildirir: "Rusiyanın dəstəklədiyi separatçılar qış mövsümündə müdafiə taktikasına keçir. Bu, I Dünya müharibəsi təcrübəsini xatırladır. Görünən budur ki, Ukrayna dondurulmuş münaqişələr siyahısını doldura bilər. Belə bir vaxtda dünya Rusiyanı yalnız ittiham edir. Hansısa müdaxilədən isə söhbət gedə bilməz. 23 il öncə Sovet İttifaqı dağılanda Moldova üçün Dnestryanı, Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsi miras qaldı. 6 il öncə eyni ssenarilər Abxaziya və Cənubi Osetiyada təkrarlandı. Hər bir münaqişə ocağında qondarma yaradılmış oyuncaq hökumətlər var".
Nəşr dünyada ən qədim dondurulmuş münaqişə kimi Kəşmiri göstərir.
"Hindistan və Pakistan arasındakı bu münaqişədən 60 il keçir. Bundan başqa, Şimali və Cənubi Koreya arasındakı münaqişənin də tarixi uzaqlara gedir. Bu münaqişə ocaqları nə qədər dondurulmuş hesab olunsa da, daim partlamağa hazırdır. Biz daim tərəflər arasında silahlı qarşıdurmanın şahidi oluruq. Bununla yanaşı, Dağlıq Qarabağ münaqişəsi də dondurulmuş münaqişə adlanır. Lakin son proseslər göstərir ki, bu münaqişə hər an alovlana və bölgədə yeni müharibəyə səbəb ola bilər", - deyə nəşr bildirir.
"Los Angeles Times" Dağlıq Qarabağda müharibənin qəfil başlaya biləcəyini hesab edir. Nəşrə görə, tərəflər arasında qarşıdurma olsa da, sülh danışıqlarına sadiqlik bu vaxta qədər qalır: "Lakin dünya birliyi gözlənilməz müharibə ilə qarşılaşa bilər. Çünki hər keçən gün müharibəyə zəmin yaranır və sadəcə, kiçik bir qığılcıma bənddir. Problemə beynəlxalq cəmiyyət laqeyd yanaşır. Göründüyü kimi, dünya nə Dağlıq Qarabağ, nə də digər münaqişələrə məhəl qoyur. Burda beynəlxalq hüquq pozulub. Belə münaqişələrdə çox zaman faktiki qalib mövcuddur. Lakin bu qalibiyyət həmişəlik deyil və bir gün balans dəyişəcək. Bunun üçün də mütləq müharibə baş verəcək".
Beynəlxalq tədqiqatlar institutunun eksperti, Avrasiyada nüvə silahının yayılmasına qarşı proqramın direktoru Bryan Lee böyük dövlətlərin dondurulmuş münaqişə ocaqlarından əlavə meydança kimi istifadə etdiyini bildirib.
"Harada super dövlətlərin maraqlarından söhbət gedirsə, orda digər dünya ölkələrinə çox da söz düşmür. Ukrayna göstərdi ki, beynəlxalq hüquq zəif saplarla hörülüb və bir həmləyə qırılıb tökülür. Əgər sönmüş münaqişələr yenidən alovlanarsa, daha böyük ABŞ-Rusiya qarşıdurması yaşana bilər", - deyə Lee vurğulayıb.