Qubad İbadoğludan Mnüsavat rəhbərliyinə ağır sözlər Siyasət

Qubad İbadoğludan Mnüsavat rəhbərliyinə ağır sözlər

"Bu cılız kampaniyanı körükləyənlər, ona fətva verənlər! Qulaqlarınızı açın, yaxşı-yaxşı eşidin..."

"Sizi kişi kimi mübarizə aparmağa çağırıram"

Müsavat partiyasında davam edən gərginlik artıq təhqir müstəvisinə keçməkdədir. Bu dəfə Azərbaycan Demokratiya və Rifah hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu Müsavat rəhbərliyi ilə bağlı sərt ifadələr işlədib.
Müsavat başqanlığına keçmiş namizəd deyib: "Mən partiya Divanının 2 fevral tarixli iclasına dəvət almışam. Həmin iclasda mənim davranışlarımın partiya nizamnaməsinə uyğunluğu müzakirə olunacaq. Bu dəvəti qəbul etsəm də Bakıda olmadığıma görə iclasa qatıla bilməyəcəm. Bakıda olduğum günlərin birində Divanın növbəti toplantılarından birinə qatılıb, müzakirələrində iştirak etmək niyyətindəyəm. Bununla bağlı narahatlığım yoxdur. Mən həmişə müzakirələrə açıq olmuşam".
Q. İbadoğlu başqa məsələlərə görə narahat olduğunu qeyd edib: "Bu dəvətdən sonra artıq bir neçə gündür Müsavatın hazırkı rəhbərliyinin xüsusi təşəbbüsü və birbaşa göstərişi ilə açıq və saxta profillərlə sosial şəbəkələrdə, özlərinə yaxın saytlarda və partiya daxilində mənə qarşı çirkin kampaniyaya start verilib. Bütün cəbhə boyu hücuma keçən partiya rəhbərliyi və rəhbərliyə yaxınlığı ilə seçilən kiçik bir qrup vahid mərkəzdən idarə olunan statuslar və şərhlər yazır, qurşaqdan aşağı zərbə vurmaqla məni nüfuzdan salmağa çalışırlar. "Çamur at, izi qalsın" prinsipi ilə hərəkət edən bu kiçik qrup təhqir, şər və böhtan yolu ilə Qubad İbadoğlunu hörmətdən salacaqlarını, özlərinə hörmət qazanacaqlarını güman edirlər. Lakin bu anlayışsızlıqları ilə çox böyük səhv etdiklərinin fərqində deyillər. Bu partiya həmişə sıravi müsavatçıların sayəsində ayaqda qalıb, ən çətin zamanlarda belə şərin, nifrətin, böhtanın öhdəsindən gəlməyi, şər ocaqlarını susdurmağı bacarıb".
Q. İbadoğlu müsavatçılara ona verdikləri dəstəyə təşəkkür edib: "Fədakar müsavatçı bacı və qardaşlarım! Mənim sözüm sizədir. Siz kimin həqiqətlə, halallıqla, kimin yalanla, haramla, oğurluqla mövqe qazandığını yaxşı bilirsiniz. Mən sizin sağlam məntiqinizə, böyük ədalətinizə və Müsavat ideyasına olan sarsılmaz inamınıza, sədaqətinizə güvənirəm. Bilirəm ki, sosial şəbəkələrdəki bu iyrənc kampaniyanın əsl məqsədini yaxşı anlayır, suyu bulandıranların kimlər olduğunu gözəl dərk edirsiniz. Sosial şəbəkələrdə bu qeyri-insani kampaniyaya fitva verənlərin həmin iyrənc şərhlərə yazılan əks mövqeli rəyləri anındaca sildiklərini, məhdud tərəfdarlarını bu işlərə cəlb etmək üçün ilan kimi qabıqdan çıxdıqlarını sizə anlatmağa da lüzum görmürəm. Siz yaxşı bilirsiniz ki, həyatını bu kimi cılız kampaniyalara sərf edənlər böyük ideya və amal sahibləri ola bilməzlər. Şərəfli müsavatçı adının daşıyıcıları isə heç bir zaman ola bilməzlər. Bu çirkin kampaniyanı başlatmaqda onların bir əsas məqsədi var: məni hövsələdən çıxarmaq, təmkinimi itirməyimə nail olmaq!"
Q. İbadoğlu qarşı tərəfin şərəf və ləyaqət anlayışına zidd olan statuslarına, böhtan dolu söz-söhbətlərinə heç bir zaman onların səviyyəsində cavab verməyəcəyini bildirib: "Bu cılız kampaniyanı körükləyənlər, ona fətva verənlər! Qulaqlarınızı açın, yaxşı-yaxşı eşidin, bunu görməyəcəksiniz! Sizi bir daha bu çirkin metodlardan çəkinməyə çağırıram. Əgər vicdanınız varsa, onu itirməmisinizsə, səsini dinləyin və bu kampaniyanı dayandırın. Sizi kişi kimi mübarizə aparmağa çağırıram!".
"Müdafiə Komitəsinin formalaşmasında hələ ki iştirak etmirəm. Çünki buna müsavatçılar tərəfindən təşəbbüs göstərilib",-deyən Qubad İbadoğlu vurğulayıb ki, məsələ ilə bağlı toplantı keçirilib: "Əslində Müdafiə Komitəsinin yaradılması üçün təşəbbüs əvvəlcədən var idi. Sadəcə olaraq, keçən həftənin 6-cı günü toplaşıb müzakirə etdik".
Qubad İbadoğlu tərəfdarlarının Müsavat Partiyasından uzaqlaşdırılmasına da aydınlıq gətirib: "Qubadlı rayonundan 2, Sumqayıtdan 1, Qaradağ rayonundan 1 və Səxavət Əlisoy daxil olmaqla 5 nəfər mənə görə Müsavat Partiyasından uzaqlaşdırılıb. Buna etiraz əlaməti olaraq istefa verənlərin sayı onlarladır".
Başqanlığa keçmiş namizəd ötən həftənin 6-cı günü Müsavatın indiki və keçmiş başqanları Arif Hacılı və İsa Qəmbərlə görüşmək üçün etdiyi təklifə verilən cavabın məqsədəmüvafiq olmaması barədə səslənən fikirləri də dilə gətirib: "Bununla əlaqədar olaraq bu gün Müsavat Partiyasının Divanına və Mərkəzi Nəzarət Təftiş Komissiyasına şikayət ərizəsi yəni müraciət hazırlamışıq. Həmin müraciətə təxminən 20-yə yaxın partiya üzvü imza atıb. Sənədə partiyanın bizim müraciətlərə cavab verməməsi, fəaliyyətsizliyi, sonda cavab verib bizim tədbiri keçirməyimizi məqsədəmüvafiq hesab etməməsinə etiraz bildirilir. Qeyd olunur ki, bu, müsavatdaxili demokratiyanın olmaması, fikir, söz azadlığının pozulması, müsavat üzvlərinin hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilir. Xahiş edirik ki, Müsavat Partiyasının divanı bununla bağlı izahat versin. Mərkəzi Nəzarət Təftiş Komissiyası da müsavatçıların hüquqlarının pozulması hallarına münasibətini bildirsin. Konkret olaraq, bizim təklif verdiyimiz tədbirin keçirilməsini nəyə görə məqsədəmüvafiq olmaması ilə bağlı partiya rəhbərinin qərarının nizamnamə norması ilə dəyərləndirsin ki, hansı nizamnamə normasına ziddir".

Əli