“Ermənistanda qan töküləcək” Siyasət

“Ermənistanda qan töküləcək”

Ərəstun Oruclu: "Yüksək ehtimalla Sərkisyan hakimiyyətdən gedəcək, çünki Kreml faktiki olaraq onun fitvasını verib"

"Ermənistanda bu vəziyyətin yaranacağını öncədən proqnozlaşdırmışdıq. Hər halda bu, artıq baş verib". Bu sözləri Axar.az-a açıqlamasında politoloq Ərəstun Oruclu son günlər İrəvanda müxalifət-iqtidar qaşıdurmasının kəskin hal almasını şərh edərkən deyib.
Vəziyyəti şərh edən politoloq Ermənistanda dəyişiklik olacağının gözlə görünən bir proses olduğunu bildirib: "Bunun arxasında çox ciddi səbəblər dayanır. Bütövlükdə prosesin arxasında duran Rusiyadır. Bu birmənalıdır. Çünki Çarukyan başda olmaqla bugünkü birləşmiş erməni müxalifəti birbaşa Kremlə bağlıdır və oradan idarə olunur. İndiyə qədər müəyyən mənada bir kompromis mövqe tutub dururdular. Hakimiyyətin müxalifətə qarşı atdığı addımlar göstərdi ki, artıq atəşkəs dövrü başa çatıb və Ermənistan müxalifəti birbaşa hakimiyyət uğrunda mübarizə mərhələsinə keçməklə bağlı komanda alıb. Təbii ki, hakimiyyət də bunun qarşısını almaq üçün müvafiq addımlar atdı və atmaqda da davam edir. Hesab edirəm ki, proses böyük ehtimalla Sərkisyanın ziyanına bitəcək və o, hakimiyyətdən getməli olacaq. Burada da hər şey ilk növbədə Moskvanın tutacağı mövqedən asılıdır. Əgər Kreml prosesə açıq müdaxilə edərək erməni müxalifətini dəstəkləyərsə, bu, Sərkisyanın hakimiyyətdən daha tez getməsinə şərait yaradacaq".
Politoloqun sözlərinə görə, Moskvanın prosesə açıq şəkildə müdaxilə etməyəcəyi ehtimalı daha yüksəkdir: "Ona görə ki, bütün avtoritar dövlətlərdə inqilab və zorakılıq yolu ilə dəyişiklik müəyyən qarşıdurmalara və ölümlərə gətirib çıxarır. Moskva Ermənistanda qan tökülməsinin səbəbkarı olmaq istəmir. Çünki onsuz da Ermənistanda nüfuzdan düşüb. Bundan sonra da qan tökülməsinin arxasında açıq şəkildə görünərsə, təbii ki, bu, erməni cəmiyyətində Rusiyaya qarşı düşmənçiliyi artıracaq. Buna görə də Kreml ən azı üzdə bu prosesdən məsafələşməyə və marağını göstərməməyə çalışacaq. Ancaq yenə də hər iki halda qan töküləcəyini istisna etmirəm. Nəticədə yüksək ehtimalla Sərkisyan hakimiyyətdən gedəcək. Çünki artıq faktiki olaraq onun fitvası verilib".