Ağ Evin sükutu... Siyasət

Ağ Evin sükutu...

Sahib Alıyev: "Obama adminstrasiyası Rusiyanı işğalçı kimi qiymətləndirirsə Azərbaycan torpaqlarının 20 faizini ələ keçirən Ermənistan haqda niyə bunu demir?"

Astan Şahverdiyev: "ABŞ heç bir güclü dövlətə real təsir etmək iqtidarında deyil"

Elşad Mirbəşiroğlu: "Bu, ABŞ siyasətinin ikili standartlarının göstəricisidir"

Bu gün dünyada baş verən konfliktlərin başında ABŞ-ın dayandığı iddia olunur. Bəzi fikirlərə görə, dünyada baş verən iqtisadi böhran da ABŞ tərəindən idarə olunur. Onu da əlavə eədk ki, fevralın 12-də ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələr keçiriləcək.
Millət vəkili Sahib Aliyev öz "facebook" səhifəsində yazıb ki, Amerikanın yeni təhlükəsizlik strategiyasında Ukraynada etdiyi hərəkətlərə görə Rusiya işğalçı kimi qiymətləndirilir: "Buna son qoyması üçün Moskvaya qarşı informasiya savaşı, eləcə də sanksiya tədbirlərinin davam etdiriləcəyi, NATO-nun infrastrukturlarından faydalanmaqla Ukrayna, Gürcüstan və Moldovanın təhlükəsizliklərinin gücləndiriləcəyi vurğulanır".
Deputatın sözlərinə görə, bu zaman onların enerji təhlükəsizliyi məsələsi də ayrıca qabardılır: "Gürcüstanın enerji təhlükəsizliyinin kimdən asılı olduğu aydındır. O da aydındır ki, nədən təhlükəsizliklərinin gücləndirilməsinin önəmliliyi vurğulanan ölkələr sırasında onların üzləşdikləri durumla, yəni separatçılıqla üzləşən Azərbaycanın adı yoxdur. Aydın olmayan budur ki, indi Ukraynada baş verənləri ermənilər 22-23 il öncə bizim torpaqlarımızda ediblər. Maraqlıdır, əgər Obama adminstrasiyası Rusiyanı işğalçı kimi qiymətləndirirsə, Azərbaycan torpaqlarının 20 faizini ələ keçirən və ələ keçirdiyi torpaqlarda etnik təmizləmə siyasəti yeridən Ermənistan haqda niyə bunu demir? Bu cür ikili standartlardan çıxış edən bir dövlətin Minsk qrupuna həmsədrlik etməyə mənəvi haqqı varmı? Ümumiyyətlə, Minsk qrupu həmsədrlərindən kiminsə haqqında "o, obyektiv və ədalətlidir" demək mümkündürmü?"
Millət vəkili Astan Şahverdiyev bildirib ki, ABŞ heç bir güclü dövlətə real təsir etmək iqtidarında deyil: "Biz dünyada baş verən bir sıra olaylar zamanı gördük ki, ABŞ hətta təsir etsə belə, bütün bunlar effekt vermir. Çünki atılan bütün addımlar yalnız ABŞ-ın maraqlarına xidmət edir". Fevralın 12-də ABŞ Konqresində Azərbaycanla bağlı keçiriləcək dinləmələrin əsl mahiyyətindən danışan millət vəkili qeyd edib ki, Azərbaycan, bizim dövlətimiz möhkəm sütunlar, sağlam ideologiya üzərində qurulub: "Heç bir dövlətdən də siyasi, iqtisadi və hər hansı bir asılılığımız yoxdur. Biz ABŞ-ın daxili işlərinə qarışmadığımız kimi, ABŞ da bizim dövlətçiliyimizə hörmətlə yanaşıb daxili işlərimizə qarışmamalıdır. ABŞ öz problemlərini həll etmək üçün çalışmalıdır. Ancaq biz görürük ki, bu dövlətin dünyaya təlqin etdiyi siyasət xalqlara yalnız bəlalar və fəlakətlər gətirir. Eləcə də ABŞ konqresində Azərbaycanla bağlı hər hansı bir məsələnin müzakirəyə çıxarılması da ciddi bir amil deyil. Bizim öz qanunverici orqanımız var, lazım olsa, bu orqanlarda istənilən məsələ müzakirə olunar. Sadəcə müştəbehlik etməsinlər. ABŞ böyük dövlətdir, ancaq bu tip addımlarla özünü çox cılız və qeyri-ciddi görkəmə salır".
Millət vəkili A.Şahverdiyev onu da əlavə edib ki, bu il Azərbaycanda seçki ilidir, ona görə də ölkəmizə qarşı qeyri-obyektiv, qərəzli yanaşmalar hələ bundan sonra da çox olacaq.
Politoloq Elşad Mirbəşiroğlu deyib ki, ABŞ dövlət rəsmisi Lük Koffinin Dağlıq Qarabağ münaqişəsinin region üçün təhlükəli olması barəsindəki sözlərinin arxasında ABŞ-ın real hərəkəti durmalı idi. Onun sözlərinə görə, ABŞ Ermənistanın təcavüzkar siyasətinə göstərdiyi dəstəyi ona və Dağlıq Qarabağdakı separatçı rejimə etdikləri yardımlarla bir daha sübuta yetirdi: "Mən hesab edirəm ki, bu, ABŞ siyasətinin ikili standartlarının göstəricisidir. ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik də fəaliyyətə başladığı gündən etibarən çox ümidverici çıxışlar edib və münaqişənin həll olunmasının vacibliyini dəfələrlə bildirib. Amma sonradan o da digər həmsədrlər kimi fəaliyyətsizlik nümayiş etdirdi və mənasız bəyanatlar verməklə işini bitmiş saydı. Ümumiyyətlə, indiki şəraitdə hər bir ABŞ rəsmisinin fikirləri eyni məzmunda olur. Bütövlükdə ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olmaqla münaqişəyə obyektiv yanaşmalıdır. ABŞ işğalçı və işğala məruz qalan tərəf arasında fərq qoymalıdır. Hesab edirəm ki, Lük Koffinin bu bəyanatı da heç bir əhəmiyyət daşımır".
"Ümid edirəm ki, ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekuta öz fəaliyyətində iki ölkə arasında münasibətlərin inkişafı mənafeyinə xidmət göstərəcək". Bunu isə politoloq Elman Nəsirov deyib. Politoloq bildirib ki, hər şey yeni səfirin davranışından asılı olacaq: "Hər bir səfirin şəxsi keyfiyyətlərinin dövlətlərarası münasibətlərin sonrakı inkişafına və ya əksinə, problemlərin yaranmasına təsiri var. Amma səfir ABŞ Dövlət Departamentinin işçisidir, Senatda və ABŞ prezidenti tərəfindən təsdiqlənir. Bu baxımdan o, ABŞ-ın milli maraqlarını həyata keçirir. Yəni, ABŞ administrasiyasının müəyyən etdiyi siyasi kursu həyata keçirir". E. Nəsirov qeyd edib ki, səfirlərin fərdi xüsusiyyətlərinin də ölkələr arasındakı münasibətlərin formalaşmasında mühüm rolu var: "Elə səfirlər var ki, təxribatçı informasiyaları ABŞ-a ötürməklə münasibətlərin gərginləşməsinə xidmət göstərir. Ümid edirik ki, ABŞ Azərbaycanın regiondakı rolu və yerini bir daha qiymətləndirib, indiki geopolitik vəziyyəti, xüsusilə Rusiya ilə qarşıdurma, Ukrayna böhranı fonunda yaranmış gərginliyi və bu kimi digər amilləri nəzərə alacaq, Azərbaycanın regionda əhəmiyyətini bir daha dərk edəcək. Ümid edirəm ki, Robert Sekuta öz fəaliyyətində iki ölkə arasında münasibətlərin inkişafı mənafeyinə xidmət göstərəcək".

Əli