Müsavat-ADR qarşıdurmasında növbəti olay... Siyasət

Müsavat-ADR qarşıdurmasında növbəti olay...

Hüseyn Məlik: "Müsavatda kadr məsələsinə Mustafa Hacıbəyli baxır"

"Amma Mustafa özü də bilir ki, Xəyyamdan sədr olmaz. Sadəcə olaraq, onun gəncliyindən istifadə edərək başını aldatdılar


ADR-in təşkilatlanmada qərarlı olduğundan sonra bu qurumda da maraqlı proseslər başlayıb və bəzi məlumatlara görə, atılan addımlar Müsavatla əlaqələndirilir. Bunun toplantı ərəfəsində olması şübhələri daha da artırır. Müsavat Partiyasının VIII qurultayının nəticələrini qəbul etməyən narazılar Qubad İbadoğlunun rəhbərliyi altında yeni hərəkat yaradır. Hazırda ADR və Müsavatın yeni rəhbərliyi arasında sərt mübarizə davam edir. Bu baxımdan, təsis konfransında iki gün qalmış belə bir bəyanatın verilməsi bunun Müsavat rəhbərliyinin hərəkata zərbə vurmaq addımı olduğu ehtimalını gücləndirir.
Qeyd edək ki, bir neçə gənc Azərbaycan Demokratiya və Rifah hərəkatından istefa verdiklərini açıqlayıb. ADR hərəkatının Gənclər üzrə Təşəbbüs Qrupunun sədri Xəyyam Məmməd, qrupun üzvləri Ceyhun Bəhramov, Vüsal İsayev, Asiman Əlili, Əfqan Əhmədovun imzaladıqları bəyanatda deyilir: "Baş verən proseslər hərəkatın milli-ideoloji baxımdan bizim milli-ictimai baxışlarımız ilə üst-üstə düşmədiyini göstərdi. Biz həm də öz gizli maraqlarını güdən, bu maraqları naminə bütün çirkin oyunlara gedən məlum dünya gücləri ilə yaxınlaşmayan, ancaq millətimizin milli-mənəvi iradəsinə söykənən bir təşkilatda təmsil olunmaq üçün ADR-i seçdik. Amma bunun əksinə olaraq, ADR hərəkatının açıq qərbmeylli mövqeyi bizi bir daha düşünməyə vadar etdi. Bu səbəbdən biz elan olunmaq mərhələsini yaşayan ADR hərəkatının iştirak, təşkilatlanma və quruculuq prosesindən rəsmən ayrıldığımızı bəyan edirik".
ADR Təşkilat Komitəsinin üzvü Səxavət Əlisoy isə istefaları təkzib edib. Onun sözlərinə görə, istefa bəyanatı bir nəfər tərəfindən yazılıb: "Digərlərini də ora əlavə ediblər. Yəni onların adından istifadə ediblər. İstefa verən təkcə Xəyyam Məmmədovdur. Onunla mən söhbət etmişəm, bir qədər psixoloji çatışmazlığı var. Onun hərəkətləri haqda söhbət açmaq istəmirəm. Ona uğurlar arzulayıram. Amma o, bilmədiyi oyunların qurbanı oldu".
S. Əlisoy sabah keçiriləcək təsis konfransında gənclərin də iştirak edəcəyini deyib.
Müsavata yaxın mənbə isə mətbuata maraqlı məlumatlar ötürüb. Məlumata görə, Xəyyam Məmmədov istefa bəyanatını yaymamışdan öncə Müsavat Partiyasının qərargahında olub. Onun başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli ilə görüşdüyü deyilir. "Mustafa bəy Xəyyama Müsavatın Gənclər Təşkilatının sədri postunu vəd edib. Əvəzində Xəyyam ADR-dən istefa verməli və bunu ictimailəşdirməli idi. Bu, Müsavatın Qubad İbadoğluya zərbəsi olmalı idi", - deyə mənbə vurğulayıb.
ADR üzvü Hüseyn Məlik də məlumatı təsdiqləyib: "Xəyyam bir qədər yolunu tapmayan gəncdir. Onun dünən Müsavatın qərargahında olduğu faktı dəqiqdir. Bilirik ki, Mustafa bəy onu qəbul edib və Gənclər Təşkilatının sədri postunu vəd edib. Çünki Müsavatda kadr məsələsinə Mustafa baxır. Kimi hara lazımdırsa, o təyin edir. Amma Mustafa özü də bilir ki, Xəyyamdan sədr olmaz. Sadəcə olaraq, onun gəncliyindən istifadə edərək başını aldatdılar. Amma bu ADR-ə heç bir təsir etmir. Hərəkatımız öz yolunu davam etdirir və sabah təsis konfransı keçiriləcək".
Məlumata görə, ADR-in bu günkü konfransında Müsavatın rayon təşkilatlarının istefası ilə nəticələnəcək müraciət yayılacaq.
"Bəzi mətbu orqanları Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatından bir qrup gəncin ADR Hərəkatının strateji kursunun Qərb yönümlü olmasına etiraz əlaməti olaraq istefa verməsi ilə bağlı yanlış məlumatları dərc ediblər". Bunu isə Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu deyib. O bildirib ki, bu məsələyə aydınlıq gətirmək üçün onların nəzərinə aşağıdakıları çatdırmaq istərdim:
"Əvvəla, ADR Hərəkatı hələ yaranmayıb, indiyə qədər reallaşdırılan fəaliyyətlər onun təsis olunması üçün həyata keçirilirdi, fevralın 21-də saat 9.30-dan 13-dək Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək 1-ci (təsis) konfransında 2 nəfərin iştirak etməməsi nə isə dəyişmir. İkincisi, ADR Hərəkatını strateji kursunu onun təsisçiləri 1-ci konfransında müəyyənləşdirəcəklər. Belə olan halda müəyyən olmayan strateji kursa etiraz edərək təsis edilməyən Hərəkatdan istefa vermək barədə bəyanat həddindən çox absurd və qərəzli görsənir".
Qubad İbadoğlu həmçinin bəzi üzvlərinin istefasına münasibət bildirərkən "Xəyyam Məmməd təxminən 5 gün əvvəl, mən səfərdə olanda öz təşəbbüsü ilə ADR-in "Gənclər Qrupu"nu yaradıb. Onun bu istiqamətdə təşəbbüsü və sədr seçilməsi üçün cəhd göstərməsi ilə dünənki açıqlaması arasında bir məntiqsizlik var. Yəni ki, bu adam həqiqətən səmimi olsaydı, bununla bağlı heç bir müzakirədə iştirak etmədən, siyasətimiz, kursumuz barədə heç bir sənəd ortada olmadan belə gülünc bəyanatla çıxış etməzdi. Məqsədli şəkildə özü bu prosesə qoşulub, əvvəldən də hərəkətlərində şübhə doğuran məqamlar var idi",-deyə bildirib. O, X. Məmmədin başqa məqsədlərinin olduğunu əvvəlcədən hiss etdiklərini söyləyib: "Mənim burada olmamağımdan istifadə edərək belə bir təşəbbüs qrupunun yaradılması ideyası ilə çıxış edib. Gənclər qrupuna sədr seçilmək üçün hər vasitəyə əl atmışdı. Mənə verilən məlumata görə, onun açıqladığı siyahıda olan 5 nəfərdən 3-ü istefadan xəbərsiz olduğunu bildirib. Səfərdən qayıtdıqdan sonra onunla görüşməmişəm, aramızda heç bir müzakirə olmayıb. Özü iclaslarda iştirak etmək üçün cəhd edirdi. Biz dəfələrlə ona xatırlatmışıq ki, siz Təşkilat Komitəsinin üzvü deyilsiniz, o isə bildirirdi ki, mənə maraqlıdır. Bundan sonra biz müəyyən mənada hiss edirdik ki, bu şəxsin başqa məqsədləri də var".
Qeyd edək ki, X. Məmməd yaydığı bəyanatda ADR-in tutduğu mövqenin milli deyil, qərbyönümlü olduğu üçün hərəkatdan ayrılmaq haqqında qərar verdiklərini vurğulayıb.
Müsavat Partiyasının qurultayından narazı qalan üzvlər isə partiya daxilində fraksiya yaratmaqla özlərini təhlükəyə atmaqdan ehtiyatlanırlar. Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslı bildirib ki, Müsavat Partiyasında hazırkı vəziyyəti nəzərə alaraq fraksiya məsələsində diqqətli olmağa çalışırlar: "Qubad İbadoğlunun partiyadan çıxarılmasından sonra ara qarışıb, bildiyiniz kimi, mən də Qubad bəyin partiyaya bərpası ilə bağlı şikayət vermişəm. İstəyirik ki, bu məsələyə aydınlıq gəlsin. Tələm-tələsik addımlar atıb həm uğursuz iş görmək istəmirik, həm də tərəfdarlarımızın cəzalandırılması üçün bəhanə vermək istəmirik".
Onun sözlərinə görə, fraksiya məsələsi elə şeydir ki, sabah da elan etmək olar: "Amma bunun ardı gəlməyəcəksə və yaxud bu addım mən də daxil olmaqla tərəfdarlarımızı partiya daxilində təhlükəyə atacaqsa, yəni illərini partiyaya qoymuş adamları təhlükəyə atacaqsa, bir az düşünmək lazımdır. Ən azı düşünmək lazımdır ki, qurultayda 200 səs yığmış adamı, yəni qurultay nümayəndələrinin yarısının səsini qazanmış adamı bir anda partiyadan çıxartdılar və heç bir narahatlıq keçirmədilər. Odur ki, məsələlər xeyli qəlizləşib. Düzdür, fraksiya yaratmaq nizamnaməyə zidd deyil, heç kim burada nizamnaməyə zidd addım tapa və bunu bizə sübut edə bilməz. Amma nəzərə alsaq ki, Mərkəzi Nəzarət-Təftiş Komissiyası da bunlardadır, Məclisin səs çoxluğu da bunlardadır, Divan da bunlardadır, məcbur olursan ki, yüz ölçüb bir biçəsən".

Əli