3 partiya müxalifətin yeni yaradılan blokuna qoşulmadı Siyasət

3 partiya müxalifətin yeni yaradılan blokuna qoşulmadı

Əvəz Temirxan: "Acıq etməmişik, sadəcə parçalanmada tərəfə çevrilmək istəmədik"

Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunan 11 partiyadan 8-i seçki bloku yaradıb. Bu barədə "Trend"ə Mərkəzdə təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.
Onun sözlərinə görə, bloka Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Azad Demokratlar, Vətəndaş və İnkişaf, Azərbaycan Liberal Demokrat, Aydınlar, Azadlıq və Böyük Azərbaycan partiyaları qoşulub. Yerdə qalan 3 partiya - Azərbaycan Demokrat, Ümid və Müsavat partiyaları isə bloka qoşulmaqdan imtina edib.
Ə.Oruc qeyd edib ki, 3 partiya indiki dövrdə bloka qoşulmağa hazır olmadıqlarını bildiriblər.
ADP sədri Sərdar Cəlaloğlu bundan əvvəl bildirmişdi ki, Mərkəzdə təmsil olunan partiyalar arasında fikirayrılığı var və bu da ondan ibarətdir ki, partiyalar ayrı-ayrılıqda, başqa bir müstəvidə, başqa bir razılaşma ilə seçkiyə getmək istəyirlər: "Yəni hamı bir yerdə getmək, hamı eyni taleyi bölüşmək istəmir. Partiyalar arasında ideoloji yönümdə də fərqlilik mövcuddur. İdeoloji baxımdan uyğun olan partiyalar bir yerdə getmək istəyir. Biz Ümid Partiyası ilə bir yerdəyik. Biz Ümid Partiyası, Azərbaycan Demokrat Partiyası və Müsavat Partiyasından ibarət bir blok şəklində getməyi daha məqsədəuyğun hesab edirik".
Azərbaycan Liberal Partiyası sədri Əvəz Temirxan publika.az-a deyib ki, təmsil etdiyi partiya bu seçki blokuna qatılmaqdan imtina edib.
ALP sədri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun "ALP Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzindən acıq edib getdi" sözlərinə belə münasibət bildirib: "Mərkəzdən acıq etmək üçün səbəb yox idi. Sadəcə toplantı İntiqam Əliyev və digər həbsdə olan hüquq müdafiəçilərinin müdafiəsi ilə bağlı idi. Lakin parçalanmanı gördük və bu prosesdə tərəfə çevrilmək istəmədik".